Hesab edirəm ki, artıq Qarabağ məsələsi həll olunub. Bu, bəllidir. Artıq ötən ildəki proseslər və beynəlxalq səviyyədə olan təmaslar onu göstərir ki, hamı Azərbaycanın qalib olduğu müharibənin nəticələrini tanımağa, qəbul etməyə məcbur olub.
Bu fikirləri hafta.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib:
“Ona görə də düşünürəm ki, 2022-ci ildə istər Qarabağ, istər Zəngəzur dəhlizi ilə bağlı digər problemlərin həlli istiqamətindəki müsbət tendesiyalar davam edəcək. O ki qaldı Laçın dəhlizi mövzusuna, Ermənistan açıq şəkildə bəyan edib ki, Zəngəzurda onun suverenliyi qalmaq şərti ilə həmin oradan keçən yolların açılmasına icazə verəcək. Zənnimcə, oxşar formul Laçın yolunda da tətbiq olunmalıdır. Yəni təhlükəsizlik baxımından bəlkə də Rusiya hərbçiləri öz rolunu oynamaqda, post-partul xidmətini-filanı təşkil etməkdə davam edəcəklər”.
Politoloq bildirib ki, bununla belə, Azərbaycanın dəhlizdəki dövlət sərhədinə giriş-çıxış, gömrük və s. məsələlərin icrasını müvafiq dövlət qurumlarımız həyata keçirməlidirlər:
“Demirəm ki, Qarabağda və sərhədlərdə təxribatlar olmayacaq. Sadəcə, demək istəyirəm ki, artıq strateji baxımdan Ermənistan və Qarabağda yerləşmiş separatçı qüvvələr üçün heç bir şans qalmayıb. Bunun əsas göstəricisi də ondan ibarətdir ki, oradakı separatçı ruhlu şəxslərin xaricə axını başlayıb və həmin axın gündən-günə güclənəcək. Qarabağdan erməni köçünü gücləndirən əsas amillərdən biri də, inşallah, bu ildən işğaldan azad torpaqlarımıza soydaşlarımızın kütləvi qayıdışının başlanacağı haqda xəbərlərdir. Və təbii ki, həmin proses separatçılara böyük mənəvi-ideoloji təzyiq olacaq. Beləliklə, Qarabağda faktiki məskunlaşan ermənilərin sayı azaldıqca oradakı separatçı meyillər də sıfıra yaxınlaşacaq...”