Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Ermənistan-Azərbaycan sülh danışıqlarından və bu danışıqlarda Rusiyanın rolundan danışıb.
“İndi mənə elə gəlir ki, Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasının həqiqətən bir addımlığındadır. Baş verən və son nəticədə indiki vəziyyətə gətirib çıxaran hadisələr düzgün inkişaf edib. Yalnız üç regional qonşu danışıqlar aparmalı idi: Azərbaycan, Ermənistan və Rusiya. Mən həmişə bu barədə danışmışam. Bizdən başqa ABŞ və Fransanın həmsədrlərinin olduğu Qarabağ üzrə Minsk Təmas Qrupuna mən heç vaxt inanmamışam. Onlar bir barmaqlarını da qaldırmadılar”.
Deputat əmindir ki, Qarabağın Azərbaycanın tam nəzarətinə qayıtmasından sonra “indi yumruqla masa döyməyin mənası yoxdur”.
“Biz bundan maksimum yararlanmalıyıq. Bu, Azərbaycan və Türkiyə ilə mehriban qonşuluğa da aiddir, onların başqa sərhədləri yoxdur. Hara qaçmalıdırlar?”, - Kalaşnikov yekunlaşdırıb.