Şabranda Vətən müharibəsi şəhidi Elvin İsgəndərovun xatirəsi əbədiləşdirilib.
Şəhid gizirin şərəfinə inşa olunan abidə-bulaq kompleksi Elvin İsgəndərovun doğum günündə istifadəyə verilib.
Açılış mərasimində Şabran Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
Tədbirdə çıxış edən şəhid valideynləri və şəhidin döyüş yoldaşları Elvinin keçdiyi döyüş yolundan, onda olan yüksək vətənpərvərlik hissindən danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Tədbirdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndiriblər.
Qeyd edək ki, İsgəndərov Elvin Akif oğlu 1989-cu il avqustun 14-də Şabran rayonunda anadan olub. Elvin hərbi xidmətini başa vurduqdan sonra Təlim Tədris Mərkəzinə çavuşluq kursuna daxil olub. 2009-cu ildə N saylı hərbi hissəyə motoatıcı manqa komandiri vəzifəsinə təyin olunub. 2010-cu ildə Xüsusi Təyinatli Qüvvələrdə xüsusi kurs keçib və kəşfiyyatçı vəzifəsinə təyin olunub. Qorxmaz kəşfiyyatçı Azərbaycan Respublikasinin Silahli Qüvvələrinin 95 illiyi, 10 illik qüsursuz xidmətə görə medalları ilə təltif olunub.
Elvin 2016-cı il Aprel döyüşlərinin də fəal iştirakçılarından biri olub. Vətən müharibəsində isə Elvin Füzuli, Murov silsiləsi, Suqovuşan və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib və bu torpaqların işğaldan azad olunmasında böyük şücaət göstərib. O, oktyabrın 5-də Cəbrayıl rayonunun işgaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Elvin İsgəndərov ailəli idi. Üç övladı Vətənə yadigar qalıb.