Hazırda bütün dünyanın ən çox müzakirə etdiyi məsələ Rusiyanın Ukraynadakı separatçı qurumları tanıması, həmin ərazilərə sülhməramlı adı altında öz qoşunlarını yerləşdirəsidir. Qarabağda da rus sülhməramlıları var. Ancaq onlar bölgəyə 10 noyabr üçtərəfli bəyanatı əsasında münaqişə tərəflərinin dəvəti ilə gəliblər. İndi, Ukraynadakı proseslər fonunda rus sülhməramlıları Qarabağda qalmalıdırmı? «Tərsmütənasib» rubrikasında bu məsələni müzakirə etdik:
Arif Hacılı, Müsavat Partiyasının sədri
Azərbaycan silahlı rus qüvvələrinin ərazisindən çıxarılmasına nail olmalıdır
- Ukrayna və Azərbaycanın Qarabağ ərazisində baş verən hadisələrdə müəyyən oxaşarlıqlar olsa da, bunlar fərqli qütblərdir. Qarabağ ərazisinə iddiaçı tərəf Ermənistandır və Azərbaycan hərbi-siyasi potensialına görə Ermənistana qalib gəlmək və öz ərazi bütövlüyünü qorumaq imkanlarına malik idi və 44 günlük müharibədə bunu sübut etdi. Rus sülhməramlı qüvvələrin Azərbaycana gətirilməsi faktiki olaraq yuxarı Qarabağ ərazisini yerli erməni separatçıların, Ermənistanın nəzarətindən çıxarıb Rusiyanın nəzarətinə verilməsi ilə nəticələndi. Bu da Qarabağın tam şəkildə azad olunmasını çətinləşdirdi. Sülhməramlıların regiona gəlişini ehtiva edən 10 Noyabr sazişini Azərbaycanın tarixinə, ərazi bütövlüyünə ciddi problemlər yaradan sazişdir. 44 günlük müharibədə Qarabağ problemi həll olunma ərəfəsində idi. Əgər müharibə 1 həftə də davam etsəydi, ərazilərimizin işğaldan azad olunması prosesi başa çatacaqdı. Bunu Ermənistan hərbi qüvvələrinin rəhbərləri, eləcə də baş nazir Nikol Paşinyan da öz çıxışlarında dəfələrlə təsdiq edib. Paşinyan bildirib ki, əgər saziş imzalanmasaydı, bir neçə gün ərzində 20 minlik erməni silahlı qüvvələri Azərbaycan ordusunun mühasirəsinə düşəcəkdi. Təbii ki, belə olan şəraitdə Azərbaycan daha uğurlu şərtlərlə saziş imzalaya və bütün qonşularına ərazi iddiaları irəli sürən bir ölkənin silahlı qüvvələrinin Qarabağa gətirilməməsinə nail olmaq mümkün olardı. Bu gün bütün dünya - Avropa İttifaqı, NATO, ABŞ Rusiyanın Luqansk və Donetski işğal etməsinə və bu ərazilərin müstəqil dövlət kimi tanımasına qarşı çıxır. Bununla belə Rusiya öz addımlarını atır və bütövlükdə Ukraynanın işğalı ilə bağlı müharibəyə hazırlaşır. Beynəlxalq təşkilatlar isə buna qarşı sadəcə öz fikirlərini bildirməkdə, bəyanatlarını verməkdə davam edirlər. Yəni ordun güclüdürsə, müttəfiqlərin varsa, daha cəsarətli addımlar atmaq imkanı əldə edirsən. 44 günlük müharibə ərzində Azərbaycanda çox güclü ruh yüksəkliyi, özünəinam yaranmışdı. Eyni zamanda Azərbaycanın Türkiyə, Pakistan, İsrail kimi tərəfdaşları var idi. NATO, Avropa İttifaqı da Azərbaycanın apardığı bu hərbi əməliyyatlar barədə kifayət qədər sakit mövqe bildirirdi. Azərbaycan öz ərazilərini işğaldan azad etmək istiqamətində fəaliyyət göstərirdi. Yəni bu baxımdan həmin şəraitdə Ermənistanı sözdə yox, əməldə kapitulyasiyaya məcbur etmək mümkün idi.
Əslində sülhməramlıların gəlişinin hüquqi əsası yoxdur. Bu saziş imzalanarkən Azərbaycan xalqının, Rusiya xalqının iradəsi nəzərə alınmayıb, məsələ üç ölkənin parlamentlərində müzakirə olunmayıb.
Rusiya qoşunlarının Azərbaycana bu şəkildə gətirilməsi Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycan silahlı rus qüvvələrinin ərazisindən çıxarılmasına nail olmalıdır. Yalnız bundan sonra biz ərazilərimizin işğaldan azad olunduğunu iddia edə biləcəyik. Lakin əvvəllər yuxarı Qarabağ hərbi, iqtisadi, potensial baxımından Azərbaycandan xeyli zəif olan Ermənistanın nəzarəti altında idisə, indi Avrasiya məkanının güclü hərbi mərkəzlərindən biri olan Rusiyanın nəzarəti altındadır.
Rauf Qurbanov, Azərbaycan Kommunist Partiyasının sədri
Putin dəfələrlə Azərbaycanın 44 günlük müharibədə öz haqq işi üçün mübarizə apardığını qeyd edib
- Sülhməramlılar üçtərəfli sazişə əsasən bölgədədir və heç kəs onları əraziyə zorla gətirməyib. Əgər sülhməramlılar gəlməsəydi, münaqişənin qarşısını almaq mümkün olmazdı. Bu gün Ukraynada baş verən hadisələri Azərbaycanda Qarabağ hadisələri ilə eyniləşdirməyin tərəfdarı deyiləm. Təəccüb doğuran məsələ odur ki, Azərbaycanda bir qrup siyasətçi, o cümlədən, müəyyən ekspertlər Ukrayna üçün çox canfəşanlıq edirlər. Mən iki slavyan dövlət arasında baş verən münaqişə ilə bağlı bitərəf qalmağa üstünlük verirəm. Bizim Qarabağ problemimiz var və nəzərə alsaq ki, bu problemin həllində Rusiya həlledici rola malikdir, o cümlədən Qarabağda rus sülhməramlıları yerləşir, o zaman məsələlərə bir qədər ehtiyatlı yanaşmalıyıq. Bəzən yanaşmalara baxanda adamda elə bir təsəvvür yaranır ki, Qarabağdakı sülhməramlılar rus sülhməramlıları yox, Ukrayna sülhməramlılarıdır. Mən başa düşürəm ki, bu gün Qərb Ukraynanı dəstəklədiyinə görə o siyasətçilər də öz ağalarının taktikasına uyğun olaraq Ukraynaya dəstək verirlər. 44 günlük müharibədə Ukraynanın da mövqeyi göz qabağında oldu, Rusiyanın da. Rusiya bu məsələdə neytral qalıb və Putin dəfələrlə Azərbaycanın 44 günlük müharibədə öz haqq işi üçün mübarizə apardığını qeyd edib. 44 günlük müharibədən sonra Minsk Qrupunun həmsədr dövlətləri olan Fransanın, ABŞ-ın mövqeləri göz qabağındadır. Onlar məsələnin həll olunmadığını deyib, təzədən həmin qrupun fəaliyyətinin bərpası üçün çalışırlar. ABŞ-ın səlahiyyətli nümayəndələrinin bununla bağlı bəyanatları var. Fransa senatının Qarabağla bağlı Azərbaycanın xeyrinə olmayan bəyanatları var. Rusiya isə bitərəf mövqe sərgilədi və bu gün də sülhməramlı missiyası ilə bölgədə sülhü qoruyur. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, hər nə deyilirsə, bu, rusun problemidir. Axı bu gün Rusiyanın özünün başına gətirilən oyunlar, təhdidlər, sanksiyalar hamısı göz qabağındadır. Bəzi siyasətçilər bu məsələyə ədalətli münasibət bəsləmək istəmirlər. Hər bir münaqişənin həllində sülhməramlıların iştirakı vacibdir. Əgər iki tərəf arasında münaqişə varsa, onları barışdıran üçüncü tərəf lazımdır. Rus sülhməramlıları olmasın” deyirsinizsə, yaxşı, sizin reseptiniz nədir? Biz diplomatik qələbəyə nail olmuşuq. Ərazi məsələsi yoxdur, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. 90 faiz əraziyə özümüz nəzarət edirik. Qalan yerlərdə nəzarətimizi bir neçə ildə həll edəcəyik. Sülhməramlılar olmadan siz zəmanət verə bilərsinizmi ki, oğlu müharibədə öldürülmüş azərbaycanlı və erməni bir-birinə qarşı silah işlətməyəcək. Bizim hüquq-mühafizə orqanları nə qədər güclü olsa da, siz təxribatların qarşısını almaq üçün vəziyyəti sığortalaya bilərsinizmi? Ona görə də Azərbaycan – Ermənistan müharibəsində sülhməramlıların olması labüddür.