Rusiyanın 4 casusu Moldovada mühakimə olunacaq

10:30 11.07.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Prokurorluğu dörd nəfərə qarşı casusluq və dövlətə xəyanətlə bağlı cinayət işinin məhkəməyə göndərildiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, bu barədə “NewsMaker” xəbər verib.

Moldova kəşfiyyat xidmətinin rəhbəri Aleksandr Mustyatsa bildirib ki, Moldovada sabitliyi pozmaq və siyasi proseslərə təsir etmək üçün agent şəbəkəsi yaratmaqda şübhəli bilinən həmin şübhəlilərdən ikisi Moldova, ikisi isə Rusiya vətəndaşıdır.

"2020-ci ildən Rusiya Federasiyası vətəndaşları Yuri Q. və Vadim İ. Rusiya FTX-nın komandanlığı altında Moldova vətəndaşlarını işə götürərək ərazimizdə agent şəbəkəsi yaradıblar. Onların hərəkətləri ölkədə siyasi proseslərə təsir göstərmək məqsədi daşıyıb”, - Mustyatsa bildirib.

O əlavə edib ki, şübhəlilər iki il ərzində Moldova hakimiyyətinin planları barədə informasiya toplayıb, siyasətçilər haqqında şantaj xarakterli məlumatlar yığıblar, dezinformasiya kampaniyaları aparıblar - əsasən Telegram kanallarında, 2022-ci il fevralın 24-dən sonra isə iğtişaşlar və təxribatlar üçün moldovalı insanları bu işə cəlb ediblər.

Rusiya agentlərin fəaliyyətini kriptovalyuta və qeyri-rəsmi pul köçürmələri şəbəkəsi vasitəsilə maliyyələşdirib. Moldova SIS rəhbəri iddia edir ki, təkcə 2021-ci ildə Rusiyadan Moldovaya təxminən 500 min dollar daxil olub.

Rusların işə götürdüyü agentlərdən biri - Moldova sakini dövlətə xəyanətdə ittihamlanaraq həbsdədir, onu 20 ilə qədər həbs gözləyir. Yeni iş üzrə dörd müttəhimdən biri isə axtarışdadır.

Fevralın sonunda məlum olub ki, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları Moldova və başqa dövlət vətəndaşlarının daxil olduğu agentlər şəbəkəsi tərəfindən həyata keçirilən dövlətə xəyanət və casusluq işini araşdırır.

Mart ayında Moldovanın araşdırmaçı jurnalistləri ABŞ və Avropanın 10 fərqli ölkəsinin nəşrləri ilə əməkdaşlıq edərək, təxminən iki il əvvəl Kremldə göründüyü kimi, Rusiyanın ölkəyə təsir etmək strategiyasını ortaya qoydular.

Siyasət rubrikasından digər xəbərlər