Rusiya Afrikanın 4 ölkəsində limanlar tikəcək

10:20 25.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərblə ticarət əlaqələri korlanan Rusiya Afrika qitəsinə investisiyalarını artırıb.

Hafta.az-ın yazdığına görə, Rusiya Sənaye və Ticarət Nazirliyi Misir və ya Əlcəzairdə liman qurmağı planlaşdırdıqlarını açıqlayıb.

Rusiya yerli malların axınını tənzimləmək üçün Əlcəzair, Misir, Seneqal, Tanzaniya və digər Afrika ölkələrində limanların yaradılması imkanlarını araşdırır.

Sənaye və Ticarət Nazirliyinin xarici ticarət sahəsində beynəlxalq əməkdaşlıq və lisenziyalaşdırma departamentinin direktoru Roman Çekuşov TASS-a bildirib ki, hazırda bir çox ölkələrlə belə limanların yaradılması planları hazırlanır, onlar ticarətin inkişafında yaxından maraqlıdırlar. Afrika qitəsinin şərqi ilə, ilk növbədə Tanzaniya kimi ölkələrlə birlikdə çalışdıqlarını və Rusiyadan ən böyük yük daşımalarının Qərb sahilində yerləşən Seneqal ilə də artırdıqlarını söyləyib.

Çekuşov qeyd edib ki, çox vaxt belə irimiqyaslı layihələr dövlət və ya liman operatorları ilə birgə icra olunur və Rusiyada dünyanın ən böyük operatorlarının fəaliyyət göstərdiyi dost ölkələrin çoxlu regionları var.

Rusiya Afrika ölkələrinə əsasən buğda, neft və kimya məhsulları, avtomobil və avadanlıq ixrac edir.

Ötən il Rusiya neft məhsullarının Afrikaya ixracı təxminən iki dəfə, buğda tədarükü də xeyli artıb.

Afrikada Rusiyanın ən mühüm ticarət tərəfdaşları qitənin şimalında yerləşir (2021-ci il ixracının təxminən 2/3 hissəsi) və coğrafi cəhətdən, xüsusən də Rusiyanın qərb bölgələrinə nəzərəçarpacaq dərəcədə yaxındır.

Rusiya İxrac Mərkəzinin məlumatına görə, 2021-ci ildə Rusiya ən çox Misirə (28 faiz və ya 4,2 milyard dollar), Əlcəzairə (20 faiz və ya 3 milyard dollar), Seneqala (8 faiz və ya 1,2 milyard dollar), Mərakeşə (8 faiz və ya 1,2 milyard dollar) mal ixrac edib.

Sanksiyadan əvvəlki 2021-ci illə müqayisədə Rusiyanın mal ixracında Afrikanın payı 3 faizdən 5 faizə yüksəlib, Amerikanın payı isə 6 faizdən 3 faizə enib.

Oxunma sayı 166