8 noyabr tək Şuşanın deyil, bütövlükdə Qarabağın azad olunmasının təməl daşıdır. Şuşanın alınmaz qala olaraq mənəvi-psixoloji anlamda bu millətin genetik yaddaşına xüsusi yer tutması perspektivdə bütün işğaldakı ərazilərin azad edilməsinin açarı oldu.
Bu fikirləri hafta.az-a politoloq Natiq Miri bildirib. Onun sözlərinə görə, Qarabağın azad olunmasının ən mühüm əhəmiyyəti, birinci növbədə, millətin psixoloji cəhətdən bütünləşməsi ilə əlaqəlidir. Torpaqlar işğalda olduğu zaman mənəvi-psixoloji bir natamamlıq var idi. Torpaqları azad etməklə bunu bütünləşdirdik və millət olaraq başımızı qaldıra bildik”.
Politoloq bildirir ki, qlobal səviyyədə müşahidə olunan geopolitik mürəkkəblik kontekstində separatizm bəlası ilə üz-üzə olan çox ölkələr bu problemi həll edə bilmirlər. Onun sözlərinə görə, Azərbaycan istisna dövlət olaraq bütün qlobal güclərin maraqlarına baxmayaraq problemi həll etdi. Bu da Azərbaycana qarşı təzyiq mexanizmlərini qeyri-iradi olaraq aradan qaldırmış oldu.
N.Miri qeyd edir ki, Azərbaycan Prezidenti “Qarabağ probleminin həlli ilə bağlı biz qlobal səviyyədə bir çox layları tərpətdik” deyərkən ölkəmiz üçün qanayan yara olan Qarabağ məsələsinin həllini nəzərdə tuturdu. Bu problemin qalması o demək idi ki, istənilən zaman istər Ermənistan və havadarları, istərsə də Rusiyanın bu yaranı qanatmaq imkanları vardı:
“Bu gün Şimali Azərbaycan bir bütündür. Dünyaya siyasi iradəmizi göstərdik. Xalqın birlik nümayişini, gücümüzü göstərdik. Eyni zamanda, Qarabağ zəfərində tək olmadığımızı nümayiş etdirdik. Bu müharibədə mənəvi-psixoloji anlamda yanımızda qardaş Türkiyə də var idi. Bütün Türk dünyasının arzu, istəkləri duaları bizimlə idi. Ona görə də tək olmamağımızla bərabər, bundan sonra artıq birlikdə “Qızıl Alma”ya doğru irəliləyəcəyimizin mesajını verdik. Düşünürəm, bu mesaj alınmışdır. Azərbaycana olunan təzyiqlər də buna yönəlikdir. Azərbaycanın güclənməsini istəməyən bir çox qlobal qüvvə məhz Ermənistan vasitəsilə aranı qarışdırmaq, ölkəmizə qarşı təzyiq mexanizmi yaratmaq istəyirlər. Bunun önünü almağın yeganə yolu xalqımızın, türk dünyasının birliyi, qardaş Türkiyə ilə bir olmaqdan keçir. Bir olarsansa, hürr olarsan!”.
N.Miri bəyan edir ki, son iki əsrdə itirə-itirə gedərkən, artıq bu gün qazanaraq irəliyə doğru addımlaya biləcəyimizi isbat etdik. Bu, milləti özünə qaytardı, hər kəsi dövlətinin gücünə inandıra bildi.