Qarabağda yaradılan sənaye parkları

11:45 02.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın dirçəldilməsi istiqamətində mühüm addımlar atılır. Qeyd edək ki, sözügedən ərazilərdə məşğulluğun təmin olunması, iqtisadi aktivliyin yüksəldilməsində sənaye parkları mühüm rol oynayacaq. Artıq bu ərazilərdə yaradılması planlaşdırılan “Ağdam”,"Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına böyük maraq var. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, bu sənaye parklarının rezidenti olmaq üçün sahibkarlar nazirliyə 10 layihə təqdim edib: "Onların ilkin investisiya dəyəri 40 milyon manata yaxındır. Hazırda layihələr dəyərləndirilir. Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça, xüsusi və fərdi geyimlər, polimer məhsulları, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtükləri, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə beş layihəyə baxılır. Bu layihələr üzrə 1 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur".

Nazir həmçinin bildirib ki, İqtisadiyyat Nazirliyinə məxsus Ağdam Sənaye Parkında sosial zonasının təşkili yekunlaşıb: “Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb”.

Məlumat üçün vurğulayaq ki, Ağdamda yaradılan sənaye parkı Azərbaycan ərazisində beşinci, “Araz Vadisi İqtisadi Zonası" sənaye parkı isə altıncı olacaq. Ağdam sənaye klasteri üçün ayrılan sahə işğaldan əvvəl də sənaye istehsalı üçün istifadə edilib. Park Ağdam ətrafında 190 hektar ərazidə tikiləcək və Ağdam şəhərinə çəkilməsi planlaşdırılan əsas avtomagistral və dəmir yolu kommunikasiyalarının kəsişməsində yerləşəcək. Parkın inkişafı mərhələli şəkildə həyata keçiriləcək. Burada rezidentlər dövlət tərəfindən torpaq sahəsi, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla lazımi infrastrukturla təmin olunacaq. Aşağı icarə haqqının olması, 10 il müddətinə gəlir və əmlak vergisindən, habelə istehsal məqsədləri üçün avadanlıq və texnologiya idxalına görə müvafiq olaraq 10 və yeddi il müddətində ƏDV və idxal rüsumlarından azad edilmə sənaye parklarının rezidentləri üçün əlavə stimul olacaq. Sənayeləşmə prosesi mərhələli şəkildə həyata keçiriləcək. İlkin tapşırıq Ağdam şəhərinin və ona bitişik qəsəbələrin abadlaşdırılması olduğundan, təbii olaraq, ilk mərhələdə tikinti materialları istehsal edən şirkətlər parkın rezidentləri olacaq. Bundan əlavə, tikinti materiallarının ticarətinin təşkili üçün 5 hektar sahə ayrılacaq. Üstəlik, tikinti materiallarının satışı üçün yerlər ilk növbədə, park ərazisində öz istehsalını təşkil edən şirkətlərə veriləcək.

İkinci istiqamət - qida və emal sənayesidir. İnsanların azad edilmiş ərazilərə qayıtmasıyla burada kənd təsərrüfatı məhsullarının emalı üçün imkanlar yaradılacaq. Sovet dövründə üzümçülük, meyvəçilik, tərəvəzçilik, taxılçılıq, pambıqçılıq və kənd təsərrüfatının digər sahələri uğurla inkişaf edirdi, xammal bazası mövcudluğu halında isə şərabçılığı inkişaf etdirmək, meyvə-tərəvəz konservləşdirilməsi və emal sənayesinin digər sahələri üzrə istehsalı yoluna qoymaq asanlıqla mümkün olacaq. Kənd təsərrüfatı və qida sənayesinin inkişafı ilə yanaşı, parkda məhsulların saxlanması və qablaşdırılması üçün sahələr ayrılacaq. Beləliklə, bitkilərin becərilməsi, onların emalı və hazır məhsulun əldə olunması da daxil olmaqla, “sahədən piştaxtaya” prinsipi üzrə tam istehsal dövrü təmin ediləcək. Bu, nəqliyyat xərclərini azaltmağa və əldə olunan məhsulun rentabelliyini artırmağa imkan verəcək. Parkın ərazisində yük maşınlarının parklanması üçün də sahə ayrılacaq.

Müəssisələrin sənaye parklarında yerləşdirilməsi istehsal növündən asılı olaraq və bütün tikinti norma və qaydaları nəzərə alınmaqla həyata keçirilir, ekoloji cəhətdən təmiz zona elan edilmiş Qarabağ regionunda isə ətraf mühit məsələləri birinci növbədə dayanacaq. Yaşayış ərazilərinə bilavasitə yaxın məntəqələrdə yüngül və qida sənayesi müəssisələri yerləşəcək. Yaşayış məntəqəsindən 500 metr məsafədə tikinti materialları istehsalı müəssisələri, 1000 metr məsafədə isə ağır sənaye müəssisələri yerləşəcək.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən millət vəkili Tahir Rzayev bildirib ki, sənaye parklarında həm istehsal, həm tədarük, həm də idxal məsələlərinin cəmləşməsi böyük üstünlük yaradır:

“Bu parkların əhəmiyyəti eyni zamanda ondan ibarətdir ki, vaxt itkisinə yol verilmir, əmək məhsuldarlığı yüksək olur, təsərrüfatlar bir-biri ilə əlaqəli şəkildə işləyirlər. Bu zonalar iqtisadi inkişafın təmin olunması, iqtisadi aktivliyin yüksəldilməsi baxımından olduqca əhəmiyyətlidir.  Tutaq ki, Masallı rayonunda pomidor istehsal edilir və onu konservləşdirməkdən məqsədilə Bakıya gətirirlər. Təbii ki, bu böyük vaxt itkisidir. Amma parklarda bu proses eyni yerdə çəmləşir. Bilirsiniz ki, artıq işğaldan azad olunmuş ərazilərdən Ağdamda sənaye parkının yaradılmasına başlanılıb. Digər regionlarda isə bu parklar mövcuddur və yüksək səviyyədə də effekt verir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə sənaye parklarının yaradılması üçün çox böyük potensial var. İstər əkinçilik, istər heyvandarlıq, istərsə də emal sahəsində geniş potensial mövcuddur. Ona görə də həmin ərazilərdə sənaye parklarının yaradılması ölkə iqtisadiyyatı üçün önəmli olacaq. Və cənab Prezident də öz çıxışlarında dəfələrlə xatırladıb ki, bu ərazilərdə yüksək potensial var. Bu parkların fəaliyyətə başlaması həm də yüzlərlə insanın iş yerləri ilə təmin olunması deməkdir. Ola bilsin ki, bu parklar xarici investorların marağına da səbəb olacaq və onların investisiya qoyması ilə nəticələnəcək. Artıq işğaldan azad olunmuş ərazilərlə bir çox ölkələrdən investorlar  maraqlanırlar. Məsələn, türk qardaşlarımız bu gün həmin yerlərdə çox yaxşı işlər görürlər. Məndə olan məlumata görə, artıq türkiyəli investorlar Qubadlıda böyük işlər görməyə başlayıblar. Əlbəttə ki, bu parklar da həcminə görə çox iri olacaqlar və 10 hektarlarla yeri əhatə edəcəklər”.

Qarabağda yaradılacaq sənaye parklarının əhəmiyyətinə toxunan iqtisadçı-ekspert Rəşad Həsənov da deyib ki, işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanın təşfiqi, eyni zamanda həmin ərazilərin iqtisadi potensialının mərkəzləşdirilməsi üçün hökumət müxtəlif alətlərdən istifadə edərək, öz mövqeyini ortaya qoyur:

"Bu istiqamətdə resursları səfərbər etməklə bölgənin qısa müddətdə ölkə iqtisadiyyatına inteqrasiyası məqsədilə addımlar atılır. Həmin ərazilərə ümumi yanaşma olacaq, amma eyni zamanda xüsusi zona statusundan da istifadə etməklə bölgəyə investisiyanın cəlbi nəzərdə tutulur. Məsələn, Cəbrayıl "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkınının yaradılması yeri kimi müəyyən edilib. Ərazi nəqliyyat kommunikasiya imkanlarının üzərində yerləşdiyindən biznes üçün olduqca əlverişlidir. Dəmiryolunun bərpa edilməsindən sonra Zəngəzur üzərindən Naxçıvan-Türkiyə, Naxçıvan-İran, həmçinin əks istiqamətdə, Gürcüstana, Rusiyaya və hətta gələcək uzunmüddətli dövrdə Ermənistana belə malların daşınması mümkün olacaq. Digər tərəfdən, zonanın Xudafərin körpüsünün yaxınlığında olması və gələcəkdə burada yeni sərhəd məntəqəsi də fəaliyyətnin nəzərdə tutulması bölgənin iqtisadi əhəmiyyətini daha da artırır. Bu mənada zonanın İrana məhsul ixrac edilməsində böyük üstünlükləri var. Düşünürəm ki, bütün bunlar daha qısa müddətdə xarici və daxili investisiyaların səfərbər edilməsinə şərait yaradır. Çünki Sənaye Parkı statusu sahibkarlara həm vergi, həm də digər istiqamətlərdə fiskal güzəştlər verir. Bu güzəştlərdən sahibkarların yararlanması fonunda bölgəyə maraq yüksək olacaq”.

Ekspert habelə əlavə edib ki, bu kimi addımlar yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcək: "Böyük ehtimalla, gələcəkdə investisiya qoyan rezidentlər çalışacaqlar ki, mümkün qədər bölgənin resurslarına uyğun fəaliyyət planları icra etsinlər. Bu o deməkdir ki, əlavə olaraq bölgənin inkişafı üçün multiplikativ bir dəyər formalaşdırma imkanı olacaq. Malları, xidmətləri həmin bölgədən almaqla, xammalı ordan çıxarmaqla iqtisadiyyatın təşkil edilməsi sənaye zonasının bölgənin iqtisadiyyatına effektiv təsirlərini daha da dərinləşdirə bilər. Eyni zamanda bu, iş yerləri də yaradacaq".

Oxunma sayı 202