Cənubi Qafqaz yenidən Qərbin siyasi intriqalarına şahidlik etməkdədir. Bu dəfə siyasi gərginliklər meydanı Gürcüstandır – Azərbaycanın dünyaya açılan qapısı və strateji müttəfiqi. Təbii ki, bu ölkədə yaşanan hər bir proses ölkəmizi də yaxından maraqlandırır. İndi gürcülər parlament seçkilərinə hazırlaşırlar. Bu seçkiləri Qərblə-Şərq arasında seçim də adlandırırlar. Seçkiləri maraqlı və təlatümlü edən başlıca səbəb Qərbin hər vasitə ilə Gürcüstanın daxili işlərinə müdaxiləsi və seçimə maksimum təsir etməkdir. İndi vəziyyətin hansı ssenari üzrə davam edəcəyi ciddi suallar doğurur. Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyan seçkilərlə bağlı ekspertlərin də proqnozları birmənalıdır.
“Seçkilərin nəticələri Azərbaycan, Gürcüstan, həm də iki ölkənin gələcək əməkdaşlığı üçün mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə bütün proseslərə bölgənin gələcək inkişafı baxımından yanaşırlar”. Bunu hafta-az-a siyasi təhlilçi Aydın Quliyev deyib.
O qeyd edib ki, bölgədə Azərbaycan və Gürcüstandan başqa sabitliyi pozan, kənar qüvvələrin bölgəyə cəlb edilməsinə çalışan Ermənistan kimi ölkə də var. Ona görə də Ermənistan Gürcüstanda hakim partiyanın seçkilərdən məğlub çıxmasına çalışacaq. Onun fikrincə, Ermənistan Qərbin maraqlarından çıxış edərək bölgənin sabitliyini pozsa da, Azərbaycanla Gürcüstanın birgə fəaliyyəti onun və havadarlarının təsir potensialını zəiflədə bilər.
A.Quliyev hesab edir ki, Gürcüstanda keçirilən parlament seçkiləri çoxistiqamətli siyasi, beynəlxalq, dövlətlərarası təsirə malik hadisədir. Ona görə də həm regon ölkələri, həm də dünya miqyasında seçkinin nəticələri diqqətlə, maraqla izlənilir. Ekspert bildirir ki, bu seçki təkcə Gürcüstanın deyil, bütünlüklə regionun taleyinə, eləcə də Rusiya–Gürcüstan, Gürcüstan–Azərbaycan münasibətlərinə təsir gösətə bilər.
“Bu bölgədə Gürcüstan və Azərbaycan qarşılıqlı əməkdaşlıq münasibətləri etibarilə bölgənin inkişafında, sabitləşməsində mühüm rol oynayırlar. Gürcüstan və Azərbaycanın anlaşıqlı dövlətlərarası münasibətləri bölgədə işgüzar əməkdaşlıq mühitinin yaranmasına öz təsirini göstərir, bölgə daxilindəki problemlərin ölkələrin daxili imkanları ilə həll olunması perspektivlərini müəyyənləşdirir. Bu mənada Azərbaycan və Gürcüstan Qərbin eyni motivli təsirlərinə hədəf seçilirlər”.
A.Quliyev hesab edir ki, Gürcüstanda keçirilən seçkilərə Qərbin, Rusiyanın, Azərbaycanın fərqli münasibətləri var: “Rusiya bu seçkidən sonra, ən azı, indiki status-kvonun saxlanmasında maraqlıdır. Gürcüstandakı hakim qüvvə Rusiyaya daha anlaşıqlı yanaşmaq niyyətindədir. İndiki hakimiyyət Rusiya üçün ən uyğun tərəf müqabili ola bilər. Qərb isə indiyədək qeyri-seçki və digər siyasi üsullardan istifadə edərək, Gürcüstandakı status-kvonu dəyişməyə çalışıb. Onlar bu dəfə də seçkilərdə hakimiyyətin dəyişdirilməsinə çalışırlar. Azərbaycan və Gürcüstan isə bu bölgədə mühüm əməkdaşlıq xətləri açıb və bölgənin problemlərinin daxildə həll edilməsinə meyil göstərir. Ona görə də Azərbaycan hakim partiyanın qalib gəlməsində maraqlıdır. Bu da Gürcüstanla əməkdaşlığı daha da genişləndirəcək. İndiyədək Azərbaycanla Gürcüstan neft, qaz, dəmir yolu layihələrini uğurla həyata keçiribsə, deməli, gələcəkdə də yeni layihələrin həyata keçirilməsinə imkanlar var”.