Qarabağda – Şuşada dünya səviyyəli universitet yaradılsın – Təkliflər

16:59 20.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən il ölkə Prezidenti İlham Əliyev çıxışlarından birində söyləmişdi ki, yaxın gələcəkdə işğaldan azad edilən ərazilərimiz təkcə ölkəmizin deyil, elə dünyanın da mədəniyyət və turizm mərkəzinə çevriləcək.

Hal-hazırda bunun üçün ilk addımlar atılır, artıq yollar çəkilir, ərazilərin minalardan təmizlənməsi işləri isə davam etməkdədir. Bəs görəsən yaxın gələcəkdə Qarabağda beynəlxalq səviyyəli universitetin yaradılması nə qədər realdır? Bu Azərbaycan təhsilinə, Qarabağın dünyada təbliğinə nə kimi töhfələr verər? Bura xarici tələbələrin cəlb edilməsi üçün hansı addımlar atılmalıdır?

Hafta.az bu və digər suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdi. İlk olaraq təhsil eksperti Kamran Əsədov söylədi ki, dünya ölkələrinin inkişafında  universitetlərin rolu çox böyükdür.  Bu universitetlər təkcə təhsil ocağı deyil, eyni zamanda ölkənin mədəni siyasi, sosial, iqtisadi, inkişafına birbaşa təsir göstərir:

"Bu gün dünyada elə məşhur olmayan ölkələr var ki, onların universitetləri ölkənin tanınmasına xidmət edir. Məsələn, Şimali Kipr Türk Cümhuriyyəti bir dövlət olaraq dünyada tanınmasa belə, onun 12 universiteti beynəlxalq reytinq siyahısında var və kifayət qədər tanınır. Universitetlərin Qarabağda açılması, həm siyasi həm iqtisadi həm də urbanizasiya prosesi baxımından olduqca əlverişlidir. Mən hələ 2015-ci ildə "Qarabağ Dövlət Universiteti"nin yarafılmasınının zəruriliyini təklifini irəli sürmüşdüm. Biz Qarabağ Dövlət Universitetini yaratsaq və orada xarici ölkələrin vətəndaşlarının təhsil almasına daha çox önəm versək, tələbələr öz ölkələrinə qayıdanda apardıqları diplom hüquqi sənəd kimi Qarabağın Azərbaycan olmasının sübutu olacaqdır. Hətta, ermənilər 1992 ildə, Şuşanı işğal etdikdən sonra, orada Şuşa texniki kollecini yaratdılar".

Ekspertin sözlərinə görə, 1923-cü ildə, Dağlıq Qarabağ Muxtar vilayəti yarandı, bu müddətdə Qarabağda bir dənə Xankəndi universiteti mövcud oldu ki, o da sonradan fəaliyyətini dayandırdı. Həmin ərazilərdə çox saylı universitetlər yaradılmalıdır. Onsuzda bizdə hər il, abituriyentlərin sayı dəyişmir. Lakin, onların qarşısına alternativ seçim qoyduqda, Bakıdakı universitetlər daha keyfiyyətli təhsil verməyə çalışacaq:

"Hesab edirəm ki, biz indi işlərə başlasaq, 2023-cü ildə ən müasir infrastruktura malik universitet yarada bilərik. Biz bu ərazilərdə həm də, hüquq mühafizə orqanlarının akademiyalarını yaratmalıyıq. Ona görə ki, həmin ərazinin uşaqları, bu ixtisaslarda oxumaq üçün Bakıya gəlməsin. Təhsil ocağını bitirdikdən sonra da, yerləşdikləri ərazidə işlə təmin olunsunlar. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanın 52 universitetində cəmi 5600 nəfər xarici tələbələ var. Amma, ərazisi Bakının yarısı boyda olan, Sinqapurun 2 universitetində xarici tələbələrin sayı 80000 nəfərdir. Beynəlxalq Təşkilatlar planlayıblar ki, 2023-cü ildə, on milyon xarici vətəndaş başqa ölkələrdə təhsil alacaq. Xarici tələbələri yerli universitetlərə cəlb etmək üçün, ilk növbədə fantastik təhsil haqqı tələb etməməliyik. Bundan başqa, biz onları, yataqxanalarla təmin etməliyik. Daha sonra, xarici dillərdə tədrisin mükəmməl şəkildə təşkili üçün ciddi işlər görülməlidir".

Mütəxəssisin fikrincə, universitetlərdə ənənəvi ixtisaslarda yox, əmək bazarında gələcəkdə ehtiyac olacaq ixisaslar -nanotexnologiya, astrofizika  tədris edilməlidir. Bundan əlavə biz, xarici abituriyentlər üçün qəbul qaydalarını da sadələşdirməliyik.

Növbəti müsahibimiz olan, təhsil ekspert Elçin Əfəndinin də mövzuya yanaşması oxşar oldu. O dedi ki, hazırda Qarabağda beynəlxalq səviyyəli universitetin yaradılması barədə təkliflər verilir. Bundan əlavə gərək ixtisaslar da dünya təcrübəsinə və tələblərinə uyğun olsun.

"Fikrimcə bu universitetin Şuşa yaxud da Xankəndində şəhərlərində olması vacibdir. Universitetə "Qarabağ Dövlət Universiteti", "Qarabağ Beynəlxalq Dövlət Universiteti" adlarını vermək olar. Tədrisdə informasiya yönümlü ixtisaslara, hüquq və tibb sahəsinə üstünlük verilməsi daha məqsədə uyğun olar. Düşünürəm ki həmin universitetə xarici ölkə vətəndaşlarının qəbulunu da sadələşdirmək lazımdır. Buna görə də təhsil haqqı aşağı olmalıdır. Xaricdən tələbələrin gəlməsi üçün tək universitetin olması kifayət deyil, gərək yataqxana da yaradılsın. Ümumilikdə beynəlxalq səviyyəli təhsil ocağının yaradılması, ölkəmizin siyasi inkişafı baxımından mütərəqqi olacaq".

Daha sonra mövzu ilə bağlı ekspert Şahlar Əsgərovun da rəyini öyrəndik. O, bildirdi ki, Qarabağda dünya səviyyəli universitetin yaradılması vacibdir. Lakin, daha önəmli məsələ həmin təhsil ocağının gələcək fəaliyyətidir.

"Hələ sovetlər zamanında Qarabağ Universiteti olub.Onun ilk rektoru mənim tələbəm, əslən Laçın rayonundan olan Rəfael Məmişov idi. Həmin dövrdə ölkədə baş verən siyasi proseslərdən sonra,  təhsil ocağının taleyi haqqında heç bir məlumatım yoxdur. Ona görə də bu gün Qarabağ Universiteti yaradılmalıdır. Təhsili, tədris metodikası güclü olmalıdır. Ölkə prezidenti cənab İlham Əliyev dedi ki, Şuşa bizim mədəniyyət paytaxtımızdır. Deməli yaradılacaq universitetdə mədəniyyət, incəsənət fakültələri açılmalıdır. Hökmən həmin universitetin tarix, kənd təsərrüfatı və biologiya ilə bağlı fakultələri olmalıdır. Əgər bir təhsil ocağının fəaliyyəti, tutduğu yol işıqlı olacaqdırsa o hökmən xarici tələbələri də özünə cəlb edəcəkdir".

Ekspertlərin fikrindən də aydın görünür ki, Qarabağda Beynəlxalq səviyyəli Universitetin yaradılması ölkəmizin gələcək inkişafı və təhsili üçün olduqca faydalıdır.

Qeyd edək ki, ölkədə hazırda 33-Dövlət, 9-Xüsusi Təyinatlı və 11 özəl Ali Təhsil Müəssisəsi mövcuddur.