Rusiya Ermənistanda hərbi çevriliş edə bilməyəcək - Tacəddin Mehdiyev

18:19 28.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sabiq müdafiə naziri,  general-mayor Tacəddin Mehdiyev hafta.az-a budəfəki müsahibəsində Azərbaycan Ordusunun Qarabağdakı separatçı-terrorçuların zərərsizləşdirilməsi ilə bağlı keçirdiyi uğurlu əməliyyatlardan sonra ərazidə gizli diversant dəstələrinin, onların gizli silah-sursat bazalarının qalmasının mümkünlüyü,  hərbçilərə və mülki əhaliyə qarşı tərxribat törətmək ehtimalı, Rusiya “sülhməramlılar”ının torpaqlarımızdan vaxtında çıxarılması, İrəvanda Kremlin dəstəyi ilə Paşinyana qarşı hərbi çevriliş ehtimalı və s. mövzulara toxundu.

–   Cənab General, Allaha şükürlər olsun, Azərbaycan Ordusunun sentyabrın 19-20-dəki cəmi birsutkalıq əməliyyatından sonra, 200-dən çox igidimizin canı, qazilərimizin qanı hesabına separatçılar, terrorçular Qarabağ torpağımızdan getdi və yaxud zərərsizləşdirildi. Təəssüf ki, həmin separatizmin əsasını qoymuş Rusiya imperiyasının “sülhməramlı” adlanan ordusu və bayrağı torpağımızda qaldı. Görəsən, həmin “sülhməramlılar”ın tezliklə torpağımızdan çıxmasına necə nail olmaq mümkündür?

–   Hesab edirəm, Azərbaycan Ordusunun 19-20 sentyabr əməliyyatlarından və dövlət bayrağımız Xocalı, Xankəndi, Ağdərə, Xocavənd və sair məntəqələrimizdə də ucaldıldıqdan sonra, artıq Rusiyanın “sülhməramlı” adlanan qoşunu Qarabağda istəsə də, dövlətimizə, xalqımıza qarşı heç bir zərərli iş görə bilməz. Onların postlarının sayı da xeyli azaldılıb. Ermənilərin də əksəriyyəti könüllü şəkildə oradan çıxıb-getdikdən sonra, “sülhməramlılar”, faktiki olaraq, öz funksiyalarını itirmiş oldular. Bununla belə, hazırkı durumda “sülhməramlılar”ın Qarabağdan çıxması, hələlik, Azərbaycanın maraqlarına uyğun deyil. Ona görə ki, onlar oradan çıxan kimi ABŞ, eləcə də Avropa ölkələri, xüsusən də Fransa çalışacaq ki, həmin Azərbaycan torpağında bir neçə erməni qalmasını da bəhanə edib, öz sülhməramlılarını, yaxud BMT sülhməramlılarını oraya yeritmək üçün dövlətimizə təzyiq etsin. Onlar da Qarabağa yerləşəndən sonra məsələ lap qəlizləşəcək...

  Rusiya özü də yaxşı başa düşür ki, onun “sülhməramlılar”ı da yalnız müvəqqəti oradadırlar. Uzağı, 2025-ci ilədək... Azərbaycan Dövləti bütün Yuxarı Qarabağın yaşayış  məntəqələri üzərində yurisdiksiyasını tam bərpa edəndən, hakimiyyət strukturlarını qurandan sonra, bu “sülhməramlılar”a, ümumiyyətlə, ehtiyac qalmayacaq və onları öz ölkələrinə yola salacağıq...

–   Öncə dediyimiz kimi, Qarabağda separatçılığın yaranmasına və torpaqlarımızın 30 ilə yaxın işğal altda qalmasına səbəb olan məhz Rusiya imperiyasıdır. Ona görə də onların torpaqlarımızdakı bircə günlük hərbi mövcudluğu da Azərbaycan üçün təhlükədir...

–   Hamı bilir ki, Qərbi Azərbaycana, Qarabağa erməniləri köçürən, onlara sovet dövründə Azərbaycan ərazisindən muxtariyyət verdirən, Qərbi Azərbaycanda Ermənistan dövlətinin qurulmasına dəstək verən və nəhayət, XX əsrin sonlarında separatizmi ayağa qaldıran, Ermənistana  torpaqlarımızın 20 faizindən çoxunu işğal etməsinə şərait yaradan Rusiyadır, bu, 300 illik imperiyadır. Digər gerçəklik də ondan ibarətdir ki, Qərb ölkələri, Avropa, ABŞ  əvvəllər, xüsusən son 30-35 ildə Rusiya və Ermənistanın Azərbaycana qarşı törətdikləri ədalətsizliklərə qarşı obyektiv, ədalətli mövqe tutmayıblar. Bunu BMT-nin, ATƏT-in, Minsk qrupunun, AŞ-ın, AŞPA-nın son 3 onillik də məsələyə mövqeyi açıq şəkildə sübut edir.

1988-1994-cü illərdə  azərbaycanlıların indi “Ermənistan” adlanan Qərbi Azərbaycandan, xüsusən də keçmiş Dağlıq Qarabağ və ətraf rayonlardan hərbi zor gücünə, amansızlıqla, heç bir dəqiqə də vaxt verilmədən güllə, top, “Qrad” atəşləri altında, ayaqyalın, evindən paltarını götürmədən belə qovulması, o cümlədən Xocalı soyqırımı, Qaradağlı, Ağdaban və digər qətliamlar haqqında səslərini çıxarmadılar. İndi isə arxayın şəkildə, özü də heç kəs zorla qovmadan, könüllü şəkildə ev-eşiklərini maşınlara yığıb rahatca Ermənistana yola düşürlər.  Azərbaycan sərhədçiləri, polisləri tərəfindən yolda çörək, su, şirniyyat, dərmanla təmin edilən ermənilər haqqında həmin Avropa, Amerika hay-küy qaldırırlar ki, “Ay aman, qovuldular, döyüldülər, “etnik təmizləməyə”, “soyqırımına”  məruz qaldılar. Tam ədalətsiz, haqsız, qeyri-obyektiv iddialar irəli sürür, bəyanatlar verir, qətnamələr qəbul edirlər... Qarabağın dağlıq hissəsi, üstəgəl, 7 ətraf rayonumuzu, Naxçıvan və Qazaxda 8 sərhədyanı kəndimizi işğal etdilər, demək olar ki, bütün dünya 30 ilə yaxın buna göz yumdu, Ermənistandan BMT qətnamələrinin icra olunmasını tələb etmədi...

Onu da deyim ki, Azərbaycan Ermənistana qarşı 30 illik işğal zamanı xalqımıza, dövlətimizə vurduqları ziyana görə kompensasiya məsələsini ciddi şəkildə qoymalıdır. Bununla bağlı biz gecikirik. Buna görə də ermənilər indi bizi qabaqlamağa çalışır, Qarabağdan könüllü köçən ermənilərə görə kompensasiya ödəməmizi tələb etməyə başlayırlar. Onlara demək lazımdır ki, əvvəlcə siz bizə vurduğunuz ziyana görə, 1 milyondan çox qaçqın və məcburi köçkünə görə 100 milyarda yaxın kompensasiyanı ödəyin, sonra bizdən nəsə tələb edin. Ermənistan deyirsə ki, ermənilər Qarabağa qayıtmalıdır, biz də məsələ qoymalıyıq ki, azərbaycanlılar da Ermənistandakı tarixi torpaqlarına dönməlidirlər...

–   Belə şayiələr də dolaşır ki, guya Putin, ümumiyyətlə, Kreml rəhbərliyi müxtəlif vasitələrlə “sülhməramlı” qoşunun statusunu dəyişib Qarabağda, yəni Azərbaycan ərazisində hərbi baza yaratmaq məqsədi güdür...

–   Hesab edirəm, Azərbaycan Dövləti heç vaxt Rusiya ordusunun burada uzun illər qalmasına və ya hərbi baza yaratmasına  yol verə bilməz. Əvvəla, Azərbaycan xalqı, Türkiyə dövləti qəti şəkildə bunun əleyhinədir... İkincisi, Hərbi Doktrinamız, Qoşulmama Hərəkatının üzvü olmağımız buna imkan vermir... Öncə dediyim kimi, hələlik “sülhməramlılar”ın 2025-ci ilədək qalmaları məsləhətdir.

Bu günlərdə Ermənistanda xidmət etmiş keçmiş Rusiya hərbçisinin ermənilərin onların başına hansı oyunlar açmasından, rus əsgərləri qaçırıb zorlamalarından və s. bəhs edilən müsahibəsinə qulaq asdım.  Rus hərbçiləri artıq anlayırlar ki, ermənilər nankor və qəddar xalqdır. Azərbaycan torpağında qaldıqca onlar  dərk edəcəklər ki, xalqımız necə qonaqpərvər, qeyrətli və insanpərvərdir... Əsas məsələlər həll edilibdir...

–    Rusiya çalışır ki, Ermənistana köçmüş ermənilərdən, ən azı, 20-30 min nəfəri geri qayıtsın...

–   Moskva öz “sülhməramlılar”ının qalması üçün azı, 20-30 min erməninin Qarabağa qaytarılmasında maraqlıdır. Dövlətimiz  məsələni çox ciddi şəkildə qoyur ki, kimin ki 1991-ci ilədək Azərbaycan pasportu olub, onlar qayıdıb vətəndaşlığımızı yenidən qəbul etməklə, Konstitusiyamıza, qanunlarımıza əməl etməklə Qarabağda yaşaya bilərlər. Belələrinin də sayı, uzağı, 10-15 min olar. Otuz il ərzində Azərbaycanın işğal altındakı ərazilərinə xaricdən – Livandan, Suriyadan, İraqdan və s. xeyli sayda erməni köçürülüb. Azərbaycan dövlətinin əlində sovet dövründən qalan bütün sənədlər, məlumatlar var.  Xankəndidə Miqrasiya Xidməti də işləyir... Digər tərəfdən, məsələnin mənəvi yönü də var. Yəni ermənilər Xocalıda, Meşəlidə, Qaradağlıda və s. törətdikləri amansız soyqırımlarından sonra yenidən Qarabağda – Azərbaycan torpağında, azərbaycanlılarla yanaşı, yaşamağa özləri-özlərindən xoflanırlar.  Əslində, buna onların mənəvi haqqı da yoxdur... Odur ki, inanmıram, belə bir vəziyyətdə ermənilər kütləvi şəkildə Qarabağa qayıda...

–   Ali Baş Komandan İlham Əliyev son çıxışlarının birində bildirdi ki, 19-20 sentyabr antiterror əməliyyatından sonra  Qarabağın dağlıq hissəsində 30  ildən çoxdur yerləşmiş silahlı separatçı erməni birləşmələrinin tör-töküntüləri qala bilər. Onlar daha çox Yuxarı Qarabağın hansı hissəsində gizlənə, özlərinə silah-sursat anbarları qura bilərlər?

–   Həmin erməni terrorçuları Ağdərənin, Xocavəndin,  Xocalı rayonunun ağlagəlməz dağlıq, meşəlik yerlərində gizli sığınacaqlar, silah-sursat anbarları düzəldiblər. Bunun sayəsində bir müddət sonra Qarabağdakı hərbçilərə və ya mülki əhaliyə qarşı mütəmadi təxribat aktları törətməyə çalışacaqlar. Təcrübəmə dayanıb deyirəm ki, onlardan hər cür alçaqlıq gözləmək olar. Belə hallara hələ Birinci Qarabağ müharibəsi zamanı da rast gəlinib... Dövlət başçısı da bundan məlumatlıdır. Ona görə də dolayısı ilə xəbərdarlıq edir. Bu səbəbdən ordu komandanlığımız, ordumuz, təbii ki, deyilənləri nəzərə alıb arxayın deyil, ayıq-sayıqdır və sözsüz ki, ermənilərin gizli sığınacaq yerlərini, silah-sursat bazalarını daim axtarır. Bu axtarışı uğurla yekunlaşdırmaq üçün  müəyyən vaxt lazımdır.  Qarabağın dağ-dərə və meşələrinin hər bir qarışını axtarmaq gərəkdir. Bu da bir-iki günlük məsələ deyil...

–   Bəzi hərbi və siyasi ekspertlər deyir ki,  yaxın gələcəkdə Moskvanın fitvası ilə Ermənistana köçmüş Qarabağ ermənilərindən gizli şəkildə diversant dəstələri hazırlanıb Qarabağ ərazisinə atıla bilər. Buna necə baxırsınız?

–   İstər Qarabağ daxilində qalmış separatçı, terrorçu tör-töküntülər, istərsə də Ermənistanda hazırlana biləcək gizli diversant dəstələr arxalarında dayaq duran xarici güc, dövlət olmasa, heç bir hərəkət etməzlər. Hələlik nə Fransanın, nə də digər Qərb ölkəsinin bunu etməyə imkanı var. Bunu yalnız Qarabağ və Ermənistanda hərbi mövcudluğu olan Rusiya edə bilər. İnanmıram ki, hazırkı vəziyyətdə Kreml, konkret olaraq, Vladimir Putin ermənilərin Rusiyaya bu qədər arxa çevirməsindən sonra yenidən onlara arxa dura. Bu baxımdan hesab edirəm ki, yaxın vaxtlarda erməni tərəfdən güclü təxribat-filan gözləməyə dəyməz...

–   Rusiyanın Ermənistan ordusu daxilində sovet dövründən bəri qurulmuş agenturası vasitəsilə Paşinyana qarşı hərbi çevriliş həyata keçirməsi ehtimalı nə qədərdir, sizcə?

–   Mediada bu cür söz-söhbətlər çoxdan yayılır. İnanmıram ki, Ermənistanda istər siyasi, istərsə də belə bir hərbi çevriliş baş tutsun. Əvvəla, son 3 il ərzində Ermənistandakı erməni toplumu yaxşı anlayıb ki, 1990-cı illərdən bəri onların başına gələn bütün faciələrin, ölkədəki kütləvi korrupsiyanın səbəbkarı Kremlin dəstəyi ilə  hakimiyyətə gəlmiş Köçəryan-Sərkisyan- Qarabağ klanıdır.  Ona görə də onlar Qarabağ ermənilərini xoşlamır və bir daha onların Rusiyanın əli ilə hakimiyyətə qayıtmasına imkan verməzlər. İkincisi, Paşinyan Qərbə, Amerikayas, Avropaya arxalanaraq erməni toplumu üçün çox böyük işlər görür.  Bu baxımdan da Ermənistanın əksəriyyətinin hazırkı hakimiyyətdən üz döndərəcəyi ehtimalı yoxdur. Üçüncüsü,  Rusiya ordusu, kəşfiyyatı, agenturası əvvəlki - 1990-cı illər səviyyəsində də deyil. Bunun qarşılığı olaraq Ermənistanda ABŞ və Fransanın agenturası güclənməkdə və Paşinyan hakimiyyətinin təhlükəsizliyini təmin etməkdədir. Unutmayaq ki, ABŞ-nin dünyada heyət sayına və ərazisinə görə ikinci böyük səfirliyi Ermənistandadır. Eləcə də həm ABŞ, həm Fransa Ermənistanda, artıq hərbi mövcudluqlarını da təmin  etməyə çalışırlar...