Rusiyada termometrlər mənfi 56 dərəcəni göstərdi

09:05 05.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Sibir bölgəsi qış mövsümü ilə əlaqədar dondurucu temperaturla üzləşib. Xüsusilə Yakutiyada havanın mənfi 50 dərəcədən aşağı düşməsi həyata mənfi təsir göstərir.

Hafta.az-ın yazdığına görə, Yakutiya Rusiyanın ən soyuq bölgələrindən biridir. Bölgənin Yakutsk şəhərində havanın temperaturu mənfi 44 ilə mənfi 47 dərəcə arasında dəyişərkən, Oymyakonda mənfi 56 dərəcəyə qədər aşağı temperatur qeydə alınıb. Bu soyuq dalğa rayon əhalisinin həyatını çətinləşdirir.

Mütəxəssislər Oymyakonda küləyin və rütubətin təsiri ilə temperaturun mənfi 60 dərəcədən çox hiss edildiyini, gecə saatlarında temperaturun daha da aşağı düşəcəyini bildirirlər. Bu, dünyanın ən soyuq məskunlaşmış yerlərdən biri olan Oymyakon üçün tipik qış mənzərəsidir.

Rusiya Milli Meteorologiya Xidməti dekabrın ilk həftəsində Rusiyanın Avropa hissəsində, Ural və Sibir bölgələrində şaxtanın artacağını bildirib. Bu, qış aylarının sərt keçəcəyindən xəbər verir.