Rusiya artıq parçalanır: İNQUŞ AZADLIQ ORDUSU YARADILDI

15:10 23.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın nəzarəti altında olan İnquşetiyanın azad edilməsinə çalışan İnquş Müstəqillik Komitəsi İnquş Azadlıq Ordusu yaratmaq qərarını açıqlayan bəyanat yayıb.

Hafta.az-ın yazdığına görə, Komitənin bəyanatında deyilir: “Uca Allahın xalqımıza bəxş etdiyi öz müqəddəratını təyinetmə və özünümüdafiə hüququna uyğun olaraq İnquş Azadlıq Ordusunun (Galğay Kortamuqalen Eskar) yaradılması qərara alındı”.

Komitə fəalları bu qərarı Rusiyanın parçalanması ehtimalı ilə əsaslandırıblar: “Bu qərar bir çox qırğınların baş verdiyi Rusiya imperiyasının əsrlər boyu davam edən işğalı nəticəsində inquş xalqının çəkdiyi ağır nəticələr kontekstində qəbul edilib. Bu vacib qərar Rusiya elitaları ilə cinayətkar Kreml rejimi tərəfindən qurulan hər cür mafiya strukturları arasında qarşıdurmanı qaçılmaz edəcək Rusiya Federasiyasının dağılmasına hazırlıq ehtiyacından irəli gəlir. Qətnamə həmçinin İnquş ölkəsinin ərazi bütövlüyünü bərpa etmək və sərhədlərini Rusiya peyklərinin mümkün müdaxilələrindən qorumaq məqsədi daşıyır".

İnquşların müstəqillik tərəfdarları da ictimaiyyəti Moskvanın atacağı addımlara qarşı xəbərdar ediblər: “Biz Rusiyadakı mövcud hökumətin əvvəllər dəfələrlə etdiyi kimi, xalqımızı aldatmaq və onları yeni avantüralara sürükləmək ehtimalını istisna etmirik. Biz buna yol verə bilmərik, çünki Rusiya müqavilələrə əməl etmədiyini dəfələrlə göstərib. Keçmişdə hər bir danışıq cəhdi xalqımıza vəhşilik və soyqırım kimi qayıdıb. İnquş xalqının istənilən təhlükə qarşısında öz hüquq və mənafelərini müdafiə etmək hüququ var və İnquş Azadlıq Ordusunun yaradılması bu məqsədə çatmağın yollarından biridir".

Bəyanatın sonunda İnquş Komitəsinin fəalları bu qərarın uğurlu olacağına ümid etdiklərini bildiriblər: "Bu mübarək Ramazan ayında Uca Allahdan bu çətin işdə bizə kömək olmasını diləyirik. Allah bizə haqqı haqq, batili isə batil göstərsin. Bizi bu yolda möhkəm tutsun və düşmənlərimiz üzərində qələbə çalmağı nəsib etsin".

İkinci açıqlama da verilərək İnquş Azadlıq Ordusunun bayrağı təqdim edilib.

Siyasət rubrikasından digər xəbərlər