Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının ilk paytaxtı Qəbələ şəhərinin yerində 1926-cı ildən başlayaraq müəyyən fasilələrlə arxeoloji tədqiqatlar aparılmaqdadır.
Hafta.az xəbər verir ki, builki çöl-tədqiqat mövsümündə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, professor Qafar Cəbiyevin rəhbərliyi ilə şəhərin Qala adlanan ərazisində tədqiqatlar davam etdirilib. Keçən əsrin 60-cı illərində görkəmli qəbələşünas alim Saleh Qazıyevin rəhbərliyi ilə tədqiqinə başlanan və yarımçıq qalan III qazıntı sahəsində bir ay ərzində aparılan tədqiqatlar zamanı iriölçülü kəsmə mədən daşlarından istifadə olunmaqla inşa edilmiş saray tipli ictimai binanın qalıqları aşkara çıxarılıb.
Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Qafar Cəbiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uzunluğu 18, hündürlüyü 1-8 metr olan tikili öyrənilməkdə olan sahədən şərqə doğru davam etməkdədir. Bu isə həmin tikintinin daha əzəmətli olmasından xəbər verir:”Şəhərin Səlbir və Qala adı ilə tanınan 30 hektarlıq ərazisində ilk dəfədir ki, belə əsaslı və möhtəşəm tikinti qalıqları aşkar olunub. Tədqiqat nəticəsində 220 kvadrat metrlik sahədə 4 əsas tikinti qatı və döşəmə qalıqları qeydə alınıb. Tikinti qatları xronoloji baxımdan ilk orta əsrlər dövründən XVIII əsrədək olan tarixi mərhələni əhatə edir. VIII əsrdən sonrakı dövrə aid tikililərin bünövrəsi çay daşından, üst hissəsi isə müxtəlif ölçülü bişmiş kərpicdən inşa olunub”.
Qafar Cəbiyevin sözlərinə görə, axtarışlar davam etdirilərkən Qəbələnin mövcudluğunun son 1000 illik dövrünü əhatə edən çoxsaylı, həm də rəngarəng çeşidli məişət qalıqları da üzə çıxarılıb. “Həmin nümunələrin içərisində tipi, bədii-texniki və texnoloji fərqlilikləri ilə seçilən zəngin keramika məmulatını xüsusi qeyd etmək olar. Bunlar əsasən inşaat keramikası, şirli və şirsiz məişət qablarından ibarətdir. Hansı ki, bu nümunələr Qəbələnin qədim sakinlərinin məişət və mədəniyyətini, yerli sənətkarların zövqünü, maraq dünyasını və peşəkarlıq səviyyəsini müəyyən etmək baxımından da çox əhəmiyyətlidir. Yeni tapıntılar Qəbələnin Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı rolunu, onun dünyanın digər sənət və mədəniyyət mərkəzləri ilə əlaqələrini daha dərindən öyrənmək baxımından da əhəmiyyətlidir”, - deyə o diqqətə çatdırıb.
Professor deyib ki, hazırda öyrənilməkdə olan sahədə aparılan tədqiqatlar başlanğıc mərhələlədədir. Bu tədqiqatlar 2500 illik tarixi olan qədim Qəbələnin tarixinin bir çox qaranlıq səhifələrinə işıq salacaq.