“Qırmızı Xaç”ın Qarabağda “humanitar” fəaliyyəti - RƏY

12:57 13.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabagda qacaqmalçılıq fəaliyyəti ilə məşgul olub bunu biznesə çevirməsi ilə bağlı faktlar ortaya çıxıb. BQXk-nin öz statusundan belə bir formada sui-istifadənin arxasında hansı maraqlar dayanır? Azərbaycanın atacağı addımlar necə olmalıdır?

Millət vəkili Fazil Mustafa hafta.az-a bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağda göstərdiyi fəaliyyətin ifşa olunması olduqca vacib məsələdir. Deputat BQXK-nin dəfələrlə ermənilərə müəyyən logistik dəstək verməsi, silah-sursat daşıma, onlara kəşfiyyat xidmətinin göstərilməsi ilə bağlı siqnalların daxil olduğunu qeyd edərək, bunu üzücü hal kimi qiymətləndirib.

F.Mustafa bildirir ki, Azərbaycan tərəfi BQXK-nin fəaliyyətini sənədləşdirib: “Bu qurum öz funksiyasından kənara çıxmamalıdır. Bu qurumun təmsilçiləri içərisində ermənilərə dəstək verən, müəyyən dərəcədə onlara simpatiya bəsləyən  şəxslər olsa da, ən azı bunu biruzə verməməli idilər. Bu təşkilat ən azı beynəlxalq hüququn tələbinə uyğun davranmalıdır”.

Deputat hesab edir ki, Azərbaycan qəti şəkildə bu təşkilatın qeyri-qanuni fəaliyyətini beynəlxalq təşkilatlara, beynəlxalq ictimaiyyətə çatdırmalı, bu tip fəaliyyətə qarşı müəyyən məhdudiyyətləri təmin etməlidir. Əks halda, BQXK-nin vasitəçiliyi ilə burada terrorçu fəaliyyətini daha da genişləndirə bilərlər.  Ona görə də F.Mustafa hesab edir ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı mövqeyini müəyyən dərəcədə izah etməlidir. Sonradan bizə qarşı “Beynəlxalq cəmiyyətin fəaliyyətinə mane olurlar”, yaxud “Yolumuzu bağlayırlar”, – deyə yalan təbliğat apara bilərlər.  

Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə isə, Beynəlxalq Qırmızı Xaç Komitəsi özünün  nizamnamə və prinsiplərində nəzərdə tutulduğu kimi,  humanitar deyil, anti-humanitar fəaliyyət göstərir.

“BQXK beynəlxalq hüququ, Azərbaycan qanunlarını pozur. Belə olan halda, bu təşkilatı necə humanitar təşkilat adlandırmaq olar?  Bir təşkilat humanitar adı altında qaçaqmalçılıqla məşğul olursa, başqa ölkəyə qeyri-qanuni qadağan edilmiş əşyalar daşıyırsa,  bir ölkənin sərhəd suverenliyini pozaraq onun ərazisinə daxil olursa, ona beynəlxalq təşkilat demək fəaliyyətini humanitar adlandırmaq olmaz. Ona görə də dərhal o təşkilatın nümayəndələrinə  Azərbaycan ərazilərinə özbaşına daxil olmasına qadağa qoyulmalıdır. Əgər bu gün qaçaqmalçılıq edirsə, kimin təminat verir ki, sabah ölkəmizə terrorçu vasitələr, xüsusi xidmət orqanlarının nümayəndələrini daşımayacaqlar”.

Deputat xatırladır ki, Azərbaycan bir müddət əvvəl bəyan etmişdi ki, Qırmızı Xaç Komitəsi Azərbaycan ərazilərindəki ermənilərə Bakı ofisi vasitəsilə yardım olunmasını təklif edib. 

“O zaman bundan imtina etmələrinin səbəbi indi bəlli oldu. Demək, onların fəaliyyəti anti-humanitar, anti-sülh fəaliyyətidir. Əgər Qırmızı Xaç Komitəsi humanitar işlərlə məşğul olmaq istəyirsə, buyurub, Bakı ofisi vasitəsilə fəaliyyət göstərsin. Əks təqdirdə, fəaliyyəti qadağan edilməlidir”.

Siyasət rubrikasından digər xəbərlər