“Rusiya Könüllülər Korpusu" (Ukrayna Silahlı Qüvvələrinin tərkibindəki rus birləşməsi) sosial şəbəkədə Rusiyanın Bryansk vilayətində çəkilmiş bir neçə video-çarx dərc edib.
Hafta.az xəbər verir ki, bu haqda “Amerikanın səsi” radiosunun rus bürosu məlumat yayıb.
Görüntülərdə döyüşçülər korpusun bayrağı ilə dayanıblar. Onların arxasında feldşer-mama məntəqəsi və Rusiya Federasiyasının kənd poçt şöbəsi var.
Onlar rus əsgər qardaşlarını silaha sarılmağa, ayağa qalxmağa və Putinə qarşı müqavimətə qoşulmağa çağırıblar. Videodakı silahlılar da mülki şəxslərlə döyüşmədiklərini iddia edirlər.
Xatırladaq ki, bu gün Rusiya Federasiyasının "FSB"-si Ukrayna təxribat-kəşfiyyat qrupunun Bryansk vilayətinə soxulduğunu, vətəndaşların öldüyünü və yaralandığını bildirib.