Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında yaradılmış operativ qərargah əhaliyə qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edir.
Bununla bağlı qərargahın yaydığı məlumatda adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riskinin yüksək olduğu qeyd edilir.
Qərargah virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşları bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırır.
Qeyd edək ki, koronovirusdan qorunmaq məqsədilə Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib.
Şadlıq evlərinin insanların ən çox toplaşdığı yerlərdən biri olduğunu nəzərə alaraq bu məkanlarda virusun yoluxma ehtimalı daha çox ola bilər. Həmçinin belə yerlərdə xüsusi maskalardan da istifadə olunmur. Bəs qərargahın verdiyi tövsiyəsinə şadlıq evləri əməl edirmi?

Paytaxtda fəaliyyət göstərən ir neçə məşhur şadlıq sarayına baş çəkdik.
Suallarımıza ilk olaraq Bakının ən məşhur restoranlarından biri “Yeganə” şadlıq sarayında cavab tapmağa çalışdıq.
Oradan bildirdilər ki, hələ ki, toy şənliklərin keçirilməsinə ”stop” qoyulmayıb: “Əvvəlki qayda ilə davam edir. Əgər təhlükə böyük olarsa, o zaman bu haqda düşünmək olar”.

Daha bir məşhur restoran”Qismət” şadlıq sarayında da vəziyyət eynidir.
Toyların sıx təşkil olunduğu bu sarayda vəziyyət əvvəlki kimi davam edir.

“Ağ çiçəyim” şadlıq evindən də bildirdilər ki, bu tövsiyə haqqında eşitməyiblər:
”Bizdə tez-tez toy, nişan şənlikləri keçirilir: “Yaxın günlər üçün də sifarişlərimiz var. Əvvəl necə idisə, indi də elədir”.
Bakıdan başqa Sumqayıt şəhərində yerləşən “Esmira”, “Çinar”, “Simurq” restoranlarında da toy və nişan şənlikləri ənənəvi qaydada davam edir.
Restoran sahiblərinin sözlərinə görə, əslində bu məsələdə əsas söz sahibi toy sifariş edənlərdir. Çünki, toy və nişan mərasimlərinin vaxtı bir neçə ay əvvəldən müəyyənləşdirilir və həmin gün şadlıq sarayı behi öncədən alınmaqla bronlaşdırılır. Əgər bir neçə ay əvvəldən müəyyənləşdirilən toy və ya nişan tarixi təxirə salınarsa, o zaman yenidən boş gün və uyğun tarix üçün daha bir neçə ay gözləmək məcburiyyətində qalırlar. Bu vəziyyət isə toy sahiblərini razı salmır.
Restoranlardan əldə etdiyimiz digər maraqlı bir fakt isə o oldu ki, toylar təxirə salınmasa da, ziyafətlərə gələn qonaqların sayında əhəmiyyətli azalma müşahidə edilir. Məsələn, öncədən 400 nəfərin iştirakı nəzərdə tutulan toy şənliklərinə ölkəmizdə koronavirus təhdidi ortaya çıxandan, kütləvi tədbirlər təxirə salınandan sonra maksimum 200-250 nəfər qonaq gəlir. Çox insan nəmər göndərməklə kifayətlənir. Bəzən isə toy sahibləri sifariş verdikləri sayda qonaqların gəlməməsi səbəbindən maddi ziyana düşürlər.
Nə deyə bilərik, bəlkə də Operativ qərargahın bu aylar ərzində toyların təxirə salınması çağırışına qulaq vermək ən doğru yoldur. Həm sağlığımızı düşünək, həm də maddi ziyanla üzləşməyək...