Prezidentin Şuşa, Füzuli səfərləri bir daha dünyaya göstərir ki, Qarabağa qayıdış layihəsi birbaşa dövlət başçısının nəzarətindədir. Bu istiqamətdə çoxşaxəli işlər görülüb. Şərqi Zəngəzur bölgəsində strateji layihələr həyata keçirilir. Bütün infrastruktur sistemi bərpa olunur, yeni hava limanları inşa olunur.
Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Asim Mollazadə deyib:
"Prezident şəxsən Şuşanın kiçik layihələrinin icrasından başqa, bütün sistemi bilavasitə özünün nəzarətində saxlayır. Azərbaycan qalib gəlib və bu qələbədən sonra yeni imkanlar yaranıb. Bu imkanlardan məharətlə istifadə üçün böyük işlər görmək lazımdır və dövlət başçısı bu istiqamətdə ciddi addımlar atır. Prezident il ərzində işğaldan azad olunmuş rayonlarımıza dəfələrlə səfərlər edib. Bu da onu göstərir ki, hər bir iş planlı şəkildə həyata keçirilir və dövlət başçısının nəzarətindədir.
Prezident bildirdi ki, torpaqların işğaldan azad edilməsində həyatını qurban vermiş bir sıra azərbaycanlıların istəkləri reallaşdı. Bu, Azərbaycan xalqı üçün böyük qələbədir. Məhz qələbədən sonra Qarabağı cənnətə çevirmək planı Azərbaycan xalqının iradəsi ilə bağlıdır".