Rusiya Baş Qərargah rəisi 4 gündür ki, ABŞ-dan gələn zənglərə cavab vermir

19:43 18.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

General Mark Milli bildirib ki, çərşənbə axşamı, noyabrın 15-dən o, Valeri Gerasimovla əlaqə saxlaya bilməyib və bu, anlaşılmazlıqlara və qlobal münaqişəyə çevrilə bilər. Onun sözlərinə görə, Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimov amerikalı həmkarları ilə əlaqəni dayandırıb.

Hafta.az İsrail mediasına istinadla xəbər verir ki, ABŞ ordusunun Birləşmiş Qərargah rəisləri komitəsinin rəhbəri, general Mark Milli bu barədə "BBC News"-a danışıb.

Milli bildirib ki, Gerasimovla 4 gün əlaqə saxlaya bilməyib. Onun zənglərinin məqsədi noyabrın 15-də Rusiyanın Ukraynaya irimiqyaslı zərbələri və ABŞ-ın Rusiyanın atəşi nəticəsində Polşada baş vermiş partlayışla bağlı vəziyyəti müzakirə etməkdir.

Pentaqonda keçirdiyi mətbuat konfransında Mark Milli deyib: “Mən öz əməkdaşlarım vasitəsilə də Gerasimovla telefon danışığı təşkil etməyə çalışdım. Cəhdlər edildi, amma yenə alınmadı".

Generalın sözlərinə görə, çərşənbə axşamı o, Ukrayna və Polşadakı həmkarlarına dəfələrlə zəng edib, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnı, eləcə də digər Avropa ölkələrinin silahlı qüvvələrinin rəhbərləri ilə danışıb.

Birləşmiş Ştatlar əmindir ki, dialoqun olmaması anlaşılmazlıqlara gətirib çıxara bilər. Bu səbəbdən Ukraynadakı müharibə qlobal münaqişəyə çevrilmək riski daşıyır.