Rusiya-Ermənistan gərginliyindən ustalıqla istifadə etdik - Elxan Mehdiyev

19:44 21.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Politoloq Elxan Mehdiyevlə hafta.az üçün ilk söhbətimizdə Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağın dağlıq hissəsini silahlı separatçı-terrorşu birləşmələrindən təmizləmək məqsədilə keçirdiyi hərbi əməliyyatdan, ermənilərin böyük əksəriyyətinin kütləvi şəkildə Ermənistana köç etməsindən və oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyevin Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd və s. məntəqələrimizdə üçrəngli dövlət bayrağımızı ucaltmasından sonra ölkəmiz ətrafında yaranmış yeni geo-siyasi durumda meydana çıxa bilən təhlükələr, həmçinin, Rusiya “sülhməramlı”larının suveren ərazilərimizdən tezliklə çıxarılmasının mümkünlüyü və s. haqda danışdıq.

- Allaha şükürlər olsun ki, Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə Dövlət Bayrağımız ucaldıldı. Sizcə, Azərbaycan dövləti asanlıqla, heç olmasa, 2025-ci ildə Rusiya hərbi qüvvəsini suveren ərazimizdən çıxarmağa nail olacağıqmı? Məsələn, Moldova artıq 30 ildən çoxdur, çalışır, Dnestryanıdakı Rusiya “sülhməramlı”larını öz suveren ərazisindən çıxara bilmir...

–   Belə şübhələrə əsaslar vardır. Ortada Gürcüstan, Moldova nümunələri mövcuddur. Rusiyanın Ukraynada apardığı müharibə isə Kremlin hər hansı gələcək addımlarına rasional düşüncə ilə cavab verməyi daha da çətinləşdirir. İndiyə kimi apardığımız müşahidələr, hələ ki, Rusiyanın geniş diapazonda Azərbaycanın maraqlarına zidd addımlar atmadığını göstərir.  Azərbaycanın Rusiya ilə bağlı apardığı diplomatiyanın uğurlu olduğu sahədəki vəziyyətə görə ölçülməlidir və bu baxımdan Azərbaycanın da Rusiya-Ermənistan arasındakı gərginlikdən ustalıqla istifadə etdiyi görünür...

İkincisi, burada Türkiyənin varlığı və Azərbaycan Silahlı Qüvvələrinin Qarabağa tam nəzarət etməsi Rusiya qüvvələrinin 2025-ci ildən sonra Azərbaycanda hansısa funksiyada qalması ehtimalını ən aşağı səviyyəyə düşürür. Rusiya hərbi gücünün Qarabağda qalması ehtimalının ancaq nəzəri əsasları ola bilər. Belə bir “əsas”ın isə Ermənistana köçmüş erməni əhalisinin Qarabağa qayıtması ilə yaranması mümkündür. Və bu halda Rusiya “sülhməramlı” qüvvələrinin yenidən “burada sülh və inam yaratmaq üçün bir müddət də qalması” arqumentləri Putin tərəfindən ortaya atıla bilər. Amma Azərbaycan artıq Qarabağda nəzarəti bərpa etdiyindən ermənilərlə bağlı bu inam və təhlükəsizlik məsələlərini də özü asanlıqla həll etmək iqtidarında olacaq…

–   Ermənistanın dediyinə görə, 100 mindən çox, lap olsun 50-60 min hayk Qarabağdan kütləvi köçüb gedib. Sizcə, qəlblərində Azərbaycana qarşı nifrət potensialı cəmlənmiş həmin köçkün haylar bir müddət sonra yenidən bizə qarşı elə həmin Rusiya tərəfindən “yeni bir alət” kimi istifadə oluna bilməz ki?

–   Hesab edirəm, Qarabağın erməni əhalisinin geri qayıtması üçün təşəbbüslər etməliyik. Onların könüllü şəkildə geri qayıtması indiki zamanda ancaq Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan, artıq Qarabağda tam nəzarətini bərpa etmişdir və mülki strukturlar qurulur. Geri dönən erməni əhalisi Azərbaycana gələcək və  vətəndaşlığımızı qəbul edəcək. Düşünürəm, biz erməni əhalisinin geri dönüb öz evlərində yerləşməsi üçün şərait yaratmalıyıq. Bu cür olarsa, o zaman Azərbaycan bütün beynəlxalq təzyiqlərdən, beynəlxalq məhkəmələrdən, mümkün sanksiyalardan azad olmuş olar. Bu durum Ermənistanla da normal münasibətlər yaradılmasına böyük kömək göstərər, artıq çəkinəcəyimiz bir hal yoxdur. Güclü dövlətik və öz suverenliyimizi bərpa etmişik və erməni vətəndaşların gəlib təhlükəsiz yaşaması bizim dövlətmizi zəiflətməz, əksinə, gücləndirər və Azərbaycanın beynəlxalq nüfuzunu da artırar. Xalqımız qalib gəlməklə erməni irqçi, nasist ideologiyasının hakim olduğu zehniyyəti məhv etmişik. İndi isə erməni vətəndaşlarına da şərait yaratmaqla güclü və xoşgörülü dövlət olduğumuzu nümayiş etdirməliyik…

–   Qarabağdan getmiş erməni köçü də yaxın gələcəkdə beynəlxalq güclərin, elə Rusiyanın da, ABŞ-ın da, Avropanın da əlində Azərbaycana qarşı bir təzyiq aləti, baş qaxancı kimi istifadə olunmayacaq ki?

– Əgər Qarabağdan köçmüş ermənilərlə bağlı və digər gərəkli addımlar atılmasa,  həm Rusiya və həm də Avropa, Amerika bu vəziyyətdən Azərbaycana qarşı istifadə edərək alçaldıcı addımlar atacaq və daim təzyiq kimi istifadə edəcək. 30 il işğala məruz qalan, etnik təmizləmə və hərbi cinayətlərə məruz qalan Azərbaycan sonucda  özü etnik təmizləmə iddiaları ilə ittiham edilə bilər…

–   Qarabağdan İrəvana getmiş hərbçilərin də hesabına Paşinyanın devriləcəyi variantda Rusiyanın ermənilərin, ən azı, yarısının yenidən Qarabağa  qaytarılmasını təşkil edəcəyi ehtimalı varmı?

–   Bu amildən istifadə olunmaqla Paşinyanın devrilməsi iddiaları var idi, amma Paşinyan özü də təsdiq edir ki, artıq bu addımların qarşısı alınıb. Gələn əhalinin tezliklə yerləşdirilməsi və hərbçilərin də Ermənistan silahlı qüvvələrində işə alınması bu məsələdən gözlənilən təhlükəni minimuma endirmişdir…

–   Belə fikirlər də səslənir ki, Putin Qarabağdakı son təmizləmə əməliyyatlarımıza susqunluğu hesabına elə həmin Qarabağda Rusiyanın hərbi bazasını yaradacaq. Sizcə, belə bir gediş mümkündürmü?

–   Rusiyanın, Putinin Azərbaycanda baza yaratmaq arzusu, əlbəttə ki, ola bilər.  Azərbaycan Konstitusiyası və hərbi doktrinası da buna izn vermir. İkinci tərəfdən, Azərbaycanın indiki gücünü nəzərə alsaq, Ermənistanla sülh müqaviləsi imzalanması, İranla münasibətlərin normal məcraya salınması təqdirində və Türkiyənin burada varlığı konteksində yanaşsaq, Qarabağda Rusiya hərbi bazasının yaradılması halı da rasional görünmür və Azərbaycanın indiki yüksəlişi ilə tərs mütənasib olar…