Səhiyyə Nazirliyi Azərbaycanda epidemioloji durumu açıqlayıb

12:36 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə Nazirliyi Azərbaycanda epidemioloji durumu açıqlayıb.

Hafta.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib ki, ölkədə epidemik proses nəzarət altındadır:

“İnfeksiyanın yayılması üçün əlverişli olan payız-qış mövsümündə olsaq da, epidemik prosesi nəzarət altına almağımız hər birimiz üçün sevindiricidir. Bunun əksinə olaraq, yaxın və uzaq qonşuluğumuzdakı bir çox ölkələrdə vəziyyətin heç də ürəkaçan olmadığını görürük. Bu, bizlərə bir daha arxayınlaşmamağı, əldə edilənləri qoruyub çoxaltmağı diktə edir”.

T. Eyvazov bildirib ki, Azərbaycan infeksiya ilə mübarizədə bu gün ən effektiv vasitə sayılan vaksinasiya prosesinə erkən başlayıb:

“Hazırda yetkin əhalinin 60%-dən çoxunun iki doza peyvənd alaraq qorunmasının nəticələri göz qabağındadır. Artıq ilk dövrlərdə tətbiq olunan qapanmalar, əksər məhdudiyyətlər aradan qaldırılıb, insanlarımız pandemiyadan öncəki həyat tərzinə qayıdıb. Məhz vaksinasiya nəticəsində yüzlərlə yaşlı, müxtəlif risk faktorları, xroniki xəstəlikləri olan insanların həyatı xilas edilib. Lakin qoruyuculuq daimi deyil, vaxt keçdikcə zəifləyir. Ona görə də birinci növbədə risk qruplarına daxil olan, o cümlədən 50 yaş üzəri olan insanlar və eyni zamanda, ümumiyyətlə, 18 yaşdan yuxarı bütün şəxslər vaksinasiya və ya xəstəliyi keçirmək sayəsində əldə etdikləri immuniteti gücləndirməlidir. Bunun yolu 3-cü, yəni buster dozanın vurulmasından keçir. Vaksinlərin bəzi ölkələrdə, hətta ilk dozalarının əlçatan olmadığı bir dövrdə, Azərbaycanda buster dozanın olunması üçün bütün ehtiyaclar güvənli şəkildə təmin edilib”.

Oxunma sayı 23