Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı gərginlik davam edir. İrəvan rəhbərliyinin prosesi uzatmaq, təxribatlara əl atmaqla rəsmi Bakının haqlı tələblərini arxa plana keçirtmək cəhdləri Ermənistanın havadarlarının dəstəyinə baxmayaraq nəticəsiz qalır. Azərbaycan qarşısına qoyduğu ali məqsədə – bölgədə sülh və sabitliyin əldə olunması, ərazi bütövlüyümüzün bərpası prosesinin siyasi cəhətdən də tamamlanması – doğru qətiyyətli addımlarla irəliləyir. Bu məsələdə heç bir güc, qüvvə dövlət rəhbərliyinin siyasi iradəsi qarşısında tab gətirmir.
Bunun müqabilində rəsmi Bakı həm Ermənistan və onun havadarlarına, həm də rus hərbi kontingentinin müvvəqqəti yerləşdiyi ərazilərimizdə boy göstərən separatçılara Prezident İlham Əliyevin timsalında son və kəskin xəbərdarlığını edib.
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsi zamanı deyib:
«Bildiyiniz kimi, danışıqlarla bağlı, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.
Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır.
Hesab edirəm ki, işin gedişatı bunu göstərir, çünki başqa yol da yoxdur. Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.
Onu da bildirməliyəm ki, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Mən indi sadalamaq istəmirəm, bu iki il yarım ərzində bir çox önəmli hadisələr baş vermişdir, həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.
Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə.
Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada».
Dövlət başçısının məlum xəbərdarlığı ölkənin ictimai-siyasi kəsimi tərəfindən də separatçıların, İrəvanın son şansı kimi dəyərləndirilir.
Sahib Alıyev, Milli Məclisin deputatı:
Azərbaycan Prezidentinin müsahibəsində Ermənistana və bütövlükdə haylarayönəlik səsləndirdiyi fikirlər İkinci Qarabağ savaşından sonra edilən sonuncu sülh xəbərdarlığıdır. Dövlət başçımızın dediyi sözlər təkcə özünün tonu ilə yox, qətiyyətli, konkretliyi ilə də sülhə çağırışdan çox, sülh xəbərdarlığıdır. Yəni bu o deməkdir ki, seçim etmələri üçün haylara ayrılan vaxt bitir. Paradoksal görünsə də, bu xəbərdarlığı Ermənistan baş nazirinə verilən bir dəstək kimi də qiymətləndirmək olar. Burada revanşizm haqqında düşünən, "bəlkə də qaytardılar" xülyası ilə yaşayan haylara açıq, açıq olduğu qədər də qətiyyətli bir dillə Ermənistanın başında kim durur-dursun, çox yaxın perspektivdə üzləşəcəkləri iki reallıq çatdırıldı. Birincisi, Qarabağdakı haylar orada qalıb yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarına tapınmalıdırlar, əks təqdirdə, torpaqlarımızı tərk etməldirlər. Dirəniş göstərməyə qalxsalar, ən üzdə olan 3 separatçı ünsürləri – Köçəryan, Sərkisyan və Ohanyan sayaq “iti qovan kimi” qovacağıq. Bu “üçlüyün” indi Qarabağda burunlarının ucu belə görünürmü? Yox, görünmür və görünməyəcək. Eyni taleni Moskvadakı son təlimatlandırılmadan sonra xeyli cəsarətlənmiş Araik Harutyunyanla başının dəstəsi də yaşamalı olacaq. Yəqin, onlar Azərbaycan Prezidentinin Rusiyanın Qarabağdakı hərbi kontingentindən bəhs edərkən “müvəqqəti qaydada yerləşdirilmiş” sözlərinin nə anlam daşıdığını da bilməmiş deyillər. İkincisi, Ermənistan Qarabağdakı hayların subyektliyini artırmaq üçün onları Azərbaycanla Rusiya, Fransa və ABŞ arasında geosiyasi sövdələşmə obyektinə çevirmək yönündə cəhdlərə son qoymasa, nə baş verəcəyini də Prezidentimiz açıq şəkildə dilə gətirdi: “Bu gün Zəngəzur dağlarında dalğalanan Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”. Yəni guya ilanın əli ilə “Seyid Əhmədi” vurmağa çalışan Ermənistan düşmənçiliyini dayandırmasa, əlindən İran da tutmayacaq. Tutsa belə, bu, vəziyyəti dəyişməyəcək. Prezidentin də dediyi kimi, Azərbaycan Ordusu İkinci Qarabağ savaşı zamanı olduğundan indi qat-qat güclüdür. Üstəlik, bu il büdcəyə ediləcək düzəlişlər nəticəsində artırılacaq xərclərin önəmli bir hissəsi ordunun daha da gücləndirilməsinə yönəldiləcək. Yəni təkcə hayrlara yox, onlardan Azərbaycana qarşı təzyiq aləti kimi faydalanmağa çalışanlara da pozuculuq əməllərini davam etdirmələri üçün “münbit zəmin” buraxılmır. Prezident məlum xəbərdarlığı səsləndirən gün Ermənistan baş nazirinin özünəxas bəzi sərsəmləmələri olsa da, nisbətən praqmatik mövqe ortaya qoyması, artıq manevr imkanlarının qalmadığını anladığını göstərir. Parlamentdəki çıxışı zamanı Paşinyanın səsləndirdiyi “Heç kim bizim öz gücümüzü başqalarına qarşı yönəldib ölkəmizin sərhədlərini genişləndirməyimizlə barışmayacaq. Əks təqdirdə, başqalarının gündəmində nəinki ölkəmizin gəlişməsinin yolunu kəsmək, dövlət kimi var olmamızın qarşısını almaq duracaq. Belə bir vəziyytdə bizə kimsə kömək göstərməyəcək. Bu, nəzəriyyə deyil, mən reallıqdan danışıram”, – sözlər belə düşünməyə əsas verir. Paşinyanın Makron, yaxud başqa biri ilə telefon danışığından sonra yenə də reallıq hissini itirməsi istisna deyil. Müsahibədən də göründüyü kimi, cənab İlham Əliyev bu məsələdə yetərincə nikbindir. Nikbinliyi isə ondan irəli gəlir ki, keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib.
Bununla yanaşı, regionda real sülhün yaranması, ölkəsini, xalqını üzləşə biləcəkləri fəlakətdən qurtarmaq üçün Paşinyan Prezidentimizin növbəti tələbini də yerinə yetirməlidir. “Əgər “a” deyibsə, “b” də deməlidir. “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”. Azərbaycan Prezidenti Qarabağdakı haylarla ermənistadakılara düşdükləri vəziyyətdən çıxmağın ən ağrısız və asan yolu göstərdi, indi artıq ona əməl etmək qalır”.
Tofiq Abbasov, politoloq:
- Bu xəbərdarlığın xüsusi əhəmiyyəti var. Azərbaycan dövləti ermənilərin ərazilərimizdə çıxartdığı “komediyanı” daim izləməyəcək. Prezidentin bu xəbərdarlığı əbəs deyil. İrəvandan, Parisdən, Vaşinqtondan və sair yerlərdən olan erməni ideoloqları Qarabağda yaşayan ermənilərin ab-havasını korlamaqla, onlara “Hələ heç nə bitməyib, müharibə davam edir və öz məqsədlərinə çata bilərlər”, - ideyasını təlqin edirlər. Erməni ideoloqlarının bu cür çıxışları, faktiki olaraq, Qarabağda yaşayan ermənilərin başını lazımsız şüarlarla qatıb gərginliyi qüvvədə saxlamaq və bu fonda öz maliyyə imkanlarını gücləndirmək məqsədi güdür. Bu çür erməni layihəsinin altında böyük pulların yuyulması durur. Hələ sovet dövlətinin süqutuna az qalmış dünya erməniləri marafonlar keçirib pullar toplayır, Azərbaycanda yaşayan erməni azlığına silah-suarsat göndərirdilər. O mərhələdən sonra Ter-Petrosyanın, Köçəryanın və Serj Sarkisyanın dövründə aparılan bu proses indiyə qədər də davam edir. Məhz bu müstəvidə çox böyük “Hayastan” qalmaqalı üzə çıxdı. Bəlli oldu ki, guya mədəni, humanitar məsələlərlə bağlı yaradılan fondun pulları ilə silah-sursat alınır, həmin silahlarla Azərbaycanda separatçılığın qidalanmasına imkanlar yaradılır və nəhayət, həmin o pulların üzərində çirkin əməllərini gerçəkləşdirirlər. Köçəryanlar, sarkisyanlar, babayanlar, balasanyanlar – hamısı o fonddan istifadə edib – həm özləri yararlanıb, həm də Azərbaycan ərazilərində gərginlik ocaqlarının sayını artırmağa çalışırdılar. Bununla da bütün dünyaya göstərməyə çalışırdılar ki, guya ermənilər təlatümlü bir vəziyyətdə mübarizələrini dayandırmırlar və məqsədlərinə doğru hərəkət edirlər. Bu gün Azərbayacanın öz ərazi bütövlüyünü bərpa etməsi, artıq Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qoyulması, ümumiyyətlə, regionda proseslərin hamısını öz nəzarəti üzərinə götürməsi diqqət çəkir. Mövcud gərginlik fonunda erməni başbilənləri, İrəvanda, xaricdə, Azərbaycan ərazilərində qalan separatçılar öz reallıq hisslərini itiriblər. Əgər ermənilər mövcud reallığı hiss edə bilmirlərsə, özlərindən küssünlər. Bu proses uzun müddət davam etməyəcək. Azərbaycan 44 günlük müharibədə ona görə bu qədər şəhid vermədi ki, dığaların oyunbazlıqlarına yenidən dözsün, tamaşa etsin. Son xəbərdarlıq ondan xəbər verir ki, bu komediyanı bitirməyin vaxtı çatıb. Bu o deməkdir ki, bu oyunları bitirməsəniz, artıq Azərbaycandan deyil, özünüzdən küsməlisiz. Ya rədd olub gedin, ya da Azərbaycan Dövlətinə sığının, Bayrağımızı, Konstitusiyamızı qəbul edib rahat, adam kimi yaşayın. Azərbaycanın qonaqpərvər, tolerant bir ölkədir. Bütün xalqlar bu dövlətdə sülh, dostluq, mehribanlıq şəraitinə yaşayır. Digər xalqlar kimi, elə ermənilərin özlərinə də ölkə daxilində böyük imkanlar yaradılıb. Azərbaycanda yəhudilərin, ən azı, 3 icması var. Onlar sivil qaydaları üstün tutaraq, yerli xalqların hamısı ilə münasibətlərini gücləndirərək yaşayırlar. Azərbaycan dövləti və xalqı heç kəsə “gözün üstə qaşın var” deməyib. Biz ermənilərə elə bir imkanı yaratmışdıq. Amma qudurdular, müharibəyə qədər əl atdılar, “Miatsum", – deyə-deyə, özlərinə qəbir qazmağa başladılar. O qəbrin dərinliyi indi də artır. Həmin qəbrə düşmək istəmirlərsə, ağıllarını başlarına yığmalıdırlar. Əminəm ki, Qarabağda normaltəfəkkürlü ermənilər yaşayır. Əgər istəyirlərsə ki, problemsiz şərait yetişsin, gərək aralarında olan çirkin ünsürləri müəyyən edib özləri oradan rədd etdirsinlər. Normal ermənilər o ərazilərdə Azərbaycan Dövlətinin qanunlarının işləməsini çoxdan gözləyirlər. Ona görə də Prezidentin dediyi həmin fikirlər mühüm əhəmiyyət kəsb edir.