“Qazprom” boru şəklində zəfər abidəsi ucaldacaq

13:22 07.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qazprom” Rusiyanın Şimal müharibəsində İsveç üzərində qələbəsini və 1721-ci il noyabrın 2-də Baltik dənizinə çatan ölkənin Rusiya imperiyası elan edilməsini xatırlamaq üçün maraqlı abidə hazırlayır.

Hafta.az-ın yazdığına görə, “Qazprom”un prezidenti Aleksey Miller Sankt-Peterburqda “Rönesans İnşaat” tərəfindən tikilən şirkətin baş ofisi olan “Lahta Center göydələni ilə tanışlıq zamanı prezident Vladimir Putinə 82 metrlik sütunlu abidə haqda izahat verib.

Millerin sözlərinə görə, layihənin ideyası əslində I Pyotra məxsusdur. Abidə Böyük Pyotr tərəfindən tərtib edilib, lakin həyata keçirilməyib. Putinə məlumat verən Miller deyib: “Niyə 82 metr? Bu, 82 metrdir, çünki 1682-ci ildə Pyotr Alekseyeviç Romanov imperator olur və taxta çıxır" deyib.

Miller abidənin “Qazprom”u simvolizə edən içi boş boru olacağını deyəndə, Putin zarafatla cavab verib ki, “Qazprom artıq boru tikməyi bilir”.

Miller onu da bildirib ki, gələcəkdə Lahta Center-in ərazisində 555 və 703 metr hündürlüyündə daha iki göydələn tikiləcək.