Rusiya öz istehsalı olan avtomobillərin gündəlik həyatdan çıxmasının qarşısını almaq üçün həll yolları axtarmağa davam edir.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, Kalininqraddakı “Avtotor” zavodu ikinci əl avtomobillər üçün elektrik mühərriklərinin istehsalı üzərində işə başlayıb. Bölgədə ilk dəfə həyata keçiriləcək layihə çərçivəsində modelindən asılı olmayaraq bütün ikinci əl avtomobillərə quraşdırılacaq elektrik mühərrikinin istehsalı planlaşdırılır.
"Avtotor" Holding-in təsisçisi Vladimir Şerbakov ilk sınaqların yazda başlayacağını açıqlayıb. Layihə sayəsində ölkənin avtoparklarındakı avtomobillərin istifadə müddətinin uzadılması planlaşdırılır.
Rusiyanın Ukraynaya qarşı işğal müharibəsinə reaksiya verən xarici avtomobil istehsalçıları ölkədəki zavodlarını və texniki xidmət mərkəzlərini bağlayıb, ehtiyat hissələrinin tədarükünü məhdudlaşdırıblar.
Rusiyalı ekspertlər bu fikirdədirlər ki, “Avtotor”da başlayan layihənin uzunömürlü olması üçün dövlət dəstəyinin verilməsi vacibdir.