Bir müddət öncə, I Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə uyğun olaraq aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar olundu. Daha sonra aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət ekshumasiya işlərinin aparılması prosesinə cəlb edildi.
Xatırladaq ki, Edilli kəndinin ərazisində ilkin qazıntı zamanı 6-7 nəfərə aid meyit qalığı aşkar edilib. Edilli kəndinin ərazisində bir neçə kütləvi məzarlığın olması da ehtimal edilir.
Bəs görəsən ölən şəxslərin kimliyinin müəyyən edilməsi prosesi nə qədər vaxt çəkəcək? Bu işdə hansı ölkələrin praktiki təcrübəsindən yararlanmaq olar? Aşkar olunan kütləvi məzarlıqlar barədə cinayət məsuliyyətini kimlər daşıyır və onları beynəlxalq hüquq normaları çərçivəsində hansı cəzalar gözləyir?
Məsələ ilə bağlı hafta.az-a -danışan kriminalist Teymur Baloğlanov bildirir ki, qətlə yetirilmiş şəxslərin kimliyinin müəyyənləşdirilməsi məsələsi aylarla, hətta illərlə davam edə bilən uzun prosesdir, xüsusilə də kütləvi məzarlıqlarda:
"Əvvəla, orada tapılan insan qalıqları tək bir insana aid olsaydı, proses elə də uzun çəkməzdi. Söhbət onlarca insandan gedirsə onların hər birinin eyniləşdirməsi aparılmalıdır. Bunun üçün qətlə yetirilmiş şəxslərin yaxın qohumlarından qan nümunələri götürülməlidir. Daha sonra DNT əsasında ölən şəxsin həmin insanların qohumları olması barədə rəy verilməlidir. Ona görə də belə məsələlər aylar, bəzənsə də illər tələb edir".
Kriminalist, bu işdə keçmiş Yuqoslaviya ərazisindəki kütləvi məzarlıqlar üzərində ekspedisiya aparan mütəxəssislərin təcrübələrindən yararlanmağın faydalı ola biləcəyini xüsusi olaraq vurğuladı:
"Son dövrlərin praktikasına nəzər salsaq kütləvi məzarlıqlar üzərində eyniləşdirmə prosesi keçmiş Yuqoslaviya ərazisində müsəlmanlara qarşı aparılan soyqırımı nəticəsində aparılan araşdırmasını misal göstərə bilərik. Orada 7000-dən çox adam qətlə yetirilib. Belə kütləvi məzarlığın aşkar edilməsi və eyniləşdirmə aparılaraq ölən şəxslərin kimliyinin müəyyən olunması təcrübəsi artıq var. Mənə elə gəlir ki, həmin ekspedisiyanı aparan nümayəndələrin təcrübəsindən bizdə də istifadə etmək olar".
Müsahimizin sözlərinə görə, DNT ekspedisiyasının aparılması üzrə biliklər ölkəmizdə də kifayət qədər irəliləyib. Lakin xarici təcrübədən yararlanmaq daha faydalı olardı:
"Ölən şəxslər üzərində cinayət əməllərinin araşdırılması baxımdan bizə Yuqoslaviyadakı iş üzərində çalışan mütəxəssislərin praktik köməyi dəyə bilər. Hər halda belə təcrübələrdən istifadə etməyin bizə yalnız müsbət təsiri olar".
Növbəti müsahibimiz olan Beynəlxalq hüquq eksperti Səyyad Məcidov ermənilərin bütün bu əməllərə görə daşıdıqları hüquqi məsuliyyətdən bəhs etdi. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə mövcud olan kütləvi məzarlıqların açılması həm Azərbaycanın daxili qanunvericiliyi, həm də beynəlxalq hüquq normalarına görə cinayət əməli sayılır:
"Beynəlxalq hüquqda əsasən 4 növ ağır cinayət fərqləndirilir – hərbi təcavüz cinayəti, müharibə cinayətləri, insanlıq əleyhinə cinayət, soyqırım cinayətləri.
Ermənistanın Azərbaycana hərbi təcavüzü dövründə bu sadaladığım bütün cinayətlərin hər biri törədilib. Qəbirlərlə bağlı təhqiramiz hərəkətlərin müharibə dövründə edilməsi həm də Cenevrə konversiyaların kobud şəkildə pozulması deməkdir. İşğal müddətində düşmən tərəf heç bir mədəniyyət abidəsinə, məzarlıqlara, ekosistemə zərər vurmamalıdır. Əks halda məsuliyyət daşıyır".
Ekspert onu da bildirdi ki, hazırda ermənilərin Xocalıda törədə biləcəyi hər hansı qeyri hüquqi hərəkətlər də gələcəkdə cinayət məsuliyyəti daşıya bilər:
"Bu gün döyüş şəraiti deyil, hərbi əməliyyatlar getmir və hazırda Xocalı düşmən tapdağı altındadır. Belə bir vaxtda orada ermənilərin hər hansı qeyri hüquqi hərəkət beynəlxalq hüquqda insanlıq əleyhinə cinayət hesab olunur. Bütün hallarda ermənilər indiyədək törətdikləri əməllərə görə məsuliyyət daşıyırlar".