Rəsmi Kişinyovla Qaqauz muxtariyyəti arasında münasibətlər gərginləşir

09:11 14.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moldovanın Qaqauz Muxtar Vilayətinin prezidenti Yevgeniya Qutsullə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Kişinyov-Komrat münasibətlərindəki problemlər və Qaqauz türklərinin hüquqları yenidən gündəmə gəlib.

Hafta.az-ın yazdığına görə, Qaqauz Muxtar Vilayətinin prezidenti Qutsul ötən həftə Rusiyanın Soçi şəhərində keçirilən Dünya Gənclər Forumunun toplantısında iştirak edib. Burada Qutsul prezident Putinlə də görüşüb.

Moldova administrasiyası Qutsulun Putinlə görüşünü təbii ki, alqışlamayıb.

Qaqauz administrasiyası nəzdində fəaliyyət göstərən Şor Partiyası bəyanatında Moldova rəhbərliyinin görüşlə əlaqədar Qutsulun saxlanması üçün hazırlıq gördüyünü iddia edib.

Moldova prezidenti Maya Sandu da həmin gün Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb. Sandu görüşlə bağlı açıqlamasında "Makronla görüşümüz Rusiya və onun nümayəndələrinin ölkəmə əlavə təzyiq göstərmək üçün yeni cəhdləri kontekstində baş verir" deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sandunun qanun arxasında gizlənərək Qutsulla hesablaşdığını iddia edib.

Moldovanın sabiq prezidenti İqor Dodon da Qutsulun Rusiyaya səfəri ilə bağlı bunları deyib: “Onlar Moldovanın vilayət administrasiyalarına təzyiq göstərir, onların fəaliyyətinə mane olmağa çalışır, maskalı nümayişlər keçirir, büdcə gəlirlərini kəsirlər və ölkə daxilində dəstəkləri olmadığından, bunu Moldovadan kənarda axtarırlar”.

2023-cü ilin mayında Qaqauz Muxtar Vilayətində keçirilən prezident seçkilərində Rusiyayönlü siyasəti ilə tanınan müxalifətdəki Şor Partiyasının üzvü Yevgeniya Qutsul qalib gəlib.

Regionda prezident seçkiləri keçirilən gün Moldova Antikorrupsiya Mərkəzi Qaqauz Muxtar Vilayətinin Mərkəzi Seçki Komissiyasında “qanunsuzluqlara yol verildiyi” əsası ilə axtarışlar aparıb.

"Şübhə yoxdur ki, seçkidə çoxsaylı qanun pozuntularına yol verilib", - Moldova prezidenti Maya Sandu bildirmişdi. Qaqauz Muxtar Vilayətinin o zamankı prezidenti İrina Vlah Moldova administrasiyasına reaksiya verərək “Seçki qurumlarımız təzyiqlərə məruz qalır” demişdi. Vlah bölgənin statusuna hörmət edilməli olduğunu vurğulamışdı.

Prezident seçilən Qutsul özü və ailəsinə təzyiqlər edildiyini də bildirib.

Qaqauz Muxtar Vilayətinin mərkəzi Komratda da seçki komissiyasında aparılan axtarışlara görə etiraz aksiyaları keçirilmişdi.

Prezident Sandu Yevgeniya Qutsulun seçilməsindən sonra Qaqauz Muxtar Vilayəti prezidentinin hökumətə üzvlüyünü hələ də təsdiq etməyib. Bu qeyri-qanuni vəziyyət Kişinyovla Komrat arasındakı münasibətlərə mənfi təsir göstərir.

Qaqauz türkləri 1994-cü ildə aldıqları muxtariyyət statusu ilə Moldovada xalq kimi tanınsalar da, hüquqlarının funksionallığı ilə bağlı problemlər yaşamaqda davam edirlər.