“Cənubi Afrika Respublikasına işgüzar səfər uğurlu oldu. Sammitdə ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. O, oktyabrın 1-də Sammitin açılış mərasimində çıxışı zamanı beynəlxalq münasibətlər sistemində Azərbaycanın müdafiə etdiyi prinsiplər, ölkəmizin qlobal çoxtərəfli əməkdaşlığa verdiyi töhfələrə diqqət çəkdiyini vurğulayıb.
Qeyd edək ki, S.Qafarova Sammitdə “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələrdə çıxış edib. O, Fəlakətlərə və iqlim təsirlərinə qarşı zəruri cavab tədbirlərinin görülməsində parlamentlərin rolu haqqında fikirlərini böluşüb.
“Ötən ilin noyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini xatırlatdım. Tədbirin mühüm nəticələri barədə məlumat verdim. Həmçinin nəzərə çatdırdım ki, Parlamentlərarası İttifaqla birlikdə Milli Məclis COP29 çərçivəsində keçirilən Parlament iclasına da ev sahibliyi edibdir”- sədr deyib.
S.Qafarova qeyd edib ki, Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər də olub. Belə ki, sədr Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İspaniya, Avstraliya, Sinqapur, Cənubi Afrika Respublikası, Zimbabve parlamentlərinin sədrləri, Braziliya parlament nümayəndə heyətinin rəhbəri ilə söhbətlərində Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verdyini deyib.