Regionun geosiyasi mənzərəsi Avropa və Qərb təsisatlarının qərəzli müdaxilələri çərçivəsində gərginləşir. Regionda maraqlı olan güclərin “gizli müharibədə qalib olmaq” cəhdləri terror silahı ilə insanları qorxu, çaşqınlıq, həyəcan içərisində saxlayır. Avropa və Qərb, artıq region iddiaları ilə Ermənistan üzərindən Azərbaycana qarşı növbəti hücumlara hazırlanır.Bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Elşad Mirbəşir bir sıra maraqlı məqamlara diqqət çəkib.
– Son günlər Ermənistan mediası Baş nazir Nikol Paşinyanın 4 kəndi Azərbaycana qaytaracağı ilə bağlı məlumatları xüsusi gündəm olaraq yayımlayır. Kəndlərimizin qaytarılması ilə bağlı hazırkı proses hansı istiqamətdə irəliləyir?
– Söhbət Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərindən gedir. Bu kəndlər hələ 1990-cı illərdə ermənilər tərəfindən işğal edilib və Tavuş rayonunun ərazisinə qatılıb. Ermənistan bilir ki, Azərbaycan öz ərazilərinin bir qarışından da imtina etməyəcək. 2020 və 2023-cü illərə qədər Azərbaycanın çağırışlarına lazımi cavab verilməməsinin nəticəsinin necə olduğunu da gördü. Ermənistan yaxşı bilir ki, öz xoşu ilə qeyri-eksklav kəndləri Azərbaycana təhvil verməkdən başqa yolu yoxdur. Hazırda bunu Ermənistan rəhbərliyinin ritorikasında müşahidə etməkdəyik. Paşinyan Qazax rayonu istiqamətdində sərhəd bölgəsinə səfəri zamanı da əhaliyə bildirdi ki, biz bu kəndləri qaytarmasaq müharibə olacaq və bu savaş Ermənistan üçün fəlakət gətirəcək. Sərhəd zonasının erməni sakinləri də bunu yaxşı bilir.
Azərbaycan Prezidenti 10 yanvar 2024-cü il tarixində yerli televiziyalara müsahibəsi zamanı dedi ki, 4 qeyri-eksklav kənd qeyd-şərtsiz geri qaytarılmalıdır. Digər eksklav olan 4 kənd isə sərhədlərin delimitasiyası prosesində Azərbaycana təhvil verilməlidir. Bütün hallarda Azərbaycan bütün ərazilərinə nəzarətini təmin edəcəkdir. Ermənistan parlamentinin sədri Alen Simonyan bu günlərdə bildirib ki, həmin kəndlər Azərbaycana məxsusdur. Deyib ki, o vaxtlar həmin ərazilərdən Gürcüstana keçən zamanlar bu ərazilərə baxıb, “Bura Azərbaycan ərazilərdir”, – söyləyirdilər. Bu baxımdan, Ermənistan yaxın zamanlarda o kəndləri Azərbaycana təhvil verməlidir. Bunun alternativi yoxdur. Ümumən, Ermənistanın nəzarətində olan 8 kəndimiz mütləq şəkildə Azərbaycana qaytarılmalıdr.
– 44 günlük Zəfər savaşından sonra Avropa, Qərbin bir çox təsisatları tərəfindən Azərbaycana qarşı yönələn təhdid, təzyiqdolu çıxışlar Ermənistanın Azərbaycana qarşı revanşist yanaşmasını, sanki kölgədə qoyur. Üstəlik, Qərbdən Ermənistana əlavə təhlükəsizlik təminatının veriləcəyi ilə bağlı danışıqlar gedir. Bununla nəyə nail olmağa çalışırlar?
– Həmişə müşahidə elmişik ki, Qərb mövqeyində səmimi deyil. Qərb Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması imkanı yaranmasından narahatdır. Münaqişə olan zaman regiona çox rahat şəkildə müdaxilə edə bilirdilər. Münaqişə vəziyyəti Azərbaycanın gücü, iradəsi ilə ortadan qalxıbsa, deməli, Qərbin regiona müdaxilə imkanları da məhdudur. Qərb strukturları, dövlətləri davamlı surətdə Azərbaycanla Ermənistan arasında sülh olmasını istədiklərini bildirsələr də, görünən budur ki, mövqeləri saxtadır. Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür, qərəzli mövqe formalaşdırır, qətnamələr qəbul edirlər. Deməli, həmin güclər regionda sülh istəmir. Ermənistan hakimiyəti Qərbin təsiri altındadır. Belə olan halda, Ermənistan Qərbdən gələn təlimatlar əsasında davranır. Onlar regionda gərginliyin artmasında maraqlıdırlar.
Bildiyiniz kimi, aprel ayının 5-də ABŞ dövlət katibinin, Avropa komissarı Fon Der Linin və Ermənistan Baş nazirinin görüşü planlaşdırılır. Orada Ermənistana əlavə təhlükəsizlik təminatlarının verilməsini nəzərdə tutacaq sənədin imzalanması gözlənilir. Ermənistanın əlavə təhlükəsizlik təminatına ehtiyac olmadığı halda, belə bir təminatın nə məqsədlə verildiyi aydındır. Ermənistana heç kim hücum etmək istəmir, onun təhlükəsizliyinə heç bir təhdid mövcud deyil. Əksinə, Ermənistan regionda daim işğalçılıq və təcavüzkarlıq siyasəti həyata keçirən dövlətdir. Deməli, Avropa Ermənistana “əlavə təhlükəsizlik təminatı” adı altında daha yaxından hərbi-siyasi müdaxilə etmək istəyir. Belə olan halda, Ermənistanı regionda vəziyyəti qarışdırmağa sövq edəcəkdir. Ermənistan sistemli şəkildə silahlandırılır, NATO ilə yaxından əməkdaşlıq edir, öz ordusunun NATO satandartlarına uyğun formalaşdırılması istiqamətində ciddi hərəkətlənmə aparır. Bütün bunlar gələcəkdə Ermənistanı bir plasdarma çevirməyə hesablanıb. Qərb Ermənistana erməni maraqları naminə dəstək olmur. Məsələn, aparıcı məsələlər üzrə Avropa rəsmisi Cozef Borel açıq mətnlə bildirdi ki, Ukraynanı Ukraynanın maraqları üçün deyil, öz mənafeyimiz naminə dəstəkləyirik. Ukraynanın dəstəklənməsi Amerika Birləşmiş Ştatlarının maraqlarına cavab verir. Deməli, Ermənistana da öz maraqları naminə dəstək verirlər. Qərbin region maraqları bütövlükdə bölgə üçün çox təhlükəlidir.
Qərb bu prosesdə Azərbaycanı öz təsiri altına salmaq niyyətini güdür. Azərbaycan öz milli maraqları müstəvisində müstəqil siyasət yürüdür. Ermənistanı Azərbaycana qarşı dəstəkləmək istəyində olduqlarını gizlətmirlər.
– Qərbin Ermənistanı Rusiyadan qoparmaq iddiası özünü doğruldurmu?
– Ermənistanla Rusiya arasında olan mövcud münasibətlər SSRİ-nin süqutundan sonra heç vaxt olmadığı qədər gərgindir. Qərbin təlimatları əsasında Ermənistan Rusiya ilə olan bütün bağları qoparmağa çalışır. Bildiyimiz kimi, Ermənistan Rusiya ilə eyni təhlükəsizlik platformasında olmağın əhəmiyyətsizliyinə açıq mətinlə işarələr edir. Belə olan halda, Qərbin Ermənistanı Rusiyaya qarşı növbəti cəbhə kimi istifadə etmək istəyində olduğunu müşahidə etməkdəyik. Bu da regionda ümumi vəziyyətə çox ciddi mənfi təsir göstərəcəkdir. Azərbaycan Prezident də bunu dəfələrlə qeyd edib ki, regiona kənar güclərin müdaxilə etməsinə qarşıdır. Prezident, hətta parlamentdə andiçmə mərasimində dedi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsinin süni olaraq beynəlxalq əhəmiyyətini şişirdirlər. Buna ehtiyac yoxdur. Bu, Azərbaycan və Ermənistan arasında olan məsələdir. Ölkə başçısı ona işarə edirdi ki, kənar güclər regiona müdaxilə etməsinlər. Belə müdaxilələr olduqca təhlükəli nəticələrə gətirib çıxara bilər.
– Rusiyada baş verən terror aktının dini qruplaşmalar tərəfindən törədildiyi barədə Qərbin yaydığı məlumatların regionda baş verən geosiyasi proseslərlə bağlılığı, təsiri nə ola bilər?
– Bu terror aktı dinc insanlara qarşı törədilmiş qanlı cinayət idi. Çox təəssüf ki, terror, dövlətlərarası münasibətlərin aydınlaşdırılması aləti rolunda çıxış edir. Bu da bütövlükdə qlobal səviyyədə təhlükəsizliyə çox ciddi təhdidlər yaradır. Rusiyada törədilmiş qanlı cinayətlə bağlı hələlik istintaq davam edir. Rusiya rəsmiləri bu aktın sifarişçilərinin Qərbdə olduğunu bildirirlər. Ümumiyyətlə, terrorun bütövlükdə İslam dünyasına da çox böyük mənfi təsiri var. Görünür, bu terroru təşkil edənlər Rusiyanın daxilində müsəlmanlara qarşı kin, nifrət oyatmağa çalışıblar. Bu, Rusiyada genişmiqyaslı qarşıdurmalara gətirib-çıxara bilər ki, bununla da ölkədə daxili münaqişələr yarana bilər. Hesab edirəm, terror əsasən buna hesablanmışdı. Rusiyada 20 milyondan artıq müsəlman yaşayır. Ona görə də Vladimir Putin məsələ ilə bağlı münasibət bildirəndə terrorun bütövlükdə İslamla əlaqələndirilməsini düzgün hesab etmədi. Vurğuladı ki, bəli, bu, radikal islamçılar tərəfindən edilib, amma bunun sifarişçiləri başqadır. Sifarişçilərin kimliyi ilə bağlı istintaqın nəticəsi olaraq məlumatlar veriləcək.
Azərbaycan isə daim erməni terrorundan əziyyət çəkib. Ermənistan terroru dövlət siyasəti səviyyəsinə qaldırıb. Biz bunu hər zaman müşahidə etmişik. Ona görə də Azərbaycanda təhlükəsizliyin təmin olunması məsələsinə hər zaman həssas yanaşılır. Nəzərə almaq lazımdır ki, 1999-cu ildə terrorizmə qarşı mübarizə ilə bağlı Azərbaycan Respublikasnın qanunu qəbul olunub. Bütün hallarda Azərbaycan hazırda post-münaqişə mərhələsindədir. Ermənistan döyüş meydanında Azərbaycana ağır məğlub oldu. O da ehtimal oluna bilər ki, başqa yollarla bizim dövlətə, xalqımıza qarşı revanş mübarizəsini davam etdirmək istəyəcəkdir. Ermənistana kənar güclərin dəstəyinin aşkar müşahidə olunması bu istiqamətdə ehtimalları daha da gücləndirir. Yəni Qərb bir qayda olaraq, mübarizə formalarından biri kimi terroru aktiv saxlayır. Qərbin bu gün Ermənistana, erməni separatizminə açıq dəstək verdiyini də görməkdəyik. Ermənistanın silahlandırılması, ona əlavə təhlükəsizlik təminatının verilməsi ona işarə edir ki, o, Azərbaycana qarşı mübarizəni davam etdirmək niyyətindədir. Biz hər zaman ayıq olmalı, təhlükəsizlik sisteminin çevik olmasına diqqətli yanaşmalıyıq.
– Xankəndidən öz xoşları ilə köçüb-gedən ermənilərin “etnik təmizləmə” iddiası ilə geriyə qaytarılması məsələsi Qərb dairələrinin Azərbaycana qarşı istifadə etdiyi bir alət kimi nə dərəcədə təsiredici gücə malikdir?
– Azərbaycan ərazisində yaşayan ermənilərin, demək olar ki, böyük əksəriyyətinin əli azərbaycanlı qanına bulaşmışdı. Onlar separatizm fəaliyyəti ilə məşğul olmuşdular. Azərbaycan onları silahı yerə qoyub, reinteqrasiya prosesinə qoşulmağa çağırsa da, onlar ərazilərimizi tərk etdilər. BMT-nin faktaraşdırıcı missiyası 2 dəfə bölgəyə səfərə gəlib təsdiq etdi ki, ermənilərə qarşı zorakılıq tətbiq edilməyib. Həmin ermənilərin hamısında Ermənistan pasportu var. Bu o deməkdir ki, Ermənistan vətəndaşları 30 il müddətində Azərbaycan ərazisində qeyri-qanuni mövcud olublar. Bunun özü ayrıca məsuliyyət yaradır. Sual olunur: həmin ermənilərin Azərbaycan ərazisində qalmaq imkanları olduğu halda, niyə əraziləri öz istəkləri ilə tərk etdilər və bu gün hansı məqsədlə yenidən Azərbaycan ərazilərinə qayıtmaq istəyirlər? Deməli, bunların məqsədləri yenidən Azərbaycan ərazilərində separatçılıqla məşğul olmaqdan ibarətdir.
Fevral ayında Qarabağdan könüllü gedən ermənilər İrəvanda “Miatsum” hərəkatının 36-cı ildönümü ilə bağlı böyük bir aksiya keçirdilər. Yəni onlar yenə də “Miatsum” utopiyası ilə yaşayırlar. Deməli, onların məqsədi separatizmi Azərbaycan ərazilərinə transfer etməkdən ibarətdir. Görünən odur ki, Qarabağ ermənilərindən də Azərbaycana qarşı təsir kimi istifadə etməyə çalışırlar. Hesab edirəm ki, Azərbaycana qarşı bütün məkrli niyyətlər elə başlanğıcdan fiaskoya uğrayacaq.
Tahirə Qafarlı