Rusiyada ən çox nifrət edilən QADIN OLDU - BU SƏBƏBƏ GÖRƏ

18:10 31.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Marina Ovsyannikova iki ay əvvəl Rusiyanın ən çox baxılan xəbərlər proqramına çıxanda onun başına nə gələcəyini bilmirdi. Ovsyannikova uzun müddət sonra ilk dəfə başına gələnləri danışıb.

Hafta.az bildirir ki, Marina Ovsyannikova həyatının çox hissəsini Rusiya dövlət televiziyasında çalışıb və Birinci Kanalın ən mühüm proqramı sayılan əsas xəbərlərin texniki komandasında mühüm vəzifəyə yüksəlib. Rusiya şərtlərinə görə yaxşı maaş alan Ovsyannikova Rusiya ilə Ukrayna arasında gərginlik artmağa başlayanda səhv yerdə olduğunu düşünməyə başlayıb və bu işi davam etdirə bilməyəcəyinə qərar verib.

Rusiyanın Ukraynaya hücumu başlayanda uzun müddətdir işlədiyi kanalı tərk etmək qərarına gələn Ovsyannikova əsas xəbər proqramının təqdim olunduğu canlı yayıma daxil olaraq, müharibə əleyhinə ifadələrin yer aldığı pankart açıb. Bütün dünyanın gündəmində olan pankartda “Müharibəyə yox. Bu müharibəni dayandırın. Təbliğat maşını sizə yalan danışır” qeyd edilib. Ovsyannikova həmin gün özünü əsəbi hiss etdiyini və etirazının nəticələrini düşünməyə çox vaxtının olmadığını deyib və əlavə edib:

“Düşünməyə çox vaxtım yox idi. Bunu etdikdən sonra çox qorxdum. Əllərim o qədər titrəməyə başladı ki, bir stəkan su belə içə bilmədim. Həmin gün emosional partlayış yaşadım”.
Ovsyannikova Kanal 1-in canlı yayımında etirazından sonra saxlanılıb. Polis bölməsində gecələyən qadın sosial şəbəkədəki paylaşımlarına görə ertəsi gün məhkəməyə sövq edilib. Birinci Kanalın xəbər xidmətinin direktoru isə canlı efirdə Ovsyannikovanın "vətəninə xəyanət edən Britaniya casusu" olduğunu iddia edərək qınayıb.

Marina Ovsyannikova ilk vaxtlar həbs cəzası ilə üzləşməkdən çox qorxduğunu bildirib və “Mənə 10 ilə qədər həbs cəzası veriləcəyi deyildiyi üçün qorxdum” deyib. Ölkədə müharibə əleyhinə nümayişlərdə saxlanılan 2 mindən çox adam “ordunu ləkələmək” ittihamı ilə mühakimə olunub, 53 nəfər isə “saxta xəbər” yaymaqda günahlandırılıb. Rusiyada yeni hüquqi tənzimləmələrdən sonra Rusiya ordusu ilə bağlı “hərbi əməliyyat” və “bilərəkdən yalan xəbər yaymaq” cinayət sayılır. Bu cinayətləri törədənləri 15 ilə qədər həbs gözləyir.

Marina Ovsyannikova isə məhkəmədə 30 min rubl cərimələnib. Etirazdan sonra dünyanın gündəminə çevrilən Marina Ovsyannikova ötən həftə “Vatslav Havel İnsan Haqları Mükafatı” almaq üçün Norveçə gedib. Ovsyannikova, aldığı mükafatdan 60 min avro ukraynalı qaçqınlara dəstək verən fonda bağışlayacağını və bunu müxalifətin Rusiyanı tərk etməsinə kömək etmək üçün istifadə edəcəyini açıqlayıb.

Canlı yayımda etdiyi etirazdan sonra çoxlu reaksiyalar aldığını deyən Ovsyannikova Rusiyadakı müxalifətçilərin də Putin tərəfdarları qədər onu tənqid etdiyini bildirib. Ölkədə bir çox dissidentlər Ovsyannikovanın jurnalist kimi reputasiyasını şübhə altına alır və onun illər boyu “Putinyönlü” kanalda işləməsini vurğulayırlar. Ukraynada çoxları onu “Kreml qulduru” kimi təsvir edir.

Ukraynanın aparıcı antikorrupsiya fəallarından biri olan Daria Kaleniuk bildirib ki, insan haqları hərəkatının liderlərinə verilən mükafatlandırma mərasimində illərdir müharibəni qızışdıran Rusiya dövlət təbliğatçısı görmək ukraynalılar üçün alçaldıcıdır. Müstəqil reportyor Fəridə Rüstəmova da "Hazırda onlarla müstəqil rus jurnalisti Avropada iş axtarır, lakin Almaniyanın "Die Welt" qəzeti Marina Ovsyannikovaya iş təklif edib. Putin Rusiyasında dissident olan və həyatını riskə atan o deyildi" deyib.

Müxalifətin və Putin tərəfdarlarının onu sərt şəkildə tənqid etdiyini bildirən Ovsyannikova, “Mən informasiya müharibəsinin mərkəzindəyəm. Dissidentlərin mənə şillə vurduğu yazıları görmək istəsəm, Twitter-ə girirəm. “Mən də köhnə işimdə Putinin tərəfdarlarının və dostlarının zorakılığını görmək istəsəm Facebook-a daxil oluram.

Putinin ondan qisas almaq üçün ailəsindən istifadə edəcəyindən narahat olan Ovsyannikova dövlətə məxsus RT (Russia Today) yayım qrupunda çalışan ərinin iki uşağının qəyyumluğunu almaq üçün ona qarşı iddia qaldırdığını da bildirib. Ovsyannikova: “Oğlum mənə dedi ki, ailə həyatımızı korlayıram. “Etirazın nəticələri hər gün uçqun kimi böyüyür.

Son bir neçə ayda Avropada ictimai tədbirlərdə çıxış edən və bəzi siyasətçilərlə görüşən Marina Ovsyannikova xaricdə yaşamağı planlaşdırmadığını və tezliklə Rusiyaya qayıdacağını bildirib.
Etdiyi əməldən peşman olmadığını deyən Ovsyannikova Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin müşavirlərindən biri Boris Bondarevdən ilham aldığını bildirib. Bondarev Rusiya ordusunun Ukraynaya girməsindən sonra vəzifəsindən istefa verərək, "20 illik diplomatik karyeramda xarici siyasətimizdə çoxlu dəyişikliklər görmüşəm, lakin 24 fevraldan bəri ölkəmdən heç vaxt bu qədər utanmamışam" deyib. Marina Ovsyannikova deyib: "Biz bunu özümüz üçün etmirik. Biz bunu Rusiyanın gələcəyi üçün edirik, Rusiyanın orta əsrlərin qaranlığına qərq olmasını istəmirik".

Öz dərdlərinin və şəxsi problemlərinin Ukraynada davam edən müharibədən başqa heç bir məna daşımadığını ifadə edən Ovsyannikova, "Hamımızın məqsədi eynidir, müharibəni dayandırmaq, müharibə cinayətkarlarını ədalətə təslim etmək və Ukraynanı yenidən qurmaq".