Regionda sabitliyin pozulmasının səbəbi İrandır.
Trend-in məlumatına görə, bu barədə İsrailin kəşfiyyat naziri Gila Gamliel X Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” panel iclası zamanı deyib
O qeyd edib ki, regiondakı bütün ölkələr İran tərəfindən təhdid altındadır.
“İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir. İran beynəlxalq ictimaiyyətə və hətta öz xalqına yalan danışır. Bütün dünya ictimaiyyəti gözünü açıb İranda baş verənlərə, etiraz edən, zəhərlənən, haqları uğrunda mübarizə aparan qadınlara baxmalıdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.