Rusiya Ukraynada ələ keçirdiyi Amerika silahlarını araşdırma üçün İrana ötürür

16:26 10.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynada ələ keçirilən Amerika silahlarının bir hissəsini araşdırma üçün İrana göndərib. Bu barədə öz mənbələrinə istinadən CNN məlumat yayıb. Telekanal qeyd edir ki, söhbət “Javelin” tank əleyhinə sistemlərdən və “Stinger” zenit sistemlərindən gedir.

CNN hesab edir ki, Rusiya İrana silahları sökmək və analiz etmək üçün verib. İran ordusu bu silahların öz analoqlarını yaratmağa cəhd edə bilər.

ABŞ rəsmiləri problemin geniş yayılmış və sistematik olduğuna inanmır, çünki Kiyev Amerika silahlarının itirilməsi barədə Pentaqona məlumat verir. Buna baxmayaraq, Birləşmiş Ştatlar bütün silahların izlənilməsinin çətin olduğunu qəbul edir.

Nəşr qeyd edir ki, Tehran Amerika dizaynları əsasında silah sistemlərinin yaradılmasında böyük təcrübəyə malikdir. Belə ki, İranın “Toophan” tank əleyhinə idarə olunan raketi 1970-ci illərdə Amerikanın BGM-71 TOW raketi əsasında yenidən dizayn edilib. 2011-ci ildə iranlılar həmçinin ABŞ istehsalı olan Lockheed Martin RQ-170 Sentinel pilotsuz uçan aparatını ələ keçirib və yeni pilotsuz təyyarə yaratmaq üçün onun tərs mühəndisliyi ilə məşğul olublar.