Qarabağ Universiteti necə təşkil olunmalıdır?

13:31 01.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekspertlərin fikrincə, prosesin təşkili zamanı regionun cöğrafi mövqeyi və digər regional xüsusiyyətlər nəzərə alınmalıdır

Xəbər verildiyi kimi, mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edərək rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə bir çox məsələlərlə yanaşı, şəhərdə təhsil müəssisələri ilə bağlı gözlənilən yeniliklər də açıqlanıb. Bildirilib ki, Təhsil Nazirliyinin təklifi ilə şəhərdə 15 məktəb layihəsi verilib. Bundan başqa, prezidentin tapşırığı ilə Qarabağ Universitetinin yaradılması nəzərdə tutulur. Universitetdən əlavə, xüsusi orta təhsil müəssisələri və liseylər də yaradılacaq.

Qeyd edək ki, Qarabağ Universitetinin yaradılması məsələsi hələ işğal dövründə bir neçə dəfə gündəmə gətirilmişdi. Belə bir təklif var idi ki, bu universitet ya Ağcabədidə, ya da Bərdədə yaradılsın. Bu illər ərzində yeni universitetin yaradılması ilə bağlı səslənən bütün təkliflər elə təklif olaraq da qaldı. Lakin zəfərlə başa çatan Vətən Müharibəsi Azərbaycanda yeni reallıqlar ortaya çıxardı. Artıq bu gün vaxtilə Qarabağla bağlı irəli sürülən ideyaların reallaşdırılması istiqamətində konkret addımlar atılır. Prezidentin tapşırığı əsasında Ağdam şəhərində Qarabağ Universitetinin yaradılmasının nəzərdə tutulması bunun bariz nümunəsidir.

Bəs, görəsən, Qarabağ Universitetinin təşkili necə həyata keçirilməlidir? Bunun bağlı layihə hazırdırdırmı?

Məsələni hafta.az-a şərh edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib ki, azad edilmiş ərazilərin bərpasında təhsilin inkişafına böyük rol düşür: “Hər şeydən əvvəl onu qeyd edim ki, haqq savaşında zəfərlə başa çatan şanlı qələbəmizdən sonra azad edilən ərazilərdə sosial-iqtisadi layihələrin həyata keçirilməsinə başlanılması fonunda təhsilin də bərpası qürurvericidir. Həmin bölgələrdə təhsilin bərpası və inkşaf etdirilməsi ilə bağlı dövlətimiz tərəfindən bütün işlərin planlaşdırıldığı və quruculuq işlərinə başlanıldığı barədə xəbərlər sevindiricidir. Azərbaycan və Türkiyə Prezidentlərinin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihənin təsdiq olunması, Ağdamda məktəb və digər təhsil müəssisələrinin təmir və tikintisinin yüksək templə davam etdirilməsi və bir çox digər əməli işlər dövlətimizin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Bu gün qarşıda duran əsas məqsəd doğma Qarabağda aktiv həyatı yenidən bərpa etmək, bir çox sahələrdə quruculuq işlərini həyata keçirməkdir. Azad olunan torpaqlarımızda ilkin olaraq həyata keçiriləcək işlərdən biri də təhsilyönümlü layihələrdir ki, bununla bağlı da müvafiq fəaliyyət planı hazırlanıb və işlər davam etdirilir”.

Onun sözlərinə görə, bu məsələ Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin də diqqət mərkəzindən kənar qalmayıb: “Hələ ötən ilin dekabr ayında işğaldan azad olunan rayonların təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə keçirilən onlayn müşavirədə təhsil infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi ilə bağlı bir sıra təklifləri müzakirə edib, ümumiləşdirilərək Təhsil Nazirliyinə göndərmişik. Nazirlik rəsmisinin də qatıldığı onlayn müşavirədə İctimai Şura üzvləri ilə yanaşı, Şuşa, Ağdam, Fizuli, Kəlbəcər, Laçın, Qubadlı, Xocavənd, Cəbrayıl, Zəngilan Rayon təhsil şöbələrinin müdirlərinin iştirakı ilə 30-a yaxın təklif irəli sürülüb və qruplaşdırılıb. Yekdil fikir də ondan ibarət olub ki, dövlətin təhsil, mədəniyyət və iqtisadiyyatını yenidən canlandırmaq və bərpa etmək üçün müəyyən etdiyi strategiyaya müvafiq olaraq, ilk növbədə mövcud  statistik məlumatlar toplanılaraq təhlil edilməli, işğaldan azad olunan ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, təhsil infrastrukturunun vəziyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır.

Təkliflər içərisində işğaldan azad olunan ərazilərdə əvvəlki internat tipli məktəblərin, liseylərin, gimnaziyaların, orta ixtisas, ali təhsil müəssisələrinin, peşə məktəblərinin bərpası və yenilərinin tikilməsi, ümumi orta təhsil və tam orta təhsil bazasında regiona uyğun müxtəlif sənətlər, kütləvi peşələr və ixtisaslar üzrə ilk peşə və orta ixtisas təhsili verən təhsil müəssisələrinin açılması müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması, Şuşada,  Ağdamda “Qarabağ Universiteti”nin, AMEA-nın Qarabağ Bölməsinin yaradılması Konservatoriya və bir sıra müvafiq universitetlərin filiallarının açılması kimi təkliflər də geniş yer alıb. O da bildirilib ki, Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar”.
Ekspert onu da vurğulayıb ki, Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində bölgədəki təhsil sisteminin inkişafı həlledici rol oynamalı, pedaqoji kadrlar, inşaat mühəndisləri yetişdirməli çoxsahəli bir universitet yaradılmalıdır: “Bundan başqa, Qarabağda həmişə əkinçilik və şərabçılıq inkişaf edib. Yüngül sənaye sahələrində olduğu kimi, bu sahələrdə də kadr hazırlamaq lazımdır. Bu sektorlarda mütəxəssislər Gəncədə hazırlanır, lakin Qarabağda bir universitetin açılması bu sahədəki kadrları paytaxta doğru axın etmədən saxlamağa kömək edəcək. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələrə tələbat olacaq, gələcəkdə turizm xidmətləri, tibb və s. sahələrdə kadrlara ehtiyac duyulacaq. Ümumiyyətlə regionun cöğrafi mövqeyi, digər reqional xüsusiyyətlər nəzərə alınmalıdır. Bu sahədə aparılan işlərin yüksək tempi ona əsas verir ki, infrastruktur dəyişiklikləri gedir, sadəcə bu sahədə irəliləyiş zamana bağlıdır”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil üzrə ekspert Elçin Əfəndi Qarabağda Universitetin yaradılmasının əhəmiyyətinə toxunaraq deyib ki, bu layihə bölgənin daha sürətlə inkişafına təkan verəcək: “Biz Qarabağda elə bir ali məktəb yaratmalıyıq ki, beynəlxalq arenada rəqabətə davamlı ola bilsin. Bunun üçün peşəkar professor-müəllim heyəti formalaşdırılmalı, universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalıdır. Eyni zamanda, rəqabətqabiliyyətli ixtisasların açılması təmin edilməlidir. Məsələn,

informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kosmik texnologiyalar mühəndisliyi, uçuş aparatlarının hazırlanması mühəndisliyi, silah hazırlığı mühəndisliyi, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, informatika müəllimliyi, mühasibat, maliyyə, dövlət və bələdiyyə idarəetməsi, menecment, biznesin idarəolunması, coğrafiya müəllimliyi, beynəlxalq münasibətlər, beynəlxalq jurnalistika, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, tarix, tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, ingilis dili və ədəbiyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, tərcümə, tibb, ictimai səhiyyə, beyin cərrahlığı, biotibbi texnologiya mühəndisliyi, gen mühəndisliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, musiqi nəzəriyyəsi, muğam sənəti və xanəndəlik, idman və s. ixtisaslar olmalıdır. Qəbul zamanı bütün şəhid övladları imtahansız qəbul olmalı, ödənişsiz təhsil almaları təmin edilməli, həmçinin qazi övladlarına ödənişsiz təhsil almaq hüququ verilməlidir. Universitetə peşəkar müəllimlər cəlb edilməli, əsasən Türkiyə və Avropa ölkələrində təhsil almış yüksəkixtisaslı kadrlara-vətəndaşlarımıza üstünlük verilməlidir.Azərbaycana qərəzli mövqe tutmayan başqa xarici ölkələrin yüksəkixtisaslı kadrları da təhsilverən qismində prosesə cəlb edilməlidir. Xarici ölkə vətəndaşlarının Ermənistan istisna olmaqla universitetə qəbulu həyata keçirilməlidir. Çünki bunun Qarabağın təbliğatı aparmaq baxımından əhəmiyyəti böyükdür. Digər tərəfdən xarici tələbələri universitetə cəlb etmək üçün ali məktəbin həm kampusunun, həm də yataqxanasının olması vacib məqamdır. Bu həm də yerli tələbələrin rahat təhsil almaları üçün olduqca əhəmiyyətlidir. Təbii ki, sadaladığım bu detallar Qarabağ Universitetinin təşkili prosesində nəzərə alınarsa, yaxın illərdə həmin təhsil müəssisəsi dünya universitetləri ilə raqabət aparacaq səviyyəyə çata bilər”.

Oxunma sayı 1587