Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra Amerika Birləşmiş Ştatları ilə Fransanın Azərbaycana münasibəti dəyişib. Bakı Minsk qrupunun ləğvini istədiyi üçün bu dövlətlər Azərbaycana düşmən kəsildilər. Onlar Azərbaycan kimi bir ölkənin dünyanı idarə edən ölkələrlə belə bir tonda danışmasını qəbul edə bilmirlər və cəzalandırmaq istəyirlər”.
Bunu hafta.az-a politoloq Rauf Məmmədov Qərbin Azərbaycana münasibətdə sərgilədiyi mövqeni şərh edərkən bildirib.
Politoloq hesab edir ki, yeni müharibə yox, Azərbaycanın yenidən Rusiyaya bağlanılması üçün hədə-qorxu siyasəti gedir. Bu vəziyyətin necə bitəcəyinin bilinmədiyini deyən ekspert, bütün hallarda gərginliyin artacağını proqnozlaşdırıb.
R.Məmmədov qeyd edib ki, bu gün Azərbaycana qarşı ABŞ, Fransadan gələn hücumlar Türkiyə faktorunun qarşısında bir qədər zəifləyir. Amma Azərbaycana olan təzyiqlər davam edəcək və getdikcə artacaq.
Politoloq bu təzyiq proqramının bir çox məqsədlərinin olduğunu qeyd edib. Onun sözlərinə görə, ABŞ və Fransanın Azərbaycandan istədikləri var. O şərtləri qəbul etmək isə o deməkdir ki, Azərbaycan 2020-ci ildən əvvəlki vəziyyətə qayıtmalıdır. Yəni, erməniləri yenidən Qarabağa köçürməli, azad etdiyi əraziləri yenidən işğala təslim eləməlidir. Beləliklə Ermənistan regionda güclənməli, Azərbaycan yenə də əzilən tərəf olaraq qalmalıdır.
R.Məmmədov Azərbaycanın sıxışdırılmasında diqqət çəkən başqa versiyaları da önə çəkib.
“ABŞ Çin və Avropanın inkişafına maraqlı deyil. Çindən başlayan "bir kəmər, bir yol" xətti Azərbaycandan Gürcüstana, oradan isə Türkiyə vasitəsi ilə Avropaya keçir. Bu, Avropanın zənginləşməsi məqsədini daşıyır və təbii ki, tranzit ölkələr də burada iqtisadi cəhətdən inkişaf edəcək. Ancaq Amerika Çinin inkişaf eləməsində, güclənməsində maraqlı deyil və Avropanın da müstəqil olmasını istəmir. ABŞ Çini zəiflədilərək öz təsiri altına salmağı düşünür. Ona görə də ABŞ bu layihənin gerçəkləşməsini istəmir, ən yaxşı halda isə o layihəni öz nəzarətinə almağı düşünür. Burada Fransa Amerikanın iradəsinin təmsilçilərindən biri kimi çıxış edir”.
Politoloq hesab edir ki, ABŞ bu siyasətini Rusiya ilə birlikdə həyata keçirir. Onun fikrincə, ABŞ-la Rusiya arasında Cənubi Qafqaz bölgəsinin Rusiyanın idarəçiliyinə verilməsi ilə bağlı razlıq əldə olunub.
“Mən deyərdim ki, Rusiya həmişə Amerikanın nəzarətindədir və ABŞ tərəfindən idarə olunur. Rusiya Amerika ilə yaxınlaşmağa can atır. Amerika Azərbaycanı sıxışdırıb Türkiyədən ayırmaq, Gürcüstanı Avropadan ayırıb hər iki dövləti Rusiyaya yaxınlaşdırmaq istəyir. Çünki ABŞ okeanın o tərəfindən regionu idarə etmək üçün burada kiməsə əsaslanmalıdır. Təbii ki, İrana, Türkiyəyə əsaslanmayacaq. ABŞ Cənubi Qafqazı Rusiyaya tapşıra bilər və bu ölkə ilə maraqları müəyyən qədər uzlaşır.
Artıq görünən odur ki, ABŞ Gürcüstanı Avropa Birliyindən uzaqlaşdırdı. İndi Gürcüstanda hakim partiya istiqaməti Rusiyaya tərəf döndərir. Əslində Amerika Cənubi Qafqazın Rusiyaya bağlanmasına razıdır. Azərbaycanı sıxışdırmağın səbəbi odur ki, Gürcüstan, Azərbaycan Rusiyanın nəzarəti altında qalsınlar. Çünki bu, onun maraqlarına sərf edir.
Məsələn, Zəngəzur dəhlizinin olmaması məsələsində Rusiya da maraqlıdır. Rusiya Zəngəzur dəhlizində özünün nəzarətini istəsə də, əslində bu dəhliz onun maraqlarına xidmət eləmir. Bu baxımdan, Amerika ilə Rusiya maraqları burda kəsişir.
Ermənistan bölgədə Amerikanın yeri olacaq və Rusiya ilə birlikdə bu ölkəni bölgədə gücləndirəcəklər. Bu gün Türkiyənin üzərinə gedildiyini müşahidə edirik. Yaxın Şərqdə İsrailin fəallaşması, Livana hücumu, Suriya məsələsi üzərindən yaranan gərginlik Türkiyənin sərhədlərinə gəlib çıxıb. Yaxın Şərqdə başlayan münaqişə Türkiyənin içərisinə də yeriyə bilər. Rəsmilər burada hədəfin Türkiyə olduğunu açıq bəyan ediblər. Türkiyə üçün belə bir problem yaranandan sonra Azərbaycan üçün də çətin olacaq. Bunun necə bitəcəyi bilinmir”.