“Qeyri-qanuni immiqrantlar ölkənin təhlükəsizliyinə ziyan vurur” – Pakistanlı general

09:50 08.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan mətbuatında yer alan xəbərlərə görə, general Munir Pişəvərdə verdiyi açıqlamada qeyri-qanuni mühacirlərin deportasiya edilməsi qərarının ölkənin maraqlarına uyğun olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, Munir qeyri-qanuni mühacirlərin ölkənin təhlükəsizliyinə və iqtisadiyyatına ciddi təsir etdiyinə diqqət çəkərək, bu insanların vətənlərinə göndərilməsinin insanpərvər və şərəfli şəkildə edildiyini bildirib.

Bildirilir ki, Pakistanın qeyri-qanuni mühacirləri deportasiya etmək qərarının arxasında Hayber Paxtunxva və Bəlucistan əyalətlərində artan terror aktları dayanır.

Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanla Pakistan arasında təhlükəsizliklə bağlı problemlər yaranıb. İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Taliban administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edir. Taliban isə Pakistanın iddialarını rədd edir və ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını bildirir.

Son aylar iki ölkə arasında bu kontekstdə müzakirələr artsa da, Pakistan hökuməti ölkədə qeydiyyatsız yaşayan və sayı 1,7 milyonu keçən qeyri-qanuni mühacirlərdən Pakistanı tərk etmələrini istəyib. Getməyənlərin deportasiya ediləcəyi açıqlanıb. Bu insanların əksəriyyəti Əfqanıstan vətəndaşlarıdır.

Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid, Pakistanın qərarından sonra 450 mindən çox əfqanın Pakistandan ölkələrinə qayıtdığını açıqlayıb.