Qanlı keçmişini xatırlamaq istəməyən Fransa - ŞƏRH

10:29 03.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Liqasının 31-ci Zirvə toplantıısnda fəxri qonaq olaraq iştirak etmək üçün Əlcəzairə səfəri çox böyük önəm daşıyır, xüsusən də indki qarmaqarışıq zamanda. Dövlət başçısının istəır Zirvə toplantısında çıxışı zamanı işlətdiyi ifadələr, istərsə də Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsi Azərbaycana qarşı mövqe sərgiləyən ölkələrə ciddi ismarıc sayıla bilər.

Tutarlı cavab

Əlcəzairi məhz Milli Azadlıq Günündə ziyarət etməsindən qürur duyduğunu dilə gətirən Prezident İlham Əliyev Şəhidlər memorialının və Mücahidlər Muzeyinin acı təəssüratlarından söz açıb və açıq-aşkar bildirib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. “Fransa yüz ildən artıq müddətdə Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb və nəticədə 1,5 milyon əlcəzairlinin həyatına son qoyulub. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”, – Prezident İlham Əliyev deyib.

Fikrimcə, dövlət başçısının Fransa rəhbərliyinə vaxtında və yerli-yerində verdiyi bu cavab anti-Azərbaycan mövqeyi sərgiləyən bütün ölkələrə və qruplara yaxşı dərs olacaq. Çünki öz qanlı keçmişlərini xatırlamaq istəməyən Fransa və himayə etdiyi Ermənistan kimi irticaçı ölkələrin qarşısında dayanmağın artıq vaxtı çatıb. Çox vaxt bunu Azərbaycandan dəfələrlə böyük dövlətlər edə bilmədiyi halda, Azərbaycan prezidenti bütün əzilən cəmiyyətlərin demək istədiyini dünyaya çatdırdı. 

Prezident İlham Əliyev irili-xırdalı ərəb ölkələrinin liderləri qarşısında Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi soyqırım siyasətini bütün çılpaqlığı ilə ortaya qoydu və təəssüf ki, dünyanın özünü adil demokratik hesab edən Fransa kimi cəmiyyətlərinin bu vandallığı görməzdən gəldiyinə eyham vurdu. Amma əlbəttə, düşmən qarşısında heç vaxt geri çəkilməyən Azərbaycan həmin torpaqları 44 günlük Vətən savaşı nəticəsində geri qaytardı və hazırda 30 il sürəkli şəkildə tarmar edilən bu insan nəfəsinə möhtac qalmış torpaqlara yeni nəfəs verməkdədir.

Prezident İlham Əliyev çıxışı boyunca Ermənistanın 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarında etdiklərini vaxtilə Fransanın Əlcəzairdə törətdiyi vəhşiliklərlə müqayisə edib ki, bu da rəsmi Parisə tutarlı cavabdır. “10 min kvadratkilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta bizim əcdadlarımızın qəbirləri dağıdılmışdı. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə məhv edilib. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür” deyən cənab Əliyev bildirib ki, Mücahidlər Muzeyini ziyarət edərkən ona tükürpədici məlumatlar verilib. Məsələn, deyilib ki, Fransanın işğalı dövründə fransızlar Əlcəzair torpaqlarına 5 milyondan çox mina basdırıbmış. Eynilə Fransanın himayə etdiyi Ermənistan kimi. Axı ermənilər də Azərbaycan torpaqlarına bir milyondan çox mina basdırıblar.

Bu arada, bilməyənlər üçün bu muzey barədə qısaca məlumat verim: Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb.

Kədər və qürurun obrazı

92 metr hündürlüyü olan Şəhidlər abidəsinin altında yerləşən və 1984-cü ildə açılmış muzeyin kolleksiyasının böyük hissəsi ölkənin Fransa tərəfindən işğalına və 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunub. Burada o dövrü tərənnüm edən rəsmlərlə yanaşı, müstəmləkəçiliyə qarşı mübarizə aparmış əlcəzairli mücahidlərə aid silahlar, arxiv materialları və döyüş əşyaları, fotoşəkillər və sənədlər, həmçinin müqavimət dövründə fransızların xalq hərəkatı iştirakçılarını cəzalandırmaq üçün istifadə etdikləri edam alətləri nümayiş olunur. Fransa müstəmləkəçiliyinə qarşı hərəkata rəhbərlik etmiş Əmir Əbdülqadirin (Əbdülqadir İbn Muhyiddin) şəxsi əşyaları və silahları, onun 1853-cü ildə fransız rəssam Anj Tisye tərəfindən çəkilmiş və yalnız 1976-cı ildə Fransa tərəfindən ölkəyə qaytarılmış portreti muzeyin ən çox ziyarət olunan kolleksiyaları sırasındadır. Muzeydə xalq hərəkatının 7 mindən çox iştirakçısının şahid ifadələri toplanıb…

Bir sözlə, Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir. Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, hesab edirəm ki, Ermənistan məhz Fransanın vaxtilə Əlcəzairdə həyata keçirdiyi işğalçılıq siyasətini 30 ilə yaxın müddətdə Azərbaycan ərazisində qüsursuz təkrar edib. Adından göründüyü kimi, mahiyyətləri də eynidir, qəddar davranışları, dağıtmaq, məhv etmək, yerli milli irsləri yox etmək üsulları da. Çox qəribədir ki, Afrikanın ərazi baxımından ən iri subyekti olan və zamanında 11 milyon insanın yaşadığı Əlcəzairə adi mədəni muxtariyyəti belə verməyən, bu torpaqları özünün dənizaşırı torpaqları hesab edən qəsbkar Fransa bu gün Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda yaşayan bir ovuc erməniyə müstəqillik tələb edir.

Qeyd etdiyimiz kimi, Fransa ordusu öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Eyni cinayətlər Qarabağda yaşayan və erməni işğalına qarşı çıxan azərbaycanlılara qarşı da həyata keçirilib. Məsələn, 1832-ci ildə Əlcəzairin Fransa tərəfindən işğal edilməsinə qarşı çıxan Əl-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Müqayisə üçün, 1992-ci ildə Xocalıda da eyni hadisə yaşanıb - əliyalın insanları qəfil haqlayan ermənilər uşaq-böyük, qadın-kişi fərqi qoymadan öldürüb və ya soyqırım törədiblər.

Öldürməkdən həzz alan fransızlar

Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. O zaman on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxır. Fransa polisinin atəş açması və hətta insanları Sena çayına atması nəticəsində 1500-dək əlcəzairli qətlə yetirilib, mindən çoxu həbs olunub. “Sena qətliamı” kimi anılan bu qırğına qarşı nə yazıq ki, Fransa hakimiyyəti səsini çıxarmayıb. Eyni vəhşi münasibəti ermənilər də azərbaycanlılara qarşı göstərib. 1992-1993-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən soyqırım və qətliamlar, əslində, 1945-ci ildə Setif, Gelma və Harrata bölgələrində, eləcə də 1961-ci ildə Parisdə törədilən qətliamların məntiqi davamıdır. Sadəcə bunu fransızlar yox, qan qardaşları olan ermənilər törədiblər. Ən pisi isə odur ki, Fransa kimi Ermənistan da törətdiyi qətliamların məsuliyyətini öz üzərinə götürmür və dünya da onları kənardan, sanki belə də olmalıymış kimi, seyr edir.

Fransanın müasir dünyaya gözdağı olan, amma bunu “mədəni və müasir fransızların mədəniyyəti” hesab etdiyi, Parisdəki “İnsan Muzeyi” (Musee de l'Homme) sanki yeni nəsillərə öldürməyi, qəsb etməyi atalarından qalan miras kimi təlğin etməkdədirlər. Bu gün həmin muzeydə Fransanın vaxtilə müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin kəlləsi nümayiş etdirilir. Hansı ki, onlardan 500-ü əlcəzairlilərə məxsusdur. Ən pisi odur ki, fransızlar bu gün əlcəzairlilərin və digər zamanında müstəmləkə olan xalqların övladlarının quru kəllələrini turistlərə seyr etdirməklə ildə milyonlarla avro pul qazanırlar. Görünür, öldürdükləri insanların sür-sümüyünə baxıb fəxr edən qaniçən fransız milləti himayə etdiyi ermənilərə də qəddar olmağı öyrədiblər. Günümüzdə Azərbaycanın azad olunmuş ərazilərində də erməni vəhşiliyinin qurbanı olanların kütləvi məzarlıqları aşkarlanır. Bu mənada, prezident İlham Əliyevin Əlcəzairdən dünyaya çağırışı çox önəmlidir: qaniçən ölkələrin işğalçılıq. Qəsbkarlıq siyasəti qarşısında hamı birləşməlidir ki, keçmişdə yaşanan soyqırımlar bir daha baş verməsin.

Başqalarının dərdini öyrənin

Cənubi Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin director müavini Fuad Çıraqov deyir ki,  44 günlük Vətən müharibəsi zamanı dəfələrlə fransızdilli səhifələrdə və informasiya resurslarında bir məqamın şahidi olub: “Fransa rəhbərliyi və informasiya resursları Azərbaycan əleyhinə çıxırdı, ermənilərin mövqeyini müdafiə edən yazılar, şərhlər, ittihamlar və sair yayılırdı. Onlara cavabı isə fransızdilli, keçmiş Fransa koloniyalarından olan qaradərili, ərəb, müsəlmanlar və qeyri müsəlmanlar verirdilər. Ola bilər detalları və nüansları bilmirdilər, amma anlayırdılar ki, fransızlar yalan deyir və bacardıqları qədər Azərbaycanı müdafiə etməyə çalışırdılar”…

F.Çıraqov bu fikri xatırlatmağının səbəbi olaraq Prezident İlham Əliyevin Əlcəzairə səfəri zamanı Milli Mücahidlər Muzeyində xatirə kitabına yazdıqlarını qeyd edir. Bildirir ki, cümlələr və ifadələr xüsusi seçilib və Makronun sonuncu çıxışına, eləcə də Fransa senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifinə cavabdır.

“Amma əsas məsələ bu mövqeyin, bu yazılanların sabah Əlcəzairin fransızdilli media resursları ilə bütün fransızdilli informasiya məkanına, yuxarıda göstərdiyim qaradərili, ərəb, müsəlman, qeyri-müsəlman keçmiş Fransa koloniyalarından olan insanlar arasında yayılmasıdır. Bu insanların bir qismi həm də Fransada seçicilərdir, bizim əleyhimizə olan hakimiyyətdə olan sol, liberal siyasi qüvvələrin seçici bazasıdır. Çox böyük kütlədir” deyən Çıraqova görə, Ukrayna Rusiya üçün nədirsə, Əlcəzair də Fransa üçün ona bənzər bir şeydir. İkinci ən çox rusdilli əhalisi olan Ukrayna MDB üzvü deyil. Əlcəzair də fransızdilli əhalinin sayına görə ikinci böyük fransızdilli ölkədir, amma Frankofon təşkilatına daxil olmayıb, hansı ki, Ermənistan üzvüdür.

Politoloqa görə, əgər istəyirsinizsə ki, insanlar Xocalı haqqında daha çox bilsinlər, onda siz də başqalarının dərdlərini, Əlcəzairdə, Ruandada, Vyetnamda Fransa işğalı dövründən başlayaraq sonralarını, ümumiyyətlə kolonializmin bütün cinayətlərini yaxşıca öyrənin. Onda biləcəksiniz ki, həmin insanlar sizinlə həmrəy olmağa hazırdırlar...

Siyasət rubrikasından digər xəbərlər