Rus turistlər ən çox Türkiyəyə səfər edir

09:45 05.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşlarının xaricə səyahətləri 2024-cü ilin birinci yarısında artıb. FTB-nin açıqladığı sərhəd-gömrük statistikasına görə, ruslar 2024-cü ilin yanvar-iyun ayları arasında 12,6 milyon xarici səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artım deməkdir. Türkiyə 9,4 faiz artımla yenə birinci yerdədir.

Hafta.az-ın yazdığına görə, FTB-nin metodologiyasına əsasən, statistikada müxtəlif səyahət məqsədləri nəzərə alınır: Biznes, turizm, şəxsi səfərlər, təhsil, daimi yaşayış yeri, nəqliyyat vasitələrinə xidmət və hərbi xidmət. Bir şəxs eyni müddətdə bir dəfədən çox sərhədi keçərsə, hər bir keçid ayrıca səfər kimi sayılır.

Türkiyə rus turistlərin ən çox ziyarət etdiyi ölkə olmağa davam edir. 2024-cü ilin yanvar-iyun ayları arasında Türkiyəyə səyahətlər keçən illə müqayisədə 9,4 faiz artaraq 2,5 milyona çatıb. Türkiyə Rusiya vətəndaşlarının tətil və işgüzar səfərləri üçün populyar bir məkan olmağa davam edir.

Türkiyəni Abxaziya (2,8 faiz artım), Qazaxıstan (9 faiz azalma), BƏƏ (11,7 faiz artım), Çin (14,5 faiz artım) və Tailand (30,1 faiz) izləyir.

Çinə turist səfərləri 405 mini keçib.

İlk altı ayda ruslar turizm məqsədi ilə xaricə 4,9 milyon səfər edib ki, bu da əvvəlki illə müqayisədə 20 faiz artım deməkdir.

2024-cü ilin birinci yarısında Rusiyaya xarici səyahətlər 11,5 faiz artaraq 7,9 milyona çatıb. Ən çox ziyarətçi göndərən ölkələr arasında Özbəkistan, Qazaxıstan və Çin var. Çindən gələn turistlərin sayı 9 dəfə artaraq 301,8 min nəfər olub.