Rusiyanın Qarabağdakı rejimə dəstəyi getdikcə azalacaq - Tofiq Zülfüqarov

15:04 03.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İlk növbədə köçkün soydaşlarımızın işğaldan azad torpaqlara qayıdışını və daimi məskunlaşmasını təmin etməliyik

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov  hafta.az-a növbəti müsahibəsində Rusiya lideri V.Putinin SSRİ-nin bərpası və Qarabağ haqqındakı son açıqlamalarına münasibət bildirib, Azərbaycanın keçmiş Dağlıq Qarabağa münaqişənin başlandığı sovet dövründəki təsir gücü ilə 44 günlük müzəffər savaşımızdan sonrakını müqayisə edib, eləcə də dövlətimizin Xankəndi, Xocalı, Əsgəran və s. məntəqələrimiz üzərindəki yurisdiksiyasının bərpasının mümkün yollarından bəhs edib.

-Tofiq müəllim,  iyunun 30-da Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik suallara birbaşa cavabları zamanı Sovet İttifaqını yenidən qurmağın mənasız olduğunu və praktik olmadığını dilə gətirib. Lakin onun çıxışındakı bəzi incə nüanslar diqqəti cəlb edir. Birincisi, o, artıq dəfələrlə dediyi fikri bir daha təkrarlayıb və hazırda hər biri müstəqil dövlət sayılan keçmiş müttəfiq respublikalarının ərazisini birbaşa olmasa da, dolayısıyla “tarixi Rusiya torpaqları” adlandırıb. Halbuki,  XVIII-XX əsrlərdə  həmin ərazilər işğal olunub.  Yəni bu fikirdən belə nəticə çıxır ki, Azərbaycan Respublikası və o cümlədən hazırda Rusiya qoşunlarının yerləşdiyi keçmiş Dağlıq Qarabağ ərazisinin bir  hissəsi də, eləcə Gürcüstan da, onun Abxaziya, Cənubi Osetiya kimi əraziləri də və s. “tarixi Rusiya torpaqları”dır… Siz necə şərh edərdiniz Rusiya dövlət başçısının bu fikirlərini?

-Əvvəla, Putin Azərbaycanın və ya keçmiş Dağlıq Qarabağın tarixi Rusiya ərazisi olduğunu birbaşa söyləməyib.  Odur ki, onun keçmiş SSRİ ərazisini  “tarixi Rusiya torpaqları” hesab etməsindən narahat olmağa dəyməz. İkincisi də əsas Rusiya liderinin  bəhs etdiyiniz tədbirdə Qarabağ haqqında son fikirlərinə diqqət etmək gərəkdir. Putin deyib ki, məsələ həll olub, qalıb Azərbaycan və Ermənistan arasındakı sərhədləri bərpa etmək. Yəni o, çıxışında vurğulayır ki, sovet dövründə iki respublika arasında inzibati sərhədlər olub və bunlar bərpa olunmalıdır... Biz də eyni şeyi deyirik. Sadəcə, ermənilər qəbul etmir. Odur ki, əslinə qalsa, Putinin Qarabağ barədə son açıqlaması da  bizim xeyrimizədir...

-Axı Putin Azərbaycanın bəhs edilən ərazisini, sovet dövründə olduğu kimi, “Dağlıq Qarabağ” adlandırır və bununla paralel Azərbaycanla Ermənistan arasındakı sovet dövründəki sərhədlərin bərpasından danışır?

-Bilirsiz, Rusiya başçısının keçmiş müttəfiq respublikaların ərazilərinin “tarixi Rusiya torpaqları” olması haqqında fikirləri siyasi çəkisi olmayan  ifadələrdir. Birincisi, hamı bilir ki, artıq SSRİ-nin bərpası mümkünsüzdür. İkincisi, əlbəttə, Putin emosional baxımdan özünü SSRİ-nin dağılmasıyla barışmayan kimi göstərir və bunu ötən çıxışlarından birində “geopolitik fəlakət” adlandırıb. Amma reallığı, digər siyasətçilər kimi, o da yaxşı anlayır... Bunu Rusiya-Belarus ittifaqının alınmaması, əksinə, iki dövlət arasında müəyyən gərginliklərin yaranması təcrübəsi də göstərdi. Buraya Rusiyanın Ukrayna, Gürcüstan və s. keçmiş müttəfiq respublikalarla münasibətlərindəki gərginliyi də əlavə etsək, hər şey aydın olar... Və üçüncüsü, hesab edirəm ki, Putinin artıq neçənci dəfə  keçmiş SSRİ-ni “tarixi Rusiya torpaqları” adlandırması daxili vəziyyəti ağırlaşan bir çox ölkələrdə işlənən siyasi metodun təzahürüdür. Yəni, belə çıxışlar adətən daxili auditoriyaya hesablanır. Və hazırda ciddi siyasi-iqtisadi böhran yaşayan Rusiyanın rəhbəri belə çıxışları ilə vətəndaşları “Rusiya böyükdür, nəhəngdir, hamıdan güclüdür, keçmiş ərazilərini də bərpa edəcək” kimi illüziyalara qapdırmaqla başını qatmağa çalışır... İngilis gəmisi ilə bağlı son məsələ də göstərir ki, artıq Kremlə  edilən təzyiq artmaqdadır. Və təbii ki, buna cavab olaraq çox zaman  belə populist bəyanatlar səslənməlidir…

-Bir çox şərhçilər hesab edir ki,  hazırda Azərbaycanın əsas hədəfi Zəngəzur dəhlizi olmalı, Yuxarı Qarabağın Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. ərazilərində yurisdiksiyamızın bərpası ilə bağlı hələ bir müddət səbir göstərməliyik. Bəs həmin müddət ərzində Rusiya və digər xairci güclərin dəstəklədiyi düşmən qüvvələr adekvat tədbirlər görərsə, bu, bizim üçün problem yaratmaz ki?

-Hesab edirəm ki,  son dövrdə ABŞ-ın Əfqanıstandan çıxması və orada Türkiyəyə önəmli rol verilməsi məsələsinin regionda bir sıra parametrlərdə dəyişikliklərə səbəb olması Azərbaycanın həm Zəngəzur dəhlizi, həm də  Yuxarı Qarabağdakı problemlərinin həllinə də öz təsirini göstərəcək. Nəzərə alaq ki, Əfqanıstanda Türkiyə kontingentinin tərkibində Azərbaycan sülhməramlıları da xidmət keçir… Bəs Əfqanıstanın əhəmiyyətinin artmasının bizə dəxli nədən ibarətdir? Əvvəla, yadımıza salaq ki, Ermənistan əsrlər boyu Rusiya imperiyasının geo-siyasi oyunlarının aləti olub. İndi isə coğrafi baxımdan digər gərginlik zonaları yaranır ki, onlar Rusiya siyasətinə daha təsirli nöqtələrdir. Məsələn, Ukrayna-Türkiyə hərbi əməkdaşlığı… Neçə illərdir ki,  Qərb, ABŞ  vəd etsə də, Ukraynaya müdafiə silahından savayı bir şey verməyib. Ancaq Türkiyə artıq bu ölkəyə zərbə PUA-larının satmağa başlayıb. Odur ki, bu mövzu Rusiya üçün də geopolitik baxımdan çox ciddi mövzudur. İndi isə həmin  mövzuya Orta Asiya, Tacikistan, Əfqanıstan mövzuları əlavə olunur. Ona görə də Ermənistan geo-siyasi aktuallığını tamamilə itirir. Və həmişə olduğu kimi, Ermənistanın siyasi ambisiyaları qurban verilir. Elə indi də aqibəti eyni olacaq… Ona görə də hesab edirəm ki, Zəngəzur məsələsi həll olunacaq və eks-territorial dəhliz açılacaq. O ki, qaldı, Xankəndi və Yuxarı Qarabağın digər yaşayış məntəqələrinin məsələsinə, bəli, bir sıra xarici qüvvələr çalışır ki, elə əsas gərgin problemlər məhz Qarabağ bölgəsində olsun. Və təbii,  biz başa düşürük ki, həmin istəklərin reallaşıb-reallaşmaması birmənalı olaraq Rusiyanın mövqeyindən asılıdır. Bu şəraitdə Azərbaycanın siyasi baxımdan əsasən iki yolu var; ya qarşıdurma, konfrontasiya yolunu seçməli, ya da siyasi-diplomatik dialoqu davam etdirmək və böyük bir geopolitik alverin hansısa  məqamını gözləyərək öz siyasi məqsədlərinə nail olmaqdır.  Zənnimcə, ikinci yol bizim üçün daha uğurlu ola bilər…

-Bəs Yuxarı Qarabağın qalan hissəsinin azad olunması məsələsində siyasi-diplomatik yol seçməyimiz yenə də ATƏT-in Minsk Qrupunun 30 illik başqatması kimi onillərlə, 20-30 il vaxtımızı almaz ki?

-Bilirsiz, mən ekstrasens və ya falçı deyiləm, söyləyəm ki, məsələ 2-3 ay və ya 2-3 il, yaxud 4-5 il ərzində həllini tapacaq… Amma bütün hallarda göz önündə olan bir neçə gerçəklik var. Əvvəla, məlumdur ki, Yuxarı Qarabağdakı separatçı meyillərin mənbəyi əsasən Ermənistandır. Odur ki, hazırda Azərbaycanın əsas vəzifəsi Ermənistandan gələn həm siyasi-ideoloji dəstəyin və potensial köməyin qarşısını almaqdır.  Və Yuxarı Qarabağdakı separatçı rejim tam şəkildə izolyasiya şəraitinə düşməlidir. Bunun üçün isə ilk növbədə köçkün soydaşlarımızın işğaldan azad torpaqlara; Kəlbəcərə, Laçına, Qubadlıya, Ağdama və s. qayıdışını və daimi məskunlaşmasını təmin etməliyik. Bu prosesi tezləşdirməli və sürətləndirməliyik. Yəni Qarabağın ermənilər yaşayan hissəsinin, yəni Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. ətrafında Azərbaycanın real varlığı ciddi şəkildə hiss olunmalıdır. Bu mənada məskunlaşdırma məsələsi ən aktual məsələdir. Yəni biz gələcəkdə hansısa siyasi, yaxud hərbi hücumlara hazır olmaq üçün həmin ərazidə mövqelərimizi hazırlamalıyıq…

-Tofiq müəllim, siz 1990-1991-ci illərdə  Yuxarı Qarabağda, Xankəndində işləmisiz. Sizcə, o dövr Azərbaycanının oradakı proseslərə təsir imkanlarıyla indiki arasındakı fərqli və oxşar cəhətlər hansılardır? Məsələn, bilirik ki, o illərdə Xankəndindəki Təşkilat Komitəsində xeyli azərbaycanlı məmur və milislər də işləyirdi. Eləcə də onların çalışdıqları binanın üzərində o dövrdə Azərbaycana məxsus bayraq dalğalanırdı…

-Bəli, o zaman mən Elmlər Akademiyasında çalışırdım. Bizi Qarabağa ezam etdilər. Vəzifəmiz analitik işlər aparmaq, təbliğatı təşkil etmək və s. idi.  Və açığını deyim ki, o vaxt xeyli işlər görüldü. Amma, sonra Sovet İttifaqı dağıldı, vəziyyət dəyişdi və təəssüflər olsun ki, Azərbaycan separatçı və işğalçı ermənilərlə birbaşa mübarizəyə hazır olmadı…

O da düzdür ki, 1990-1991-ci illərdə Xankəndindəki Təşkilat Komitəsində ruslarla yanaşı, xeyli  azərbaycanlı da çalışırdı. Və doğrudan yerləşdiyimiz keçmiş vilayət partiya komitəsinin binası üzərində Azərbaycan SSR-in bayrağı da dalğalanırdı…Oxşar cəhətlər də var, fərqli cəhətlər də… Amma əsas fərq ondan ibarətdir ki,  hazırda Xankəndi və ümumiyyətlə, Yuxarı Qarabağ ətrafındakı hərbi gücümüzün varlığı çox ciddi amildir. İkincisi, bütün aparıcı dövlətlər və beynəlxalq qurumlar  keçmiş Dağlıq Qarabağ ərazisini birmənalı olaraq Azərbaycanın  tərkib hissəsi kimi tanıyır. Bu da çox prinsipial cəhətdir…

İndi əsas məsələlərdən biri Qarabağda Azərbaycan vətəndaşı kimi qalacaq ermənilərin yaşaması üçün şəraitin Azərbaycan tərəfindən yaradılmasıdır. Amma təəssüf ki, bu sahədə bizim təsir mexanizmləri tam olaraq işə salınmayıb. Çünki Azərbaycan dövlətinin birbaşa Xankəndi, Xocalı, Əsgəran və s. məntəqələrdəki proseslərə birbaşa müdaxilə etməsi ermənilərin radikal separatçı kəsimi üçün növbəti münaqişənin başlanmasına bəhanə ola bilər. Odur ki, biz istəyirik ki, bütün məsələlər siyasi-diplomatik yollarla həllini tapsın. Hesab edirəm ki,  öncə dediyim kimi, Yuxarı Qarabağdakı ermənilər üzərində Azərbaycan dövlətinin real təsirini əldə etmək üçün köçkün soydaşlarımızın işğaldan azad ərazilərə qayıdışı və məskunlaşdırılması prosesi tezləşdirilməli və sürətləndirilməlidir…

Bir məsələni də vurğulayım ki,  Azərbaycanın qalib olduğu  müharibədən sonra Qarabağdakı ermənilərin məhsul əldə etmək üçün istifadə etdiyi məhsuldar torpaqların sahəsi yarıbayarı, bəlkə də daha çox azalıb. Yəni kənd təsərrüfatı üçün onların imkanları çox məhdudlaşıb. İkincisi və ən əsası, Qarabağda ermənilərin sayı getdikcə azalır. Bunun da səbəbi odur ki, onlar üçün iş yeri, yaşayış üçün qazanc mənbələri yoxdur. Birinci Qarabağ müharibəsindən öncə Azərbaycanla iqtisadi cəhətdən də sıx bağlı olan bu region ermənilərin özlərinin başlatdığı separatçı hərəkat sayəsində ölkəmizdən ayrıldıqdan sonra tamamilə iflasa uğradı. Və 30 ilə yaxın işğal müddətində də Qarabağı iqtisadi baxımdan Ermənistana bağlaya bilmədilər. Ona görə dolana bilməyən sadə ermənilər xarici ölkələrə köçməyə, miqrasiya etməyə başladılar. Hətta 10 Noyabr razılaşmasından sonra Rusiyanın onların xeyli hissəsinin Ermənistandan geri qayıdışını təşkil etməsinə rəğmən həmin miqrasiya prosesi indi də davam edir. Çünki yaşamaq üçün real iqtisadi əsaslar yoxdur, orada iqtisadi gələcək görünmür. Təbii ki, belə halda Qarabağda adamların qalıb yaşaması qeyri-mümkündür…

- Yəni,  Xankəndi, Xocalı, Əsgəran və s. məntəqələrimiz üzərində yurisdiksiyamızın bərpası  məsələsində siyasi-diplomatik vasitələrlə yanaşı, iqtisadi-sosial mexanizmlər də əsas rol oynamalıdır?

-Bəli, elədir. Amma onu da əlavə edim ki, Ermənistandakı kimi, Qarabağdakı ermənilərə də, oradakı separatçı rejimə  Rusiyanın da dəstəyi getdikcə azalacaq. Nəyə görə? Söhbətimizin əvvəlində  qeyd etdik ki, Rusiyanın Türkiyə ilə iqtisadi və siyasi formatda əməkdaşlıq etdiyi coğrafi nöqtələrin sayı artır. Və həmin sırada Ermənistan yoxdur demək olar ki. Yəni bu ölkə Rusiya üçün hərbi-siyasi baxımdan da öz əhəmiyyətini tamamilə itirib…

-Bütün bunlara rəğmən  Qarabağdakı separatçı-terrorçu rejim hələ də “beynəlxalq tanınma”dan-filandan dəm vurur. Və sanki dünyadakı müəyyən qüvvələr də öz çirkin məqsədləri üçün onlara dəstək verməyə girişirlər… Məsələn, bu günlərdə fəxrlə xərbərlər tirajlayırlar ki, bəs ABŞ-ın artıq 10-cu ştatı – Nyu-Cersi ştatı da qondarma “Artsax”ın “müstəqilliyi”ni  “tanıdı”…

-Biz anlamalıyıq ki,  həll etməkdə olduğumuz münaqişə bir sıra beynəlxalq oyunçular tərəfindən bizə və Ermənistana bir təsir və təzyiq vasitəsi kimi əvvəl də istifadə olunmağa çalışılıb, indi də bu cəhdlər davam edir… Odur ki, həmin prosesi davam etdirmək üçün hansısa  görüntü yaradılmalıdır.  Ona görə də Rusiya hərbi kontingenti Qarabağda hansısa təmir  və yardım işləri aparır, onların uşaqlarına tarix, mədəniyyət dərsləri keçir və s.  Amma biz aydın görürük ki, bütün bunlar ötəridir, çünki iqtisadi əsasları yoxdur. Qarabağdakı adi bir ermənini götürək, o düşünür ki,  mənim övladım burada sabah hansı gələcəyi əldə edəcək. necə təhsil alacaq, necə dolanacaq. Odur ki, deyir, sizin müharibəniz də, torpağınız da mənə lazım deyil, yaxşısı budur, çıxıb gedib haradasa özümə və övladlarıma normal həyat qurum…

Rusiya birbaşa Qarabağda ola-ola ciddi bir iş görə bilmədiyi halda Qərbdəki ABŞ-dakı müəyyən qüvvələr də guya siyasi gedişlərlə Qarabağdakı erməniləri təsir altında saxlamağa cəhd edirlər. Odur ki, hansısa ştatların qondarma “Artsaxı”  “tanıtma” mexanizmini işə salıblar. İndi guya ki, Nyu-Cersi ştatı Qarabağın “müstəqilliyi”ni tanıyıb. Əvvəla, bunun heç bir  siyasi və hüquqi əsası yoxdur. Bu, ona bənzəyir ki, Azərbaycanın, məsələn, Lerik rayonu  Nyu-Cersi ştatını ABŞ-ın yox, Kubanın tərkib hisssi kimi tanıyır…

 

Oxunma sayı 1644