Rejissor filmdəki qara ekranın sirrini açdı

11:15 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin ən yaxşı filmlərindən olan “The Zone of İnterest”in rejissoru Conatan Qleyzer tarixi dramın niyə tamamilə qara ekranla açıldığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Martin Amisin eyniadlı kitabından uyğunlaşdırılan film, ailəsini cəmi bir neçə metr uzaqlıqdakı möhtəşəm evində böyüdən Osvensim konslagerinin komendantı Rudolf Hössün narahatedici gerçək hekayəsindən bəhs edir.

Şərin və laqeydliyin təbiətinə qaranlıq və düşündürücü baxış təklif edən film sadə qara ekranla açılır. Səslər və söhbətlər eşidilərkən, tamaşaçılar tezliklə filmin ilk səhnəsi ilə tanış olurlar.

“Rolling Stone”a verdiyi müsahibədə Qleyzer niyə “The Zone of İnterest”i qara ekranla açmağı seçdiyini izah edib. Onun sözlərinə görə, buna səbəb tamaşaçıların filmə təkcə gözlərini deyil, qulaqlarını da kökləməsini təmin etməkdir. Çünki filmin özünəməxsus musiqisi çox məna daşıyır və boş ekran tamaşaçıları filmə hazırlayır, onlara “The Zone of İnterest”i həm dinlənilmək, həm də görünmək üçün nəzərdə tutulduğunu xatırladır.

"Tamaşaçıların filmə qərq olduqlarını başa düşmələrini istədim" deyib 58 yaşlı rejissor və əlavə edib: "Bu, gözlərinizi izləyəcəyiniz şeyə uyğunlaşdırmadan əvvəl qulaqlarınızı tənzimləmək üsulu idi”.

“The Zone of İnterest” ən yaxşı film, ən yaxşı rejissor və ən yaxşı səs daxil olmaqla 5 Oskar nominasiyasını alıb.

Tənqidçilər tərəfindən bəyənilən “Under The Skin” filmindən sonra yeni bir film çəkmək üçün rejissor Qleyzer 10 il çalışıb.

İngilis rejissor filmin uzun inkişaf prosesindən danışarkən ən çətin addımlardan birinin Auşvitsdəki evi ziyarət etmək olduğunu da açıqlayıb.

"Mən evə və bağçaya baş çəkdim, o vaxtkı kimi deyil. Məni heyrətləndirən onun düşərgəyə yaxınlığı idi. Ev Auşvitzlə eyni bir divarı bölüşürdü. Hər şey elə orada, divarın o biri tərəfində baş verirdi. Və bir kişinin orda yaşaması, ailəsini orada saxlaması faktı... Bunu necə edə bilərsən, nə qaranlıq bir ruh olmalıdır...", - o deyib.

Premyerası 76-cı Kann Film Festivalında baş tutan “The Zone of İnterest” xarici ölkələrdə ekranlara çıxmağa başlayıb və fevralın 23-də Türkiyədə nümayiş olunacaq.