Nəşr etdirdiyi "Spare" (Ehtiyyat) kitabında bir çox sensasion açıqlamalar verən şahzadə Harri dünyanı təəccübləndirməyə davam edir.
Hafta.az-ın "Variety"ə istinadən yazdığına görə, 38 yaşlı Sussex hersoqu travmatoloq Gabor Maté ilə onlayn şəkildə söhbətləşib. O, psixikaya təsir edən dərmanların ona keçmiş travmalarını atmağa kömək etdiyini bildirib: "Həyat filtrləri silindi. Bu filtr təbəqələrinin çıxarılması ilə həyatıma rahatlıq, təravət, yüngüllük gəldi. Əvvəlcə əylənmək üçün başladım, amma sonra bunun mənim üçün nə qədər yaxşı olduğunu başa düşdüm. Deyə bilərəm ki, bu, həyatımdakı dəyişikliyin əsas hissələrindən biridir, mənə keçmişin travmaları və ağrılarının öhdəsindən gəlməyə kömək etdi".
Ən böyük elmi və mədəni təsiri olan "klassik" psixikalar LSD, meskalin, psilosibin və DMT kimi tanınır.
Şahzadə Harri "Spare"də gəncliyində kokain və marixuana istifadə etdiyini boynuna alıb.
Kitabdakı maraqlı xatirələrdən biri bütün dünyaya "Friends"lə tanınan Kurteni Koksun evində cərəyan edir. Məşhur aktrisanın "sehrli göbələk" kimi tanınan dərmanı evində istifadə etdiyini bildirən Şahzadə Harri zibil qutusunun insan başına çevrildiyi hallüsinasiya gördüyünü açıqlayıb. Daha sonra mövzu ilə bağlı danışan Kurteni Koks narkotikləri Şahzadə özünün vermədiyini vurğulamışdı.
Şahzadə Harri əvvəlki başqa bir müsahibəsində anası şahzadə Diananın ölümünü qəbul edə bilməyəcəyini açıqlamışdı. Harri, bir mütəxəssisin yanında psixikaya təsir edən maddələrdən istifadə etdikdən sonra qavrayışının dəyişdiyini söyləyıb.
Avstraliya Alkoqol və Narkotik Vəqfi tərəfindən "insan düşüncəsini, zaman qavrayışını və duyğularını dəyişdirə bilən bitki əsaslı psixidelik" olaraq xarakterizə edilən Ayahuasca adlı dərmanı istifadə edən Harri, yaşadıqlarını belə izah edib: "Doğru insanların yanında Ayahuascadan istifadə edərkən birdən ağlıma gəldi və "Vay, bu ağlamaq deyil! Anam mənim xoşbəxt olmağımı istəyir!" dedim. Anamın getdiyini belə qəbul etdim".
Digər tərəfdən, Şahzadə Harri başqa bir xatirə kitabı yazmaq üçün kifayət qədər hekayəsi olduğunu, amma bunları açıqlayarsa, atasının və qardaşının onu heç vaxt bağışlamayacağından qorxur.