Sammitdə qəbul olunan kommunike Azərbaycanın maraqlarına cavab verir - Politoloq

18:29 30.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin  -Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan, Rusiya dövlət başçılarının VI sammiti başa çatıb. Sammit müxtəlif aspektlərdə təhlil olunur və region-Azərbaycan üçün əhəmiyyəti yüksək dəyərləndirilməklə yanaşı, əks təsirləri də iddia olunur. Bu istiqamətdə hafta.az-a müsahibə verən siyasi şərhçi Elçin Mirzəbəyli mühüm məqamlara diqqət çəkib.

- Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin  -Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan, Rusiya dövlət başçılarının VI sammiti keçirildi. Sammitin ümumən region üçün əhəmiyyəti nədir və bu regiona nə vəd edir?

-Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qüvvəyə minməsinin əhəmiyyətinin vurğulanması və region dövlətləri arasında ticarət əlaqələrinin genişləndirlməsi, Xəzər üzərindən beynəlxalq yükdaşınmalarla bağlı ortaq maraqların uzlaşdırılması baxımından əhəmiyyətlidir. Məsələ burasındadır ki, Konvensiyanın qüvvəyə minməsinin vacibliyindən ən çox danışan ölkə - İran bu günədək sənədi parlamentində ratifikasiya etməyib. Və Konvensiyaya əsasən, sənəd yalnız bütün ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minməlidir.

Xatırladım ki, Konvensiya 2018-ci ilin dekabrında Türkmənistanın, 2019-cu ilin fevralında Azərbaycan və Qazaxıstanın, 2019-cu ilin oktyabrında isə Rusiyanın parlamentində ratifikasiya olunub.

-Verilən məlumatlara əsasən Xəzəryanı dövlətlərin sammiti ərəfəsində NATO dövlətlərinin də sammiti keçirilib və orada Rusiya bir təhlükə kimi qəbul olunub. Belə bir vaxtda Azərbaycanın da qatıldığı Xəzəryanı dövlətlərin görüşü orada qəbul olunan sənədlər Rusiyanı hansı təhdiddən xilas edir?

- Rusiyanın adı NATO-nun son sammitinə qədər olan konsepsiyada tərəfdaş ölkə kimi keçirdi. İndi isə bu ölkə Avratlantik Alyans üçün əsas təhdid kimi göstərilir ki, bu da NATO üzvü olan ölkələrlə Rusiyanın münasibətlərində müəyyən problemlərin ortaya çıxmasına zəmin yarada bilər. Xəzər regionu Rusiya üçün alternativ tranzit imkanlarına görə əhəmiyyətlidir. Lakin unutmaq lazım deyil ki, Rusiyanın əsas gəlirləri enerji resurslarından əldə olunur və bu ölkə Avropa İttifaqının ən böyük təbii qaz təminatçısıdır. Mövcud reallıqları nəzərə alsaq, yaxın zamanlarda Rusiyanı Avropanın qaz bazarından sıxışdırıb çıxarmaq mümkün olmayacaq və bu ölkə ən yazı yaxın 10 il ərzində Avropa İttifanın əsas enerji təchizatçısı rolunda çıxış edəcək. Xəzəryanı dövlətlərlə münasibətlərə gəldikdə isə, bu bölgə geostrateji mühüm əhəmiyyətə malik və Avrasiya regionunda həyati əhəmiyyətə malik bir bölgədir. Indiki şəraitdə Xəzər ölkəsində sabitliyin qorunması, təhlükəsizliyin təmin edilməsi və iqtisadi fəallığın artması Rusiya üçün taleyüklü əhəmiyyətə malikdir. Çünki yaxın 10-15 il ərzində Xəzər ölkəsi Rusiya üçün əsas “həyat yolu” funksiyasını yerinə yetirə bilər.

-Sammitdə qəbul olunan kammunike Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur. Rusiya bundan sonra Azərbaycana hansı münasibəti sərgiləyəcək, ölkəmiz Rusiya, İran tərəfindən hansı təhdidlə üz-üzə qala bilər? Yaxud, bu sənəd Azərbaycanı nə dərəcədə Avrointeqrasiya prosesindən kənarda saxlayır?

- Əvvala qeyd edim ki, Azərbaycan qarşısına Avropaya inteqrasiya etmək kimi bir məqsəd qoymayıb. Bizim heç bir məkana inteqrasiya etmək niyyətimiz yoxdur. Söhbət mədəni və mənəvi inteqrasiyadan gedirsə, bu prosesi Türk Dövlətləri Təşkilatında qarşılıqlı şəkildə həyata keçirəcəyik. Yox əgər məsələ Azərbaycanda müasir texnologiyaların tətbiqindən kedirsə, bu texnologiyaları yaradan beyinlərdir və təhsilmizi inkişaf etdirməklə, Türk Dövlətləri, o cümlədən qardaş Türkiyə ilə ortaq layihələr həyata keçirməklə üstün texnologiyalara sahiblənmək mümkündür.

Sammitdə qəbul olunan kommunike isə Azərbaycanın və hövzə dövlətlərinin maraqlarına cavab verir. Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri var və rəsmi Moskvanın bu sənədə nə qədər önəm verdiyini yaxın zaman kəsiyində regionda baş verəcək proseslər kontestində daha aydın görə biləcəyik. İranla bağlı münasibətlərə gəldikdə isə, düşünürəm ki, rəsmi Tehran 3+3 və Xəzər beşliyi formatlarının özü üçün yeganə çıxış yolu olduğunu qəbul etmək məcburiyyətində qalacaq. Bölgədə demoqrafik və kinetik potensial baxımından iki böyük xalq var – türklər və ruslar. İran, bu ölkəyə rəhbərlik edənlər bunun nə qədər uzaq tutmağa çalışsalar da, daha çox türk dövlətidir. Rəsmi Tehran bu reallıqları nəzərə almalı və giley-güzar, ideoloji təhdid kimi yararsız təzyiq vasitələrindən imtina etməlidir. Bölgənin yeni geosiyasi konfiqurasiyasında hər kəs üçün yer var, o cümlədən İran üçün.

-Xəzəryanı dövlətlərin VI sammiti müharibədə olan Rusiyanın gücünü regionda nə dərəcə artırır, eləcə də Rusiyanın gələcəkdə öz hərbi blokunu yaratması üçün  hansı imkanı yaradır?

- Rusiyanın dominant rol oynadığı hərbi blok var, yenisinin yaradıla biləcəyinə inanmıram İndiki şəraitdə heç kim özünü konkret tərəfə çevirmək istəmir. Düşünürəm ki, bu heç Rusiyaya da lazım deyil. Xəzəryanı dövlətlərin sammitinin isə NATO-nun zirvə görüşü ilə müqayisə edilməsini yanlış hesab edirəm. Xəzəryanı dövlətlərin sammiti regional əməkdaşlıq formatıdır və bundan uzağa gedəcəyini də gözləmirəm.

-Xəzər ölkələrinin qəbul etdiyi 7 bəndin 3-ü hərbi əməkdaşlıqla bağlıdır. 5 ölkə ilə bağlanan təhlükəsizlik sənədləri özündə nəyi ehtiva edir və Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığının qurulmasında əl -qolunu nədə bağlayır, yaxud açır?

- İran istisna olunmaqla, digər 4 dövlətin arasında hərbi əməkdaşlıq var. Digər tərəfdən Xəzər hövzəsində təhlükəsizliyin təmin edilməsi və kontekstdə hərbi əməkdaşlıq məsələləri Xəzərin hüquqi statusu haqqında Konvensiyanın tələblərindən irəli gəlir. Yeni heç nə baş verməyib. Azərbaycan istədiyi dövlətlə hərbi əməkdaşlıq edə bilər və edəcək də. Məsələn, əgər İran İsrail qədər yüksək hərbi-texniki nailiyyətlər əldə edəcəksə, əlbətdə o zaman biz bu qonşu dövlətlə də öz maraqlarımız müstəvisində əməkdaşlıq edə bilərik. Lakin düşünmürəm ki, indiki reallıqlar çərçivəsində bizə öz gəmisini vuran silah istehsal edən bir ölkə ilə hərbi əməkdaşlıq lazımdır.

Oxunma sayı 115
Siyasət rubrikasından digər xəbərlər