Rusiyada yaşı 35-dən aşağı olan işçilərin sayı 2022-ci ildə Sovet İttifaqı dağılandan bəri ən aşağı səviyyəyə düşüb.
Hafta.az FinExpertiza-nın rəsmi məlumatlara əsaslandığı apardığı araşdırmanın nəticələrinə istinadən yazır ki, ən böyük uçurum 25-29 yaş qrupundadır. Kəsirin arxasında isə ölkə əhalisinin qocalması və miqrasiya fenomeninin dayandırılması durur.
Araşdırmaya görə, 2021-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək 35 yaşa qədər işçilərin sayı 1,33 milyon nəfər azalaraq 21,5 milyon nəfər olub. Rəsmi məlumatlar göstərir ki, gənclərin ümumi məşğulluqdakı payı 29,8 faizə qədər azalıb. Digər diqqətçəkən bir müşahidə isə ondan ibarətdir ki, gənc işçilərin sayı kişilərdə 3,5 faiz azaldığı halda, qadınlarda 8,5 faiz yüksək göstəriciyə uyğundur. FinExpertiza analitikləri xatırladır ki, səfərbərlik çərçivəsində işə götürülən kişilər bu rəqəmlərə daxil deyil.
Digər diqqət çəkən məsələ isə 25-29 yaş qrupunda çalışan işçilərin sayının son bir ildə 724 min nəfər azalaraq 7,2 milyon nəfərə çatmasıdır. Hazırda 25-29 yaş qrupunda olanlar Rusiyanın dərin böhran içində olduğu 1993-1997-ci illərdə anadan olanlardır.
Ukrayna ilə müharibə və səfərbərliyə görə Rusiyanı tərk edən gənc işçi qüvvəsinin demoqrafik çuxur adlandırılan bu problemi daha da ağırlaşdırdığı bildirilir.