Ruanda soyqırımında iştirak etdiyi deyilən Sosfene Munyemananın məhkəməsi başlayıb.
Hafta.az-ın yazdığına görə, Paris məhkəməsində dünən keçirilən ilk iclasda təqaüdçü ginekoloq Munyemana ilk dəfə ictimaiyyət qarşısında çıxış etmək imkanı qazandığını bildirib və soyqırımda yaxınlarını itirən ailələrə başsağlığı verib.
1994-cü il aprelin 6-da başlayan soyqırımda 100 gün ərzində azlıqda olan tutsi etnik qrupundan, həmçinin mötədil hutu və tvalar da daxil olmaqla, təxminən 800 min insan radikal Hutu milisləri tərəfindən öldürülüb.
2011-ci ildə Fransada 68 yaşlı həkimə qarşı soyqırımda rol oynadığı iddiası ilə iddia qaldırılıb. Həmin vaxt Butare şəhərindəki universitet xəstəxanasında həkim işləyən Munyemananın 7 aprel 1994-cü ildə şəhərdə tutsilərin öldürülməsini tələb edən bəyanat yaydığı iddia olunub.
Həkimin şəhərdə silahlı hutu milislərinin həyata keçirdiyi qırğın zamanı tutsilərin qaçmaması üçün yollarda barrikadaların qurulmasını təmin etdiyi də deyilir. Davada Munyemananın tutsilərə qarşı bəzi hücumlarda və işgəncələrdə şəxsən iştirak etdiyi də irəli sürülüb.
Bundan əlavə, Munyemananın soyqırım zamanı hakimiyyətdə olan keçid hökumətinin lideri Jan Kambandaya yaxın olduğu və onun hökumətini dəstəklədiyi iddia edilib.
Munyemana isə məhkəmədə sözügedən dövrdə Kambanda ilə görüşmədiyini bildirib. Təqaüdçü ginekoloq tutsilərə qarşı heç bir düşmənçiliyi olmadığını deyərək, ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Munyemana 1994-cü ilin iyulunda Ruandadan Fransaya qaçıb və elə həmin ilin oktyabrında Bordo Universitetində işə başlayıb. Fransada yaşayan Ruanda vətəndaşları və bəzi qeyri-hökumət təşkilatları 1995-ci ildə həkimə qarşı cinayət işi qaldırıblar.
2006-cı ildə Ruanda Munyemananın mühakimə üçün ölkəyə ekstradisiyasını tələbi irəli sürüb, lakin Fransa bu tələbi rədd edib. Butare şəhər məhkəməsi həkimin 2008-ci ildə ömürlük həbs cəzasına məhkum edildiyini açıqlayıb.
Munyemana daha sonra 2010-cu ildə Bordo polisi tərəfindən həbs edilib və ona qarşı məhkəmə prosesi başlayıb.