Rusiyanın Ukraynada davam edən müharibədəki itkilərinin sayı açıqlanıb.
Hafta.az xəbər verir ki, BBC açıq mənbələrə əsaslanaraq Ukraynadakı müharibədə həlak olan 6020-dən çox rus əsgərinin şəxsiyyətini müəyyənləşdirə bilib. İtkilər daha çox xüsusi təyinatlı birləşmələr, eləcə də kiçik zabitlər tərəfindən verilib.
Qəbir daşlarının üzərindəki lövhələrə və dəfn tarixinə görə, orta hesabla ölülər Rusiyaya gətirilir və ölümdən 14-20 gün sonra dəfn edilir. Amma iyul və avqust aylarında üç, bəzən hətta dörd ay əvvəl dünyasını dəyişənlərin çoxu dəfn edilib.
Rusiya vilayətlərində ölənlərin sayına görə Dağıstan (278 nəfər), Buryatiya (256 nəfər) və Krasnodar diyarı (227 nəfər) hələ də öndədir. Müqayisə üçün qeyd edək ki, Moskvadan yalnız 15 ölüm məlumdur, baxmayaraq ki, paytaxt sakinləri Rusiya əhalisinin demək olar ki, 9%-ni təşkil edir.
Ukraynada həlak olan 6024 rus əsgərindən 1025 nəfəri, yəni 17%-i zabitdir, onların arasında 4 general və 35 polkovnik də var.
Rusiya ordusunun kiçik zabitləri xeyli itki veriblər, çünki döyüşün aparılması ilə bağlı əsas taktiki qərarları məhz onlar qəbul etməlidirlər. Eyni zamanda, onların əksəriyyəti hələ gəncdir (leytenant rütbəsi ən çox 21-22 yaşda alınır), təcrübəsizdir, lakin rəhbərliyin qarşıya qoyduğu məqsədlərə necə nail olacağına artıq qərar vermək məcburiyyətindədir.
Xüsusi təyinatlıların zabitləri arasında itkilərin payı xüsusilə yüksəkdir - həm QRU-da, həm də Rusiya Qvardiyasının dəstələrində.
BBC-yə müsahibə verən ekspertlər deyirlər ki, xüsusi təyinatlıların zabitlərinin itkisi çox həssasdır və Rusiya ordusu üçün əvəzlənməsi çətin ola bilər.