Rusiya Ermənistanı yenidən ağuşuna çəkmək üçün sövdələşməyə başlayıb - Firdovsiyə Əhmədova

14:56 19.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezidentin dediklərinin tarixi əsası var. Çünki Zəngəzur zaman-zaman Azərbaycan ərazilərində mövcud olmuş dövlətlərin ərazisində olub.

Bu fikirləri hafta.az-a tarixçi alim Firdovsiyə Əhmədova deyib. Onun sözlərinə görə, Cumhuriyyət dönəmində isə nəinki Zəngəzur, heç Qarabağla bağlı hər hansı mübahisə görünmürdü.

Bu torpaqları əzəli Azərbaycan torpaqları idi. Ona görə də hökumət başçısı Nəsib bəy Yusifbəyli də çıxışlarında deyirdi ki, bizim Qarabağ xüsusunda hər hansı bir mübahisəmiz yoxdur. Bu torpaqlar birmənalı şəkildə Azərbaycanındır.

Xosrov Paşa Sultanovun başçılığı ilə xüsusi bir Qarabağ general Qubernatorluğu yaradılmışdı və Zəngəzur da onun tərkibində idi. Ona görə də 1920-ci il Azərbaycan Cumhuriyyəti işğal nəticəsində devrildi sonra qonşu erməni ərazisindəki daşnaq hökuməti sovetləşmək niyyəti ilə Azərbaycan torpaqları üzərindən möhtəkirlik etdi.

 Və Azərbaycan sovet hökumətinin başçısı Nərimanov davamlı olaraq Şərur, Dərələyəz, Ordubad, Naxçıvan, Qarabağ, Zəngəzurun əzəli Azərbaycan torpaqları olduğunu birmənalı şəkildə Rusiya hakimiyyəti qarşısında qoyurdu. Belə bir paralel aparmaq olar. Bugünkü Ermənistan hakimiyyəti, dünənki himayədarı, indi də onu öz cazibəsinə çəkmək istəyən Rusiyadan üzünü çevirib Qərbə meyllənir. Bunun müqabilində isə Rusiya onu yenidən öz ağuşuna çəkmək üçün bir sövdələşmə prosesinə başlayıb.

20-ci ildə də eyni məsələ idi. 20-ci ildə də Daşnaq hökumətini Antanta qanadından ayırıb öz nüfuzuna çəkmək üçün noyabrda bir sovet hökuməti elan edildi. Bundan sonra artıq Azərbaycan ərazisi olan Zəngəzurun bir hissəsi Azərbaycan adından Ermənistana “hədiyyə” edildi. Ona görə bu gün Prezident “Şərqi Zəngəzur”, Qərbi Zəngəzur sözlərini işlədir. Bunun tarixi əsası ondan qaynaqlanır ki, vaxtilə bütöv bir Zəngəzur olub və o da Azərbaycan qəzası olub. Zəngəzur qəzası Gəncə Quberniyasının tərkibində idi.

Əhalisinə və ərazisinə görə ən böyük qəzalardan biri idi. Amma 20-ci ildə onun dağlıq hissəsi Azərbaycan xalqının iradəsi əleyhinə olaraq ermənilərə verildiyinə görə Azərbaycanda qalan hissəsini bu gün Şərqi Zəngəzur adlandırmaqla Prezident açıq mesaj verdi ki, Zəngəzurun şərqi varsa, Qərbi də var. O Qərb də Azərbaycanın iradəsi əleyhinə ermənilərə verilmiş torpaqlardır. Azərbaycan xalqının həmin torpaqlara qayıtmaq haqqı həm tarixi əsasa, həm mənəvi əsasa söykənir, siyasi baxımdan da bu gün aktualdır.

Bu gün Azərbaycan müstəqildir, öz iradəsinə özü sahibdir və Azərbaycan hakimiyyəti xalqın iradəsini təmsil edərək, vaxtilə onun iradəsi əleyhinə ermənilərə verilmiş torpaqların geri qaytarılması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi yönündə haqlı davasını aparır.