Rusiyanın paytaxtı Moskvada mühacirlərin cəmləşdiyi yerlərdə reydlər keçirilib.
Hafta.az-ın “Novoya İzvestiya”ya istinadən yazdığına görə, Rusiya vətəndaşlığı olan bütün əcnəbi mühacirlər saxlanılaraq Lyubertsıdakı hərbi təlim mərkəzinə aparılır.
Hərbi xidmətə çağırış şöbəsində yaradılmış çevik hərbi çağırış komissiyası tərəfindən təcili tibbi müayinədən keçən Rusiya vətəndaşı olan əcnəbilərə “hərbi xidmətə yararlılıq” sertifikatı verilir. Yaşı 30-dan az olanlar müddətli həqiqi hərbi xidmətə çağırılır, qalanları isə müqavilə əsasında müharibə meydanına göndərilir.
Moskva yaxınlığındakı Kotelniki məscidinə cümə namazı qılmağa gələn mühacirlər namazdan sonra qapıda polis tərəfindən qarşılanıb. Şəxsiyyət yoxlamasından sonra Rusiya vətəndaşlığı olan mühacirlərə qarşı tədbir görülüb. Məscidin rəsmisi Salavat İbatulin bildirib ki, təhlükəsizlik qüvvələri yanğın təhlükəsizliyini yoxlamaq adıyla məscidə gəlib.
Cümə günü məsciddən hərbi xidmətə aparılan mühacirlərdən bəziləri sosial media platformalarında hadisənin görüntülərini yayımlayıblar. Yayımlanan videoda hər kəsin avtobuslara mindirilərək Lyubertsıdakı hərbi komissarlığa gətirildiyi və təcili çağırılan həkim komissiyasından hərbi xidmətə yararlı olduqları barədə rəylər alınaraq, onların görüş məntəqəsinə aparıldığı əksini tapıb. Balaşixada onlara deyiblər ki, hamı müqavilə bağlamalıdır, əks halda 1 il həbsdə olacaqlar.
Xatırladaq ki, ötən gün Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Ukraynada xüsusi hərbi əməliyyatda iştirakdan boyun qaçıran mühacirlərin Rusiya vətəndaşlığından çıxarılmasını məsləhət görən bəyanatla çıxış edib.