Bu gün şəhid ailələri üçün ağır problem onların ev təminatı lə bağlıdır. Rayon və bölgələrdə yaşayan ailələrimizin maddi-məişət vəziyyəti ürəkaçan deyil.
Bu fikirləri hafta.az-a “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə deyib:
“YAŞAT” fondu olaraq şəhid ailələrinin evlərinin təmiri ilə bağlı müəyyən vəsait ayırdıq. Həmin pul evin tam bərpası, şəraitin yaxşılaşdırılması üçün kifayət deyil. Gələn ildən şəhid ailələri üçün fərdi ev tikintisi üçün Prezident sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə vəsait ayrılıb. Ümid edirik, bu il həmin ailələr üçün evlər tikilər və onların məişət şəraiti yaxşılaşar.
Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində yaşayan şəhid ailələrinin mənzil təminatı ilə bağlı proses Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Bu istiqamətdə Bakı və Sumqayıtda vəziyyət stabildir. Vətən Müharibəsi qəhrəmanlarının mənzil təminatı ilə bağlı Prezident ayrıca sərəncam verdi. Bu proses yekunlaşmaq üzrə olsa da, hələ ki, bəzi problemlər qalır".