“Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə üstünlük verir” – Kasım-Jomart Tokayev

12:29 20.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk dəfə keçirilən “Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının Sammiti”ndə çıxış edib.

Hafta.az-ın yazdığına görə, Zirvə tədbirini “tarixi” adlandıran Tokayev bu görüşün zamana çağırış olduğunu və çoxtərəfli əməkdaşlığı yeni səviyyəyə çıxarmağı hədəfləyən ölkələrin qarşılıqlı maraqlarını ifadə etdiyini vurğulayıb.

Körfəz ölkələrinin böyük siyasi nüfuzu, iqtisadi və investisiya potensialı ilə əsas tərəfdaşlar olduğuna diqqət çəkən Tokayev, “Mərkəzi Asiya dövlətləri arasında regiondaxili əməkdaşlığın intensivləşməsi və regionun qlobal əhəmiyyətinin güclənməsi üçün tamamilə yeni imkanlar açır” deyib.

Qazaxıstanın Körfəz ölkələri ilə əməkdaşlıqda prioritet verdiyi sahələri sadalayan Tokayev, ilk növbədə ticari və iqtisadi əlaqələri genişləndirmək istədiklərini dilə gətirib.

Qazaxıstanın Körfəz ölkələrinə ixracını ən qısa zamanda 400 milyon dollar artırmağa hazır olduğunu qeyd edən Tokayev, “Müstəqillik illərində Körfəz ölkələri Qazaxıstan iqtisadiyyatına təxminən 3,6 milyard dollar sərmayə qoyub. Ona görə də biz investisiya sahəsində əməkdaşlığa önəm veririk” deyib.

Mərkəzi Asiya dövlətlərinin hazırda nəqliyyat dəhlizlərini şaxələndirdiyini, müxtəlif infrastruktur və logistika layihələrinin inkişafı üçün fəal şəkildə çalışdıqlarını bildirən Tokayev qeyd edib ki, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə üstünlük verir. “Biz bu marşrut üzrə yük tranzitini sistematik şəkildə artırmağı və 2030-cu ilə qədər illik ötürmə qabiliyyətini 500 min konteynerə çatdırmağı hədəfləyirik”, - deyə bildirib.

Xüsusilə xammalın daşınması üçün alternativ yollar üzərində çalışdıqlarını vurğulayan Tokayev əlavə edib ki, Mərkəzi Asiya dövlətlərinin ərazisində 30 milyard tondan çox neft ehtiyatı və 20 trilyon kubmetrdən çox təbii qaz var.

Qazaxıstanın Körfəz ölkələrinin enerji sektorunda fəaliyyət göstərən iri şirkətləri ilə yaşıl enerji, yeraltı sərvətlərin kəşfiyyatı və neft kimyası sahələrində sıx əməkdaşlığa hazır olduğunu vurğulayan Tokayev turizm sektorunda da əməkdaşlıq təklif edib.

Siyasət rubrikasından digər xəbərlər