QHT-lərə ögey-doğma yanaşmalar var - Rauf Zeyni

18:12 01.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ölkə yeni mərhələdə. Azərbayacan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalı və bu gün də ikilistandartla çıxış edən beynəlxalq ictimaiyyət haqqa dəvət olunmalıdır. Bunun üçün nə etməli və vətəndaş cəmiyyətlərinin üzərinə hansı məsuliyyət düşür? Bu barədə hafta.az-a müsahibə verən Milli QHT Forumunun rəhbəri Rauf Zeyni maraqlı nüanslara diqqət çəkib.

-Rauf müəllim, QHT olaraq bir qədər əvvəl Ağdama səfəriniz oldu. Belə səfərlərin məqsədi təbii ki, əldə olunan informasiyaları dünyaya çatdırılmaq missiyasını daşıyır. Bu səfərlər ilkin olaraq öz məqsədinə nail ola bildimi?

-Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun tarixi qələbəni əldə eləməsi regionda və dünyada yeni bir mühit yaradıb. Azərbaycan Cənubi Qafqazda yeni bir söz sahibinə çevrilib. Belə bir mərhələdə cərəyan edən prosesləri düzgün dəyərləndirməli, region ölkələri ilə münasibətləri necə tənzimləyəcəyimizi bilməliyik. “Zəngəzur mahalından ta Ömər aşırımına qədər, Ağdamdan tutmuş, ta Cəbrayıla Zəngilana, Xankəndinə qədər hansı tədbirləri görməliyik”- sualına aydınlıq gətirməliyik. Proseslərə Şuşa Bəyannaməsi fonunda diqqət çəkərək həm də hansı zirvədən hara baxacağımızı ölkə prezidentinin dünyaya verdiyi məsajlara əsaslanaraq müəyyən etməliyik. Zəngəzur, Göyçə, İrəvan mesajları elə-belə deyil. Biz bu kontekstdə yeni dövrün yeni işarələrindən irəli gələrək hərəkət edirik və Ağdam da bu müstəvidə edilən səfərlərdən biridir.  

-Ermənistan revanşist iddialarından əl çəkmir, reallıqda Azərbaycanın suverenliyi sülhməramlıların iştirakı və vecsiz davranışları ilə pozulur, Azərbaycana qarşı soyqırım edilib və fakt ortada. Mövcud şəraitdə xaricdə təbliğatımız necə qurulur  vətəndaş cəmiyyətləri olaraq sizlər bu istiqamətdə hansı addımları atırsız?

-Biz Ağdam səfərini 6 aydan çox olar ki, gözlədik. Məsələn, Amerikanın keçmiş səfiri Ağdama gedib gələndən sonra demişdi ki, “yer üzündən silinmiş şəhər, Ağdam ruhlar şəhəri, Qafqazın Xirosiması”. Çox doğru bənzətmə idi. Erməni vandalizmini gözümüzlə gördük. Ermənilər Xurşud Banu Nətavanın qəbrindən tutmuş bütün o qalalarımıza, abidələrimizə qədər hamısını goreşən xisləti ilə dağıdıblar. O yerlərdə ekomühit, ruhu, mənəvi, fiziki  tarazlıq pozulub.

Bu səfərlərin çox böyük tarixi əhəmiyyəti var. Birincisi, vətənimizdir, işğaldan azad olunub, onun qürurunu yaşayırıq. Eyni zamanda bilirik ki, qarşımızda çox böyük işlər var. QHT-ləri öz gücünü dünya ictimaiyyətini, şirkətləri, beynəlxalq qurumları torpaqların minalardan təmizlənməsinə, bərpasına cəlb etməlidir. Bir sözlə, təpədən dırnağa qədər işğaldan azad olunmuş ərazilərdə yenidən bərpa işlərinə qoşulmalıyıq.  Bununla belə bilirik ki, Ağdam çox yüksək səviyyədə bərpa olunacaq, çox möhtəşəm bir şəhərə, bölgəyə çevriləcək və əhalimiz ora böyük qayıdışı həyata keçirəcəkdir.

- Erməni vandallığını biz bilirik, bunu bir də dünya görməlidir. Bunun üçün diasporaların xüsusilə aktiv işləməsi tələb olunur. Bu barədə nələri söyləyərdiz.

-30 il işğal faktını dünyaya daşımışıq, indi də işğaldan sonrakı vəziyyəti dünyaya daşımalıyıq. Bu bizim müqəddəs borcumuzdur. Təbii ki, bu daha sistemli şəkildə, daha böyük imkanlar çərçivəsində, media qurumlarının öz imkanları, eyni zamanda həm sahibkarların, həm dövlətin, diasporun dəstəyi, lobbiçilik fəaliyyəti ilə güclənməlidir. Baxmayaraq ki, torpaqlarımızın işğaldan azad olunması çox tarixi zəfər oldu, amma pandemiya dövrü bizim dünyaya çıxış imkanlarımız xeyli məhdudlaşdırır. Zoom, onlayn toplantılardan başqa imkanlarımız qalmayıb. Buna baxmayaraq, yəhudilərin bir sözü var: deyir, istənilən çıxılmaz yoldan ən azı iki çıxış yolu var.  Biz dəyərləndirməliyik və nə mümkündürsə onadan da artığını eləməliyik ki, qısa zamanda ölkəmiz bərpa olunsun.

-Hamı “olmalıdır” deyir. Realda bizim xaricdə olan imkan sahiblərimizin Qarabağ çıxışlarını, tədbirlərini, xeyriyyəçi addımlarını, müəyyən xarici siyasətçiləri Azərbaycan adına danışmağa sövq etməsi məqamları ilə rastlaşırsızmı, bu istiqamətdə proses necə gedir?

-Burda əlbəttə ki, nöqsanlarımız, çatışmayan cəhətlərimiz, problemlərimiz var. Biz bunu gizlətmirik. Ancaq milli təəssübkeşliyi olan insanlarımız da var. Biz də vətəndaş cəmiyyətləri olaraq onları təkliflərlə zənginləşdirməliyik. Biz media, vətəndaş cəmiyyətləri olaraq onlara yaxşı təkliflər, layihələr, təşəbbüslər göndərməliyik ki, həmin layihələri maliyyələşdirsinlər, lobbiçilik həyata keçirsinlər.

-Onların öz təşəbbüsü yoxdur?

-Onların öz təşəbbüsləri var. Müəyyən məsələlər var ki, həm parlamentlərdə, həm ölkələrdə öz mübarizələrini aparıb sözlərini deyirlər. Əvvəla o zənginlərin çoxu əlçatmazdır.Yəni onlara hər hansı məqalə və yaxud hər hansı bir formada layihə göndərmək asan deyil, Onlar o qədər çərçivəyə salınıblar ki, öz ətrafları onlara çatmağa imkan vermir.

Bu böyük problemdir. İkinci bir tərəfdən onlara verilən layihə o qədər beynəlxalq miqyasda olmalıdır ki, iş adamının diqqətini cəlb eləsin. Lobbiçiliyi həyata keçirmək üçün çox güclü bir milli sistem olmalıdır.  Azərbaycan diasporunun beynəlxalq sistemi olmalıdır və kiminsə gedib kimisə axtarmağa ehtiyacı qalmamaldır. Elə olmalıdır ki, sən burda onun nümayəndəsi ilə rahat şəkildə əlaqələr qura biləsən. Və milli mənafelərin müdafiəsinə görə, o təklif ortaya gələn kimi dəyərləndirilməlidir. Burda hər hansı tərəfkeşlikdən, hər hansı qrup maraqlarından söz getməməlidir. Əgər milli maraq hər şeydən yüksəkdə olmasa, onda əlbəttə ki, həmin layihələr də effekt verməyəcək və kiminsə qrup maraqlarına xidmət edən bir şey olacaq. Ona görə də biz 30 ildir bu istiqamətdə addımlar atırıq, problemin kökü hardadadır, nədən qaynaqlanır bilirik.

-Bir QHT, vətəndaş cəmiyyətləri olaraq gücünüzü, öz təsirinizi xaricdə cücərdib Azərbaycanın haqq səsinin dünyaya nə dərəcədə çatdıra bilirsiz?

-Azərbaycanda 4000-ə qədər QHT təşkilatı dövlət qeydiyyatına alınıb. Az deyil. Amma bununla bərabər 27 sentyabrda əks hücum əməliyyatları barədə əmr veriləndə cəmi 1128 QHT ölkə Prezidentinin siyasətini dəstəkləməsi haqqında bəyanat verdi. Sual olunur: bunların qalanı harda idi. Onlar demək olar ki, yoxdur. Sadəcə qeydiyyatdan keçiblər.

-Sizin o QHT-lərin harda olmasından niyə xəbəriniz yoxdur, niyə nəzarətsizdirlər?

-Biz heç bir QHT-yə nəzarət eləmirik. QHT azad bir qurumdur, müstəqil ictimai birlikdir.  Biz sadəcə onların koordinasiyasını həyata keçiririk.  Milli QHT Forumunun nizamnaməsinə görə biz üzv təşkilatlarımızın daxili işlərinə qarışmırıq. Məsələn, elə ideyalar var ki, siz onu ancaq gerçəkləşəndə görürsüz. O təklifi kim verdi, kim ona lobbiçilik etdi,  bilmirsiz.

-Elə məsələlər vardır ki, “biz QHT-lərin işinə qarışmırıq” fikri qüvvəsini itirir.

-Biz milli maraqları əsas götürən QHT-ləri bir araya gətirib bir sıra kütləvi tədbirlər keçirmişik. Məsələn, Ermənistan-Türkiyə sərhəddinin açılmasına etiraz olaraq  300 QHT 2009-cu il 7 apreldə İnsan Hüquqları İnstitunda ayağa qalxdıq. Sonra Türkiyədə lobbiçilik məsələlərini həyata keçirmək üçün işlər gördük. Türkiyə bizim qardaşımızdır, bir millət iki dövlətik. Ancaq biz Türkiyəyə gedəndən sonra gördük ki, bir millət, iki dövlət olmağımıza baxmayaraq  orda böyük işlər görməyə ehtiyacımız var. Biz orda kimin harda nə qədər zəiflikləri, problemlərinin olduğunu gördük. Təəsüflər olsun ki, bəzi adamlar o işləri nəzərə almır. Bu gün QHT-lərin maliyə və digər problemləri var. Onun fəaliyyətində müyyən  fasilələrin olması böyük kadr itkisi deməkdir. Maddi-texniki bazanın olmaması çox böyük problem yaradan məsələdir.

-O bazanı sizə kim yaratmaldır?

-Dövlət yaratmalıdır.

-Niyə QHT-lər ciddi layihələrlə çıxış edib özünü doğrulda bilmir?

-Bilirsiz, bir layihənin icra olunmasından söhbət getmir. Vətəndaş cəmiyyətinin illik təminatı olmalıdır, ona ofis verilməlidir. Elə aparıcı QHT-lər var ki, bizim səsimizi dünyaya çatdırıb lobbiçiliyimizi həyata keçirə bilər. Cənab Prezident demişkən, biz birlikdə güclüyük. Biz o gücü ortaya qoymalıyıq. Yoxsa hərəyə bir layihə verib baş qarışdırmaq çıxış yolu deyil. Birincisi, ölkədə layhə təqdim etmək üçün çox məhdud sayda təşkilatlar var. İkincisi, ildə 6 milyon vəsaitlə vətəndaş cəmiyyətindən çox şeylər gözləməməliyik.  Əgər biz deyiriksə ki, ölkəmizə qarşı milyardlarla vəsaitə mübarizə aparanların qarşısına heç olmasa milyonlarla çıxaq, bunun üçün QHT-lərə imkan verməliyik.

- Necə ildir QHT-lər yaranıb. Bəs indiyə qədər o problemlər həll olunmayıb?

-Azərbaycan müstəqillik əldə edəndən QHT-lər var.

Dəfələrə  müraciətlər olub. Bütövlükdə vətəndaş cəmiyyətlərinin problemləri ilə bağlı müxtəlif ekspert dəyərləndirmələri olub. Ölkə prezidentinə müraciətlər ünvanlanıb. Bir tərəfdən torpaqların işğal altında olması ilə bağlı problemlərimiz var idi. İndi torpaqlar işğaldan azad olunub, təbii ki, ərazilər qurulmalıdır, ora qayıdış olmalıdır. İndi də bu məsələlər var. Bax bütün mənalarda həmişə arxa planda gözləmişik ki, problemlərimiz nə vaxt həll olunacaq.  QHT-lərin  maliyyə problemi, biganəlik, ögey -doğma yanaşmalar var. Bu illər ərzində media nümayəndələri, gənclərlə ölkə prezidentinin görüşləri olub. Prezident bir dəfə də QHT-lə görüşməyib, bu hardan qaynaqlanır nə problem var, nədir məsələ.

-Sizin nümayəndəniz Azay Quliyev oturub Milli Məclisdə yəqin ki, problemləri qaldırır.

-Əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, indi də Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev dəfərlərlə Milli Məclisdə məsələni qaldırır. O Milli Məclisdə çıxış edib deyirsə ki, Maliyyə Nazirliyi 1 milyon  da vəsait versin, nazirlik buna heç bir münasibət bildirmirsə, yaxud əlaqədar qurumlar bu məsələlər biganə yanaşırsa nə edə bilərik. Bu günə qədər Agentliyin maliyyəsi verilməyib. Bu çox ciddi məsələdir.

Oxunma sayı 92