Rusiya ilə Çin Krıma sualtı tunel tikəcək

09:15 27.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya və Çinin Qara dənizin altından Rusiyanı Krım yarımadasına birləşdirəcək tunelin inşası üçün danışıqlar apardığı iddia edilirdi.

Hafta.az-ın “The Washington Post”a istinadən yazdığına görə, Moskva və Pekin milyardlarla dollar başa gələcək layihə üçün danışıqlara bir ay əvvəl başlayıb. Qəzetin Ukrayna kəşfiyyat xidmətlərinə əsaslanan xəbərinə görə, oktyabrın sonunda baş tutan danışıqlarda Çinin dövlət infrastruktur tikintisi şirkəti CRCC də iştirak edib.

Moskva dənizin altında tikiləcək tunellər sayəsində Krıma daşımaları təhlükəsiz və fasiləsiz etmək, Ukraynadan gələn hücumlara qarşı qorunan nəqliyyat marşrutu yaratmağa ümid edir. Lakin münaqişə zonasına yaxınlığı və Ukraynanın mümkün raket hücumları təhlükəsi səbəbindən tikintinin uzun illər və milyardlarla dollar tələb edəcəyi gözlənilir.

Sualtı tunelin yaradılması Rusiya ilə Krım yarımadası arasında nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra, yüklərin və sərnişinlərin daha sürətli və etibarlı daşınmasına imkan verə, xarici təhlükələrə məruz qalan quru marşrutlarından asılılığı aradan qaldıra bilər.

Mütəxəssislərin fikrincə, sözügedən layihə həyata keçirilərsə, yarımadanın sakinlərinin əsas xidmətlərə və resurslara çıxışını asanlaşdırmaqla və regionda həyat keyfiyyətini yaxşılaşdırmaqla sosial-iqtisadi tarazlığı dəstəkləyə bilər.

Kremlin sözçüsü Dmitri Peskov Krımda sualtı tunel tikintisi planları ilə bağlı xəbərləri “absurd” və “cəfəngiyyat” adlandırıb. O bildirib ki, “The Washington Post”un Rusiyanın Kerç boğazı altında sualtı tunel tikmək planları barədə dərci cəfəngiyyatdır və ona şərh vermək yersizdir.

Oxunma sayı 206