Radikal cərəyanlar zərərsizləşdirməlidir - Mirmahmud Mirəlioğlu

17:25 30.03.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Klassik Xalq Cəbhəsi Partiyasının sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu ilə hafta.az üçün budəfəki söhbətimizdə Moskvadakı konsert mərkəzindəki terror aktı, həmin terror olayının bəzi qüvvələr tərəfindən bilavasitə gerçək İslamla əlaqələndirilməsi, Azərbaycanda İslamla maskalanan radikal qruplaşmalar, Azərbaycan-Ermənistan sülh prosesi, Ramazan ayı və digər mövzulardan bəhs etdik. 

–  Mirmahmud bəy,  son 40-50 ildə dünyada, o cümlədən Azərbaycanda və Rusiyada bir çox terror olaylarının şahidi olmuş bir siyasət adamı kimi Moskvadakı son terror olayı ilə bağlı hansı nəticələrə gəlmisiniz?

– Terror hadisələrindən, ümumiyyətlə, kimsə sığortalanmayıb.  Baş verənlərin hər biri də özünəməxsusdur. Terror daha çox siyasətə xidmət etdiyinə, siyasətin bir tərkib hissəsinə çevrildiyinə görə, onun qarşısı qətiyyətlə alınmalıdır. Moskvada baş vermiş terror da nə birincidir, nə sonuncu. Təbii ki, bəşəriyyətin şüurlu, vicdanlı hissəsi hər zaman terrorçuluğun əleyhinədir. Daha çox da Azərbaycan xalqı olaraq biz terrorun əleyhinəyik, çünki son 30-35 ildə terrorçuluqdan daha çox əziyyət çəkənlərdən biri də bizik. Belə hadisələr arzuolunmaz olaylardır. Təəssüf ki, insanlıq öz yanlış yanaşmaları ilə arzuolunmazları gerçəkliyə çevirməkdədir... Terroru lənətləyirik, pisləyirik, amma bununla iş bitmir....

– Bilavasitə “Krokus Siti”dəki terror olayı, sizcə, daha çox Rusiya daxilindəki proseslərdən qaynaqlanır, yoxsa xaricdən?

– Hər halda, bu terror olayı ilə bağlı araşdırmalar davam etdiyindən qəti fikir söyləmək doğru deyil. İlkin qənaətim odur ki, dediyiniz hər iki hal var...

– Bəzi qüvvələrin Ramazan ayında baş vermiş Moskvadakı son terror olayını bilavasitə gerçək İslamla əlaqələndirməsinə necə baxırsız?

– Son onilliklərdə hər zaman “radikal islamçı”, “cihadçı” və s. adlanan təşkilat və qruplaşmaların həyata keçirdiyi müxtəlif terror aktlarından gerçək İslamın da, müsəlmanın da, türkün də əleyhinə istifadə olunubdur. Deyilənlər heç vaxt özünün təsdiqini tapmayıb və tapmır. Müəyyən maraqlı qüvvələr belə fikirlər, şüarlar səsləndirsələr də, İslamı, müsəlmanları hədəf almağı öz kursları götürsələr də, dünyanın müxtəlif nöqtələrində “islamçı təşkilatlar” tərəfindən törədilən terror aktlarının gerçək İslamla və müsəlmanlarla əlaqəsi heç vaxt sübuta yetirilməyib və yetirilə bilməz də. Sadəcə, bu işlərin ideya müəllifləri, icraçıları onlardan müəyyən mərhələlərdə faydalana bilirlər. İstənilən terror aktının başqa bir cəhəti var ki,  o, hadisənin özü ilə bitmir. Söhbət onu planlaşdıran, gerçəkləşdirən, ondan hansısa siyasi və qeyri-məqsəd üçün yararlanan qüvvələrin terror aktından sonra görəcəkləri işlərdən gedir. Bir də var terrorun konkret olaraq keçirildiyi ərazidə, ölkədə ona münasibət və xaricdən göstərilən münasibət.  Hesab edirəm, indiki halda da istər Rusiyanın daxilindən, istərsə də xaricdən məlum konsert-əyləncə mərkəzindəki terror aktının gerçək İslamla əlaqələndirilməsi cəhdləri puça çıxacaq...

– Azərbaycanda İslamla maskalanan radikal qruplaşmalar varmı və onlar nə dərəcədə aktivdir?

– Bu sual, belə deyək ki, ikimizin arasında söhbətdə bir cür qiymətləndirilir, amma təhlükəsizlik xidmətlərinin dəyərləndirilməsi tamam fərqlidir, hətta oxucuların da dəyərləndirməsi fərqlidir. Hesab edirəm, Azərbaycanda radikal dini qruplaşmaların qarşısının alınması üçün ciddi kurs götürülüb. Bundan sonra da hər hansı təmayüllü radikal cərəyanlar zərərsizləşdirməlidir. Yəni gələcəkdə baş verə biləcək terror olayların qarşısı bu gündən profilaktik tədbirlərlə alınmalıdır. Fəqət, radikal qruplara, terrorçuluğa qarşı mübarizədən fantastik dərəcədə hər kəsin şəxsi təxəyyülünə uyğun sui-istifadə etməsi də doğru deyil...

Hər halda, hamımız həm terroru pisləyirik, həm ondan ziyan çəkirik, həm də qarşısının alınmasını arzulayırıq. Eyni zamanda, radikal cərəyanlara, terrorçuluğa qarşı mübarizə xətalar olmadan ötüşməlidir. Günahsız adamlar da bu mübarizədən zərər çəkməsin. Təəssüf ki, dünyanın heç bir ölkəsində terrorçuluğa qarşı mübarizə ideal şəkildə aparıla bilmir və xətalarsız ötüşmür...

– Son dövrlərdə Azərbaycan-Ermənistan sülh prosesi  yenə də dalana dirənib. 1988-ci ildən bəri həm milli azadlıq hərəkatının fəalı, həm istiqlalçı deputat, həm də bir siyasətçi kimi Qarabağla, ermənilərlə bağlı proseslərin içərisində olmuş biri olaraq bu prosesin gələcəyini necə görürsünüz?

– Konkret Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə gəldikdə, təəssüf ki, bu məsələ yalnız bizim arzularımıza bağlı deyil. Bu daha çox dövlətimizin və qarşı tərəfin siyasi mövqeyindən, diplomatik gedişlərimizdən asılıdır. Düzdür, arzular və təkliflər də deyilməlidir. Buna da qulaq asan nadir hallarda olur, amma yaxşı olar ki, qulaq assınlar... İndi uzun zaman keçib, bu istiqamətdə xeyli gəlişmələr də var. Həmçinin kifayət qədər təcrübələr var. Həmin təcrübələrdən yararlansaq və ayrı-ayrı dövrlərdə öz səhvlərimizdən, nöqsanlarımızdan nəticə çıxarsaq, bu məsələdə tələsmədən, zərgər dəqiqliyi ilə diplomatik gedişlərimiz olar. Əslində, biz dövlət, hökumət olaraq bu sülh müqaviləsinə o qədər də vaxt sərf edib müzakirələr aparmağa meyilli olmalı deyilik. Daha çox bu məsələnin həllinə həqiqətən də perspektivdə deyilmiş şüarlara, prinsiplərə uyğun olaraq nail olmalıyıq. Necə deyirik ki, torpaq əbədi olaraq bizimdir, biz burada əbədi qalacağıq, ona uyğun addımlar atılmalıdır.  Tarixi baxımdan kimin nə deməsindən asılı olmayaraq regionda, konkret olaraq Azərbaycanda dövlətimizə uyğun addımlar atmalıyıq. Eyni zamanda sülhün şərtləri elə olmalıdır ki,  44 günlük savaşda, 23 saatlıq döyüşdə diqtə etdiyimiz kimi diqtə edək... Yəni məsələ bu qədər həm sadədir, həm də çətin. Sadədir, ona görə ki,  bunun içərisində xəritələr, bütün bu ərazilər və indiyədək keçilmiş yol, həm də özümüzün tarixi təcrübəmiz və s. öz əksini müqavilədə tapmalıdır. Müqavilə yalnız imzalarla, şərtlərlə bitməli deyil. O sənəd elə yüngül, rahat yazılmalıdır ki, gələcəkdə kimsə onu oxuyanda, baxanda, onun şərtlərinə uyğun yaşayanda onu “artıq bundan o tərəfə getmək olmaz” prinsipi ilə qiymətləndirməlidir. İstər bu prosesdə iştirak edən rəhbər məmurlarda, istərsə də vətəndaşlarda... Çətinlik də ondan ibarətdir ki, bizim bu istədiklərimiz, bu təcrübəmizlə müqayisədə reallıq az qaneedici olur. Bəzənsə, təəssüf ki, heç qaneedici olmur...

– Ramazan ayını necə keçirirsiniz? Yəqin ki, səhhətinizlə bağlı oruc tutmaqla bağlı bir qədər çətinlik çəkirsiniz?

–  Şükür Allaha, Ramazan ayının ilk 4-5 gününü rahat orucumu tuta bildim, sonra səhhətimdəki problemlərlə bağlı bir müddət fasilə verməli oldum. İndi bir neçə gündür ki, yenə davam edə bilirəm...

–  Ramazan ayında Azərbaycan xalqına və müsəlman dünyasına hansı arzularınız var?

–  Ramazanımız mübarək olsun! Xeyirli-uğurlu olsun! Oruc tutanların orucları qəbul olsun! Millətimiz, dövlətmiz, bütün insanlıq üçün etdiyimiz dualarımızı Allah qəbul etsin. Bu Ramazan ayı həm vətənimiz Azərbaycan, müsəlman, türk dünyası, həm də bütün dünya üçün xeyirli-uğurlu olsun! Münaqişələr, müharibələr bitsin, daimi sülh olsun.  Allah şəhidlərimizin ruhlarını şad etməyi bizlərə nəsib etsin, inşallah. Allah qazilərimizə şəfa versin. Və bütün bu dini, milli, bəşəri bayramları dinc bir şəraitdə keçirdiyimizə görə bizə Azərbaycanın şəhidlərinə, qazilərimizə borcluyuq. Eyni zamanda onların və dövlətimizin sayəsində bu gün artıq, demək olar ki,  işğaldan azad edilmiş bütün ərazilər də daxil olmaqla bütün Azərbaycan Respublikası ərazisində yaşayan, yaxud işləyən vətəndaşlarımız oruc tuta bulirlər. Buna görə də Allaha şükür etməli və şəhidlərimizə, qazilərimizə minnətdar olmalıyıq. Dualarımız, deməli, gerçəkdən qəbul olunub. Allah ordumuzu, əsgərimizi daim qalib etsin!